“Soltan Məhəmməd” mükafatına iddiaçı rəssamların əsərlərindən ibarət sərgi açılıb

 

Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına Sərgi Salonunda “Soltan Məhəmməd” mükafatına iddiaçı rəssamların əsərlərindən ibarət sərgi açılıb.

Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə baş tutan sərgidə 18 fırça ustasının əsərləri nümayiş olunur. Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov çıxış edərək sərginin əhəmiyyətindən danışıb. Sənət əsərlərinin məna və məzmununa görə mükəmməlliyindən bəhs edən F.Xəlilov diqqətə çatdırıb ki, sərginin ekspozisiyasında yer alan əsərlər rəngkarlıq, qrafika, tətbiqi dekorativ sənət, batika, xalçaçılıq, heykəltəraşlıq və digər janrlardadır. Bildirilib ki, sərgiyə təqdim edilən 54 sənət əsərində incəsənətin bütün janrlarını görmək yüksək təəssürat yaradır. Habelə ekspozisiyada yer alan əsərlərin təbiət, mənzərə, güllər, ilin fəsilləri, vətənpərvərlik, duyğusallıq və fəlsəfi mövzularda olması sərgiyə əlavə ovqat qatır.

Müsabiqəyə qatılmış hər bir iştirakçıya minnətdarlığını bildirən F.Xəlilov “Soltan Məhəmməd” mükafatını tanınmış heykəltəraş, xalq rəssamı Xanlar Əhmədova təqdim edib. Sonra qonaqlar sərgi ilə tanış olublar. Sərgi üç gün davam edəcək.

Xudaferin.eu

 

10:44