Sivil Toplum Platforması sənəd yaydı

Son günlər Nazirlər Kabinetinin (NK) 4 saylı, 11 yanvar tarixli “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydaları”na dəyişikliklər edilməsi barədə Qərarına istinad edilərək belə bir ictimai rəy yaradılmağa çalışılır ki, QHT-lərin qrant almasının və onu qeydiyyatdan keçirməsinin qarşısındakı sədlər götürülüb və artıq bu istiqamətdə problemlər aradan qaldırılır. Bu yanaşma kökündən yanlışdır və cəmiyyəti çaşdırmağa yönəlik addımdır. Belə ki, bəhs edilən Qərar 2013-cü ilin dekabr ayında və 2014-cü ildə müxtəlif vaxtlarda “Qrant haqqında Qanun”a 4 dəfə müdaxilə edilərək gətirilən 18 müxtəlif məhdudlaşdırıcı normanı dəyişmir. Azərbaycan Konstitusiyasının 147-ci maddəsinə əsasən NK-nin qərarları Qanunlardan və Fərmanlardan aşağı hüquqi qüvvəsi var və qanunların icrasına dair tənzimləmə xarakterlidir. Qərarlar qanunlarda olan məhdudlaşdırıcı normaları dəyişmək və ya başqa formada yüngülləşdirmək gücündə deyil. Xüsusilə, 2013-cü ilin dekabrından başlayan və QHT-lərin normal fəaliyyət göstərməsini, istənilən mənbədən qrant və ya ianə kimi vəsaitlər cəlb etməsini məhdudlaşdıran heç bir norma son qərarla ortadan qalxmır. Yenə də: 

Qrant və ianələrin qeydiyyatını nəzərdə tutan normalar qüvvədə qalır;
Qrant müqavilələrinin və əlavə müqavilələrin surətinin yox, əslinin bir nüsxəsini təqdim etmə şərti olduğu kimi qalır;
Qrant Müqaviləsindən əlavə qrant layihəsinin (bu bəzən yüz səhifədən çox ola bilir) imzalı əslinin bir nüsxəsini təqdim etmək şərti qüvvədə qalır;
Qrant və ianələrin qeydiyyatı zamanı qeydiyyata alınmağa dair bildiriş verilməsi şərti qüvvədə qalır;
Qrant və ianələrə dair banklarda əməliyyat aparmaq üçün tələb olunan bildirişin təqdim edilməsi qüvvədə qalır;
200 manatdan çox ianənin və qrantın yalnız köçürmə yolu ilə qəbul edilməsinə dair tələb qüvvədə qalır;
Qrant içərisində ayrıca sub-qrant nəzərdə tutulubsa, sub-qrantın ayrıca qeydiyyata alınması şərti qüvvədə qalır;
Donorların ölkədə rezident olmaq (Nümayəndəliyini qeydiyyata aldırmaq) şərti qüvvədə qalır;
Donorların ölkədə qeydiyyatdan keçmək üçün hökumətlə Saziş bağlamaq şərti qüvvədə qalır;
Nizamnamələrində başlıca məqsədi xeyriyyəçilik, yaxud qrant predmeti ola bilən layihəvə proqramların həyata keçirilməsi olan donorların yalnız donor kimi qeydiyyatdan keçməsi mümkünlüyü qanunda qalır;
Donorların qrant vermək hüququnu əldə etmək üçün ayrıca qeydiyyatdan keçmək şərti qüvvədə qalır;
Donorun hər bir qrant elanı üçün ayrıca qeydiyyatdan keçmək şərti qüvvədə qalır; Donorların qrant vermələri üçün Maliyyə Nazirliyindən hər bir qrant elanı üçün məqsədəmüvafiqliyə dair rəyin tələbi yerində qalır;
Qrant müqavilələrini qrant alanın qeydiyyata verməsi şərti qanunda qalır;
Sub-qrantlar və qrant müqavilələri (qərarlar) üzrə əlavə müqavilələrin, habelə müqavilələrin (qərarların) müddətinin, məqsədinin, məbləğinin dəyişdirilməsi hallarında təkrar qeydiyyatdan keçirilmə şərti qanunda qalır;
Qeydə alınmayan qrant verilməsi və ya alınması haqqında müqavilələr (qərarlar) üzrəbank əməliyyatları və hər hansı digər əməliyyatların qadağan olmasına və buna görə müəyyən olunan hüquqi məsuliyyət qüvvədə qalır;
QHT-lərin xarici mənbədən aldığı vəsaitlərlə xidmət göstərilməsi zamanı xidmət müqavilələrinin qeydiyyatdan keçirilməsinə dair tələb qanunda qalır;
“Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası” haqqına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyun 2015-ci il taixli, № 216-saylı Qərarı yenə də qüvvədə qalır;
“Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 oktyabr 2015-ci il tarixli, № 339 saylı Qərarı qüvvədə qalır;
“Qeyri-hökumət təşkilatının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatların təqdim edilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan respublikası Nazirlər Kabinetinin 21 oktyabr 2015-ci il taixli, № 336 saylı Qərarı qüvvədə qalır;
“Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydiyyata alınması Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21oktyabr tarixli 337 nömrəli qərarı qüvvədə qalır;
Qrant verilməsi və alınmasına dair donorlar, respiyentlər üçün nəzərdə tutulan ağır (15000) manatadək inzibati cərimə sanksiyaları İnzibati Xətalar Məcəlləsində olduğu kimi qalır.

Qanunlarda bu  qədər məhdudlaşdırıcı normalara toxunmadan bir qaydanın müddəaları ilə imitasiya edib mövcud mühiti düzəltmək olmaz. Bu qaydaların özü belə qanunda olan məhdudlaşdırıcı normalardan da artıq məhdudlaşdırıcı xarakterdə idi və legitim hüquqi məqsəd daşımırdı. İndi qaydalara  edilən dəyişikliklər də ciddi problemlərdən xəbər verir. Məsələn, Qaydaya əlavə edilən 1.10 bənddə göstərilir: “Qrant müqaviləsinin (qərarının) mahiyyəti (predmeti) xidmətlərin göstərilməsi və ya işlərin görülməsi məqsədi daşıyırsa, bu halda həmin müqavilə xidmət müqaviləsi kimi qeydiyyata alına bilər”.
Son “xidmət müqaviləsi kimi qeydiyyata alına bilər” ifadəsi qeydiyyata alan orqana ünvanlanan mesajdır. Yəni qeydiyyat orqanı müəyyən etsə ki, qrant müqaviləsində “iş görmə” və ya “xidmət” var, o zaman  özü onun təyinatını qrant kimi yox, xidmət kimi dəyişəcək. Beləliklə, dərhal bu vəsaitdən sadələşdirilmiş vergi və nəzərdə tutulan işlərin görülməsi üçün ƏDV tutulacaq. Beləliklə, qrantın ciddi bir hissəsi məqsədlərə yox, büdcəyə yönələcək. Üstəlik, bütün bunlar  qeydiyyat orqanının mülahizəsi ilə reallaşa biləcək. Digər bir dəyişiklikdə bildirilir: “Qaydaya 6 nömrəli əlavə – “Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydə alınması barədə bildirişin forması” ləğv edilsin”.
Bu bənd elə təqdim edilir ki, guya artıq bildiriş ləğv edilir, halbuki bildiriş deyil, 6 nömrəli forma ləğv edilir. Amma bildirişi təqdimetmə şərti qanunda qalır. İndi praktikada müraciət edən tərəfə deyiləcək ki, biz bildiriş verməliyik, lakin bildirişin forması Nazirlər Kabinetinin qərarı ilə ləğv olub, yeni forma olmadığı üçün gözləmək məcburiyyətindəsiniz. Bu daha öncə də baş vemişdi. 2014-cü ilin iyul ayında Qrant qeydiyyatı qaydası ləğv edildi və 2015-ci ilin iyun ayınadək yeni qayda olmadı. Ədliyyə Nazirliyi bu müddətdə qaydalar ləğv olunduğundan və yenisi qəbul olunmadığından heç bir qrant müqaviləsini qeydiyyata almadı. Qaydalarda müsbət hal kimi təqdim olunan dəyişikliklərdən biri də guya müddətlərə dair dəyişiklikdir. Halbuki bu dəyişikliklər qrantın icraya başlaması müddətini gecikdirməyə xidmət edir. Qeydiyyat olmadan fəaliyyətə icazə verilmədiyindən, müqavilələr hökmən qeydiyyata alınmalıdır. Uzadılan müddətlər bu baxımdan sonda bildirişin daha gec verilməsinə, beləliklə, icraya gec başlamasına səbəb olacaq. Məsələn, Ədliyyə Nazirliyinə müraciət edildikdən sonra Qaydaların 4.1-ci bəndinə əsasən 15 gün müddətində, əlavə araşdırma lazımdırsa, daha 15 gün uzadılaraq son qərar qəbul edilməlidir. İndiki dəyişikliklə Ədliyyə Nazirliyi Maliyyə Nazirliyinə məqsədəmüvafiqlik üçün sənədləri göndərdiyi gündən etibarən müddət axımı dayanacaq və Maliyyənin cavabı geri gəldikdən sonra bu müddət davam edəcək. Beləliklə, maksimum 30 günlük müddətə Maliyyə Nazirliyində keçən vaxt da əlavə ediləcək və müddət ola bilsin ki, 2 ayadək uzansın.
Bütün bu sadalananlar göstərir ki, bəhs edilən qərara olan düzəlişlər hüquqi və praktik mühiti dəyişmək gücündə deyil. Odur ki, qanunvericilikdəki məhdudiyyətlər aradan qaldırılmadan, QHT-lərin, vətəndaş cəmiyyətinin normal fəaliyyətinə hüquqi və praktik zəmin yaradılmadan problemlər aradan qalxmayacaq. Biz, STP olaraq, hökuməti QHT-lərlə bağlı qanunvericilikdə ciddi islahatlar aparmağa və yaradılmış məhdudiyyətləri aradan qaldırmağa çağırırıq.

Xudaferin.eu

10:45