Sənayedə istehsal 7% azalıb

 

2017-ci ilin yanvar-mart aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 6,8% azalaraq 10 mlrd. manat təşkil edib.
 

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, sənayenin qeyri-neft sektorunda istehsal əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2% artıb, neft sektorunda isə 8,3% azalıb. Sənaye məhsulunun 71,8%-i mədənçıxarma, 22,6%-i emal, 4,9%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 80,8% olub. Ümumi istehsalın 89,6%-i sənaye məhsulunun istehsalı, 10,4%-i isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.

2017-ci ilin yanvar-mart aylarında 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə aralıq məhsulların istehsalı sahəsində istehsalın ümumi dəyəri 27,2%, uzunmüddətli istifadədə olan istehlak mallarının istehsalı 45,4%, qısamüddətli istifadədə olan malların istehsalı 2,3% artıb, istehsal vasitələrinin istehsalı 48,6%, enerji məhsullarının istehsalı 9,2% azalıb.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında aprelin 1-i vəziyyətinə 550,8 mln. manatlıq hazır məhsul olub.

Ehtiyatların 68,6%-i Bakı, 6%-i Sumqayıt, 3%-i Gəncə, 3,2%-i Şirvan, 0,1%-i Mingəçevir şəhərlərinin, qalan hissəsi isə digər şəhər və rayonların sənaye müəssisələrinin anbarlarında qalıb. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 24,3 mln. manat məbləğində digər məhsullar da mövcud olub.

Muxalifet.az

06:31