Səlim Müslümovun əsassız məntiqi

 “Tarif Şurasının elektrik enerjisi və təbii qazla bağlı yeni tarif tənzimlənməsi barədə qərarı  əlillərə və pensiyaçılara ciddi təsir etməyəcək”. Bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir bildirib ki, tariflərin artırılması differensiallaşdırılmış şəkildə həyata keçirildi: “Əlilliyi olan şəxslərin istehlak etdiyi elektrik enerjisinin, təbii qazın həcmi barədə məlumatlar var. Nazirlər Kabinetinin müvafiq qərarı ilə istehlak səbətinin tərkibi təsdiqlənir və üç qrupa bölünür – ərzaq, qeyri-ərzaq məhsulları və xidmətlər. Xidmətlərin tərkibində də məhz bu enerji daşıyıcılarının istehlak olunma həcmi və qiymətləri var. Gördüyünüz kimi, bu dəfə tariflər artırılan zaman həmin məsələyə toxunulmadı. İstehlak səbətinə daxil olan həcmdə həm elektrik enerjisinin, həm qazın, həm istiliyin qiymətləri olduğu kimi saxlanıldı. Yəni bu kateqoriyadan olan şəxslər də aztəminatlı təbəqəyə aid olunduğu üçün xidmətlərin dəyərinin artırılması onlara hər hansı bir ciddi təsir göstərməyəcək. Digər tərəfdən, pensiyaların gələn ilin əvvəlindən indeksləşdirilməsi barədə ölkə başçısının fərmanına uyğun şəkildə tədbir görüləcək və indeksləşdirmə bu artımların əsas hissəsini kompensasiya edəcək. Bununla yanaşı, gələn il “Pensiya haqqında” qanuna ediləcək dəyişiklik insanlara öz fərdi hesabına daha çox vəsaitin köçürülməsinə imkan yaradacaq və əmək pensiyalarının formalaşdırılması isə bilavasitə onların özündən asılı olacaq. Bir daha qeyd edirəm ki, biz birinci qrup əlillər üçün bütün güzəştləri saxlayacağıq, hətta onların genişləndirilməsi istiqamətində işləyəcəyik”. Nazirin qənaətincə, sosial müavinətlərin artımı kommunal xərclərin artmasını kompensasiya edəcək. Amma bu kökündən yanlış yanaşmadır. Çünki Tarif Şurasının qərarının birbaşa və dolayı təsirləri var. Elektrik enerjisinin və qazın qiymətinin artması istehsalda, xidmət sektorunda bahalaşmaya səbəb olacaq. Belə olan halda isə S.Müslümovun iddia etdiyi kimi sosial yardımın artırılması yaranan əlavə xərcləri heç cür kompensasiya edə bilməz.
İqtisadçı Nemət Əliyevin fikrincə, Tarif Şurası elektrik enerjisinin və qazın qiymətini qaldırarkən yanlış əsaslandırmalar aparıb. Hesab ediblər ki, qaz istifadəçilərinin 62 faizinin illik qaz tələbatı 1500 kubmetrdən aşağıdır. N.Əliyevin sözlərinə görə, bu kökündən yanlış izahatdır: “Azərbaycanda ümumiyyətlə qiymət qaldırmaq mədəniyyəti də yoxdur. Xüsusilə hökumət orqanları tərəfindən reallaşdırılan qiymət artımı reallıqdan uzaqdır. Qiymətlər qaldırılarkən bu istiqamətdə ciddi araşdırmalar aparılmalıydı. Necə ola bilər ki, ay ərzində adi ev təsərrüfatı 125 kubmetr qaz istifadə edə bilər. Bu mümkün deyil. Yanlışı buraxıblar və bundan sonrakı əsaslandırmalarını da bu yanlışın üzərində qurublar. Bu yanaşma uzaq gedə bilməz. Sabah bu yanaşma meydana başqa fəsad çıxaracaq”.
N.Əliyev vurğuladı ki, qazın və elektrik enerjisinin qaldırılması əhalinin 70-80  faizinə birbaşa təsir edəcək: “Əhalinin xərcləri artacaq. Kommunala artan xərclər, digər xərclərin, ərzağa sərf olunan maliyyənin ixtisarına səbəb olacaq. Digər xidmət haqqlarının ödənilməsində çətinliklər yaranacaq. Eyni zamanda onu da vurğulamaq lazımdır ki, enerjidaşıyıcılarının qiyməti yalnız əhali kateqoryasına şamil edilməyəcək. Qeyri-əhaliyə də elektrik enerjisinin, qazın satış qiymətləri artırılıb. Təbii qazın 1000 kubmetri 100 manata satılırdısa, bundan sonra 200 manata satılacaq. Çörək bişirmə sexlərinin 90 faizi təbii qazdan istifadə edir. Yaxud qənadı istehsalında da təbii qazdan çox istifadə olunur. Deməli bu qərar bu sahələrdə məhsulun qiymətinin artmasına təsir göstərəcək. Eləcə də təbii qaz və elektrik enerjisindən istifadə edən bütün sahələrdə bahalaşma olacaq”.

Xəyal
Azadliq.info

12:45