Səmərqənddə Azərbaycanla bağlı kitablar təqdim edilib

 

Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzi (AMM), diaspor təşkilatı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi, Səmərqənd Vilayət Hakimiyyəti və Səmərqənd Dövlət Universitetinin təşəbbüsü, Özbəkistandakı səfirliyimizin dəstəyi ilə bu qədim şəhərdə keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində Aleksandr Puşkin adına İnformasiya-Kitabxana Mərkəzinə Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti ilə bağlı kitablar təqdim olunub.

AMM-in əməkdaşı Kifayət Pirməmmədova tədbirdə Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, təqdim olunan kitablar haqqında məlumat verib. Mərkəzin direktoru Şahədət  Əhmədova belə kitab kolleksiyası təqdim etdiyinə görə AMM-ə minnətdarlığını bildirib, bu kitabların gənclərin istifadəsinə veriləcəyini deyib. O qeyd edib ki, əməkdaşlıq bundan sonra da davam etdiriləcək.

Kitab kolleksiyasına Özbəkistanın xalq şairi Camal Kamalın çevirməsində Nizami Gəncəvinin "Sirlər xəzinəsi" poeması, Alimcan Buriyevin çevirməsində Nizami Gəncəvinin "Xəmsə"si, "XX əsr Azərbaycan poeziyası antologiyası", "Azərbaycanın mədəni irsi", "Azərbaycan yazıçılarının hekayələri", Məhəmməd Füzulinin "Qəlb gövhəri", "Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri", "Müasir Azərbaycan şairlərinin şeirləri", özbək tarixçisi Şöhrət Barlasın "Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağa qədər" və "Qarabağ: ideyalar müharibəsi" kitabları və digər nəşrlər daxildir.

Xudaferin.eu
Özbəkistan, “Daşkənd Bürosu”

 

17:07