Səmərqənddə yaşamış soydaşımız haqqında kitab çap edilib

 

Səmərqənd Dövlət Universitetinin nəşriyyatında bu qədim şəhərdə yaşamış soydaşımız, görkəmli pedaqoq, ədəbiyyatşünas, ictimai xadim və tərcüməçi Seyid Rza Əlizadə haqqında özbək dilində “Vətənpərvər, tərcüməçi və jurnalist Seyid Rza Əlizadə” adlı kitab çap edilib.

Ədibin nəvəsi Fərhad Əlizadə tərəfindən yazılan kitabda Seyid Rza Əlizadənin həyat və yaradıcılığı haqqında ətraflı söhbət açılır. Kitabda qeyd edilir ki, Seyid Rza Əlizadə Türküstanda yeni tipli məktəb açan ilk maarifçilərdəndir. Onun təşkilatçılığı ilə 1907-ci ildə Səmərqənddə “Həyat”, bir il sonra isə “Yeni həyat” adlı məktəblər fəaliyyətə başlayıb. Seyid Rza Əlizadə özbəklərin, taciklərin və Orta Asiyada yaşayan farsların ilk “Əlifba” kitabını, tacik dilinin ilk qrammatikasını yazıb, ilk ikicildlik rusca-tacikcə lüğəti tərtib edib. Həmçinin ibtidai sinif şagirdləri üçün “Coğrafiya”, “Tarix”, “Riyaziyyat”, “Həndəsə”, “Astronomiya” və “Ərəb dilinin qrammatikası” kitablarını hazırlayıb.

S.R.Əlizadə 1937-ci ildə digər günahsız ziyalılarımız kimi sürgün olunub, 1945-ci ildə Vladimir həbsxanasında vəfat edib. 1958-ci il yanvarın 16-da ona bəraət verilib. Fərhad Əlizadə 1987-ci ildə çox çətinliklə babasının nəşini Vladimir şəhərinin məhbuslar üçün nəzərdə tutulmuş qəbiristanlığından Səmərqəndə gətirib və “Pəncab” qəbiristanlığında dəfn olunub. Nəşrdə ədibin həyat və fəaliyyəti ilə bağlı çoxlu fotoşəkillər də yer alıb.

Xudaferin.eu
Özbəkistan, “Daşkənd Bürosu”

21:23