Şəhidin dəfn mərasimində insan izdihamı

 

Bir neçə gün əvvəl cəbhədən düşmənin təxribat cəhdlərinin qarşısını alarkən qəhramancasına həlak olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, şəhid baş çavuş Zülfü Rəhim oğlu Qasımov ailəsinin müvəqqəti məskunlaşdığı Beyləqan rayonunda torpağa tapşırılıb.

Şəhidi son mənzilə yola salmaq üçün onun silahdaşları, Ağdam və Beyləqan rayon ictimaiyyətinin nümayəndələri və ətraf rayondan mərasimə toplaşan yüzlərlə insan iştirak edib. Şəhidin cənazəsi öncə ailəsinin müvəqqəti məskunlaşdığı ünvana - Beyləqan rayonunun Təzəkənd kəndində gətirilərək vida mərasimi təşkil edilib. Mərasimdə çıxış edən ziyalılar və şəhidin yaxınları Zülfünün keçdiyi qısa həyat yolundan söhbət açaraq onunla fəxr etdiklərini bildiriblər. İnsan izdihamının ilə müşayət olunan cənazə namazından sonra şəhid hərbi orkestrin ifasında matəm marşı sədaları altında son mənzilə yola salınıb.

Döyüş yoldaşının çiyinlərində Beyləqan şəhər qəbiristanlığına aparılan şəhidi yol kənarlarında toplaşan yüzlərlə insan üçrəngli vətən bayrağı ilə qarşılayıb, gül dəstələri ilə yola salıblar. Cənazə Azərbaycan Respublikasının dövlət himni və yaylım atəşi sədaları altında öz qohumlarının məzarı yaxınlığında torpağa tapşırılıb. Daha sonra məzar üstündə çıxış edən Ağdam və Beyləqan rayon icra hakimiyyətinin başçıları Allahdan şəhidə rəhmət, onun ailəsinə səbir diləyiblər. Həmçinin çıxış edən Azərbaycan Silahlı Qüvəllərinin yüksək rütbəli zabitləri insanların qarşısında şəhidin qisasının ən qısa zamanda alınacağını vurğulayıblar. Sonda şəhidin cənazəsi bükülən üçrəngli bayraq onun atasına verilib.

Xatırladaq ki, şəhid Zülfü Rəhim oğlu Qədimovla yanaşı onun digər dörd döyüş yoldaşlarının da cənazəsi bu gün müxtəlif rayonlarda torpağa tapşırılıb. Şəhid mayor Abdullayev Aqşin İsmayıl oğlu Şəki şəhər Kiş kəndində, Nəzərov Şahlar Yaşar oğlu Yardımlı rayonun Peştəsər kəndində, Cəfərov Zakir Nazim oğlu Bakı şəhər Keşlə qəsəbəsində, Haşımlı Tural Əbdül oğlu Naxçıvan MR-nın Ordubad rayonunda son mənzilə uğurlanıb.

Elgün Gəncimsoy

Cebhe.info

Beyləqan

 

11:35