Şəhid Xudayara dil uzadanlar...

Sən o şəhid anasının əlindən öpməliykən, onun yaralı ürəyinə niyə erməni kimi dağ çəkirsən?

44 günlük Qarabağ müharibəsində simvol adamdır şəhid Xudayar. Onu dinləyəndə sanki bütün şəhidlərimiz nisgili gözümüzün önünə gəlir, həm də o səbəbdən simvollaşıb Xudayar...

Şəhidimizə lağ etmək nədir? Hardan əmələ gəlir belə tiplər, soxulcan kimi nə yeyirlər-nə içirlər? Anadolu türkləri belə çaşanlara “qafanmı gözəl?” deyə alay edirlər. Başları yerə batsın... Belələri bu vətənin suyunu içib, bu vətənin çörəyini yemirlərmi? Bunu ya qanıqarışıq edər, ya qansız adam. İkincilər daha təhlükəlidir. Onlar üçün başlarına çəkib içdikləri “Coca-Cola” vətən torpağına tökülmüş qandan daha qiymətlidir.

Belələri ilə yəni bir torpaqdamı yaşayırıq? Hələ əli sosial şəbəkəyə çatan budur, sayları əlbəttə ki, bir-iki nəfər deyil. Onların hamısını ifşa etmək mümkün də deyil, amma var! “Əşi, onsuz da erməni qaçırdı də..” deyən korafəhimlərlə rastlaşmamışıq? Hara qaçırdı erməni ay, namərd? Xudayarlar olmasaydı, hələ də torpaqlarımızda keyf edirdilər. O səbəbdən də hər qarış torpağımıza görə şəhidlərə borcluyuq, onları böyüdən ana-ataya minnətdarıq...

Bu həm də bu il, bundan sonrakı il belə olmamalıdır. Həmişə belə olmalıdır! Kimsə illər keçsə də, şəhidimizin ruhunu incidəcək, onun ana-atasının könlünə dəyəcək bir söz belə deməməlidir! Buna haqqı yoxdur! Heç kimin haqqı yoxdur!

Onlar bizim dəyərlərdir, namusumuzdur! Bizim torpaq adlanan namusumuzu düşmən əlindən xilas edənlərdir şəhidlər, şəhid Xudayar... Onlar bu xalqın ən dəyərli vətəndaşları, ən unudulmayacaq qəhrəmanlarıdır!

Hələ də müharibə zonasından şəhid tabutları gəlir evlərə, hələ aldığı düşmən gülləsindən gözünü aça bilməyən qazilərimiz var. Hələ ayaq üstə dayana bilməyən igid oğlanlarımız iki qoltuq ağacına möhtac olduğu, düşmənin hələ də hər tərəfdən üstümüzə hürdüyü bir vaxtda bu cür yaramazlıq necə qanına toxunmasın? Bu boyda itkilərimiz var, dağ kimi oğlanlarımız şəhid olub, anlaramız gözü yaşlı qalıb. Torpağa tökülən şəhid qanları qurumamış bu cür yaramazlar ortaya çıxırsa, demək biz nəyisə düz etmirik, hardasa boşluq var...

Qan məsələsi ayrı, o xarabdırsa, hər yerdə özünü göstərəcək. Yox, qansızlıq edib, alçaqlıq edib şəhidlərimizə dil uzadılırsa, burda günahkar təkcə bu məxluqatlar, onların valdeyinləri deyil.

Bütün böyük müharibələrdən sonra bu cür yaramazlar və yaramazlıqlar ortaya çıxıb. Məsələn, Almaniya və Vyetnam müharibəsinin qəhrəmanları ölkəyə qayıdıb nişanlılarının fərarilərin tovlayıb özlərinə arvad etdiklərini görüblər. Əfqanıstan müharibəsi də belə gerçək tale hekayələri ilə doludur. Amma bunlar hamısı “yad müharibələrdir”. Qəhrəmanları gerçək olsa da, nə SSRİ bizim həqiqi vətənimiz idi, nə Vyetnam amerikalı əsgərlərin. Amma Qarabağ müharibəsi bizimdir, bizim dərdimizdir, orada qanı tökülən, ayağını, gözünü itirən bizim qardaşlardır- sənin, mənim, onun, hamımızın!

30 illik qara işğal tarixini o şəhidlərimizin canı, qazilərimizin qanı hesabına qızıl səhifəyə çevirdik. Bükülən belimiz onların sayəsində dikəldi, qırılmış qürurumuz bir xalq olaraq onların sayəsində yenidən dirçəldi...

Bu, ictimai qınaqla, şillə-təpiklə düzələsi iş deyil. Belələrini bu yolla “tərbiyə” etmək heç gərək də deyil. Xudayarın anası deyib ki, o yaramazın statusu ilə bağlı haralarsa müraciət edib, deyiblər gəl, ərizə yaz, filan... Nə ərizə? Şəhid deyiriksə, bu vətən uğrunda canını verib deyiriksə, Xudayar təkcə anasının, qardaşının, qohumlarının deyil. O bizimdir! Niyə ərizə yazmalıdır, niyə rəsmi şikayət etməlidir? Xəbərdarlıq kifayət etməlidir ki, o kimdirsə çağırıb salasan “içəri”. Deyəsən ki, ay alçaq, sən o şəhid anasının əlindən öpməliykən, onun yaralı ürəyinə niyə erməni kimi dağ çəkirsən? Bir şəcərəsini araşdırasan, bəlkə elə qəsdən edir bunu, bəlkə elə düşmənlərlə əlaqəsi var?

Dövlət baba şəhidinə də, qazisini də sahib durur. Amma dövlət şəhidinə, qazisinə belə dili uzadanlardan qorumağa da borcludur. Biz şəhidlər haqda xüsusi qanun qəbul etməliyik, onları toxunulmaz elan etməliyik. Qanunla, konkret maddə ilə cəzası bilinməlidir. Qoy gedib, “içəri”də desinlər ki, maddələri nədir...

Yoxsa, bu cür hədyanlar hələ olacaq.

Nazim Sabiroğlu

10:53