Sloveniyada parlament seçkiləri keçirilir

Bu gün Sloveniyada növbəti parlament seçkiləri keçirilir. Seçkilərdə sağçı düşərgənin qalib gəlmə şansları yüksək qiymətləndirilir.

Xudaferin.eu xəbər verir ki, 18 partiyanın mübarizə apardığı seçkilərdən öncə keçmiş Baş nazir Yaneş Yanşanın rəhbərlik etdiyi Sloveniya Demokratik Partiyası (SDS) sorğularda öndə gedib. Buna səbəb isə Y.Yanşanın qaçqın və miqrant problemi ilə bağlı sərt mövqe tutması, bununla da narazı elektoratı öz tərəfinə çəkməyi bacarmasıdır. “Hər şeydən öncə Sloveniya” şüarı altında seçki kampaniyası aparan sağçı-mühafizəkar siyasətçi Macarıstan nümunəsi əsasında qaçqın problemini həll etmək niyyətindədir.

Hazırkı hökumətə rəhbərlik edən Baş nazir Miro Tserarın sədri olduğu mərkəz-solçu Müasir Mərkəz Partiyasının (SMC) 2014-cü il parlament seçkilərindəki uğurunu təkrarlama ehtimalı aşağıdır.

Yerli vaxtla saat 19.00-dək açıq olan seçki məntəqələrində ölkənin səsvermə hüququna malik 1,7 milyon seçicisinin təxminən yarısının iştirakı gözlənilir.

Xudaferin.eu

12:26