Şəfəq Fətullayeva: "Qadınlar düşündüklərindən daha güclüdürlər"

 

Avrasiya Əməkdaşlıq Fondunun dəstəklədiyi, Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzinin həyata keçirdiyi “Yeni Nəsil Qadın Koalisiyası” layihəsi gənc ictimai fəal xanımların bilik və bacarıqlarının artırılmasına, onların tanıtımına və vəkilliklərinin  həyata keçirilməsinə xidmət edir.

Gənc fəalları, xüsusilə, xanım fəalları cəmiyyətimizə yaxından tanıtmaq üçün Koalisiyanın daha bir üzvünü oxucularımıza təqdim edirik;

Şəfəq Fətullayeva Bakı Dövlət Universiteti İlahiyyat fakültəsinin üçüncü kursunda təhsil alır.

  • Şəfəq, demək, siz ilahiyyatçı olmağa hazırlaşırsınız.
  • Yox. Belə bir planım yoxdur.
  • Maraqlıdır. Bəs niyə məhz bu fakultəni seçdiniz?
  • Əslində universitetə sənəd verərkən iki ixtisas mənim üçün önəmli idi. Birincisi fəlsəfə, ikincisi isə dinşünaslıq. Dinşünaslıq deyəndə dünya dinlərini nəzərdə tuturam. Dinlərin tarixini öyrənmək, araşdırmaq, müqayisə etmək, həqiqətən, çox maraqlı olardı. Hələ məktəb illərindən miflər və dinlər məni özünə cəlb edib. Daha geniş anlamda dinləri öyrənmək istəyərdim. Ancaq bu istəyimə hələlik nail ola bilməsəm də ondan məmnunam ki, çox savadlı, qibtə olunacaq dərəcədə güclü müəllimlərimiz var.
  • Şəfəq, siz həm də ictimai fəalsınız, bu yol haradan başladı?
  • Universitetə daxil olduğum ildən, yəni 2014-cü ildən aktiv fəaliyyətə başlamışam. Hər il Yeni il, Novruz, Qurban bayramlarında universitetimizdə tələbələrin təşəbbüsü ilə müxtəlif tədbirlər keçirilir. Mən də bu fürsətdən istifadə edib ilk dəfə olaraq Qurban bayramında yardım aksiyası keçirdim. Tələbələr arasında müəyyən vəsait topladıq, həmin vəsaiti vəkəsilən qurbanlığın da bir hissəsini uşaq evlərinin birinə bağışladıq. Bu fəaliyyətimdən hədsiz təsirləndim, hiss etdim belə əməllər qəlbimə qəribə hisslər bəxş edir, ürəyim fərəhlə dolur, özümə hörmətim artır...
  • Sizi ictimai işlərə həvəsləndirən kimlər oldu?
  • Əslində universitetdəki ilk fəaliyyətimdən sonra burada çalışan Aynur Zərrintacla tanış oldum. Aynur da bir yerdə dayanan insan deyil. Onun köməyi ilə növbəti fəaliyyətlərimə başladım. Məsələn, AMEA-nın kitabxanası və Azərbaycan Ərəbşünaslar Şəbəkəsinin birgə təşkil etdiyi “Şərq Fondunun köçürülməsi” layihəsində koordinator kimi çalışdım. Bu, ərəb, fars dillərində təhsil alan tələbələr üçün təcrübə proqramı idi. Misir mədəniyyət mərkəzi onları təmsil etmək üçün mənə iş təklif elədi. Bundan əlavə ölkələrin mədəniyyət günlərində Fələstini, İranı da təmsil etmişəm. Ölkələr haqqında məlumat verirdim. İlahiyyat fakültəsində oxuduğum üçün təbii olaraq mənə qarşı bu ölkələr maraq göstərir. Bu ölkələrin səfirlikləri bizimlə işləməyə maraqlıdır. Həm də işləyərək öyrənirdim.Avropa Oyunlarında könüllü olaraq çalışdım. Düşünürəm ki, hər bir gənc ölkəsi üçün əlindən gələni etməlidir, mən də bacardığımı əsirgəmədim.Avropa Oyunları bitdikdən sonra da iştirak üçün layihə axtarırdım. “İrəli” Gənclər Birliyinə qoşuldum. Bu birliyin “SAY: Green” kampına getdim. İş prosesinə alışdım.Daha sonra Gürcüstanda “One Caucasus”adlı mədəniyyət layihəsi keçirilirdi. Həmin layihəyə müraciət etdikdə könüllü kimi işləmək dəvəti aldım. Gürcüstana gedib burada on gün çalışdıqdan sonra Azərbaycana geri döndüm. Geri döndükdə həmin layihədən mənə iş təklif edərək, Azərbaycan üzrə koordinator olmağımı istədilər. Bu səfər əlbəttə, artıq işçi idim.

Bundan əlavə kiçik layihələrdə də iştirak edirdim. Məsələn “Y-PEERAzerbaijan” və “Şəffaflıq Azərbaycan”ın bilikdə teatr layihəsi var idi. Burada bir problem seçilirdi, seçilən problemi və həlli yolunu cəmiyyətə göstərmək üçün tamaşa qoyulurdu.Və həmin tamaşa auditoriya qarşısında “Forum Teatr” formatında nümayiş etdirilirdi.

Günlərin birində internetdə qarşıma bir layihə çıxdı. Azərbaycan Təhsil Nazirliyi tərəfindən “Azərbaycan üçün öyrət” layihəsi təşkil edilmişdi. Öyrəndiyim teatr əsaslı təlimi bu layihəyə təklif etdim. Bəyənildi və qəbul olundu. Lənkəran, Şəki, Quba və digər rayonlarda məktəbli uşaqlarla işləyərək onlarla tamaşalar hazırladıq. Digər fəaliyyətlərim Multikulturalizmlə bağlı layihədə təşkilatçı kimi olub. Hələlik sonuncu dəfə Gürcüstanda keçirilən layihə çərçivəsində “online radio” platformasının idarə edilməsini öyrənmişəm.

Çox maraqlı təcrübəniz var. OnlaynRadio platformasında nələri öyrəndiniz?

  • Online Radionun idarə olunma, verilişlərin yayımlanmasını. Online radionun da xüsusi admin paneli olur. Çox usta təlimçilərimiz vardı, ən incə detallarına kimi öyrədirdilər. Paneldən əlavə, Online radionu idarə etmək üçün jurnalist bacarıqları tələb olunur. Hal-hazırda da inkşaf üçün öz üzərimdə çalışıram. Daha sonra “One Caucasus” layihəsinin növbəti hissəsində çalışdım. Bu yay vaxtına təsadüf etmişdi. Bir ay davam edən müddətdə Gürcüstanda kəndlərin birində kiçik şəhərcik tikirdik, dünyanın müxtəlif ölkələrindən birlik üçün ora gənclər toplaşmışdılar. Gəncə 2016-cı ilin Gənclər paytaxtı oldu. Burada Gənclər festivalı keçirildi. Mənə buradan da iş üçün təklif göndərdilər. Mən bu festivala xarici ölkələrdən müğənnilər dəvət etməli idim. Polşadan, Ukraynadan, Gürcüstandan, Türkiyədən musiqi qrupları dəvət etmişdim. Ancaq onların gəlişinə bir müddət qalmış məlum oldu ki, bilet almaq üçün vasait yoxdur. Bu heç də xoş bir hal deyildi. Etibarım zədələnmişdi. Beləliklə, həmin layihədən uzaqlaşdım.

Bütün bunlardan başqa Gimnastika arenasında Dünya çempionatları keçirildikdə tərcüməçilik də edirəm. Burada İngilis-Rus dili əsas götürülür. Həm də, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Strateji Araşdırmalar Mərkəzinə təcrübəçi olaraq qəbul olunmuşdum. Təcrübə proqramı üç ay davam elədi. Gəncliyimizdə nə qədər öyrənsək, gələcəyimizi bir o qədər möhkəm qurarıq. Burada da araşdırma aparmağı öyrəndim.

  • Qeyd etdiniz ki, Online Radio idarəetməsini öyrəndiniz, bəs Online Radio sahəsində fəaliyyətiniz varmı?
  • Bəli, Gürcüstandan geri döndükdən sonra Aynur Zərrintacla birlikdə Online Radio açmaq qərarına gəldik. Əslində biz online platformanı aldıq, həmin platforma artıq əvvəllər fəaliyyət göstərmişdi. Bizim “Səsbaz” adlı üzərində təcrübə keçdiyimiz radio vardı. Bir müddət orada fəaliyyət göstərdik. Amma sonra qərara aldıq ki, bu işi daha peşəkarlaşdıraq. Buan görə də hazırda fəaliyyətimiz Yaxın Şərqin mədəniyyətinə, tarixinə, adət-ənənələrinə həsr olunmuş verilişlər yayımlayan “Radio Şərq” üzərindədir.

- İndi də yeni bir proqramda “Yeni Nəsil Qadın Koalisiyası”ndasınız, Azərbaycan cəmiyyətində qadınların əsas problemini nədə görürsünüz?
- Məncə Azərbaycanda qadınları bir tərəfdən ilahiləşdiriblər, digər tərəfdən isə yerə vurublar. İlahiləşdirən tərəf onu günahsız, əlçatmaz, mələk zənn edir. Digərləri isə ümumiyyətlə, bir varlıq kimi görmür. Cəmiyyət ortaq nöqtəni unudub, unudub ki, qadın mələk deyil, heç şeytan da deyil. Onun da həm səhv, həm düz əməlləri olur. Eynilə kişilərdə olduğu kimi...

-Bu yanlış münasibətlərin qaydasına düşməsi üçün nələr dəyişməlidir?

  • İctimailəşməlidirlər, statuslarını dəyişdirməlidirlər. Maariflənməlidirlər. Qadınların maariflənməsi üçün yetəri qədər təşkilatlar var. Onlardan biri də hal-hazırda mənim də iştirak etdiyim Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzidir. Biz bu təşkilatın proqramında “Yeni Nəsil Qadın Koalisiyası”nda bir araya gəlmişik. Yeni təcrübələr və biliklər öyrənirik. Bundan sonra öz proqramımızı təşkil edəcəyik.Biz Radio Şərq olaraq hüquqşünasları çağıra bilərik. Gənc xanımlar öz hüquqlarını bilsinlər. Heç vaxt əzilməsinlər.Yeri gəlmişkən, Radio Şərqdə Şərqin aktiv qadınlarından bəhs edəcək “Hərəmxana” adlı veriliş hazırlayacağıq. Bu verilişdə dinləyicilər Şərqin görkəmli xanımları ilə tanış olmaq şansı əldə edəcəklər. Biz Online Radio olduğumuz üçün dinləyicilərimiz təkcə Azərbaycanla çərçivələnmir. Bizi bütün dünyadan dinləyəcəklər. Ən yaxşı olmaqüçün çalışacağıq. Hal-hazırda da verilişlərimiz davam edir. Altı nəfər xanım aparıcımız var. Şərq ədəbiyyatı, şərq tarixi, Şərq mədəniyyəti, Ərəb dili, Fars dili haqqında müxtəlif verilişlərimiz var. Bundan əlavə Fars, Rus, ingilis dilində verilişlərin açılması planlaşdırılıb. Ərəb dilində verilişlər çoxalacaq. Müxtəlif dillərdə verilişlərin olması dinləyici auditoriyasını çoxaldacağını düşünürük. Radio dekabrın 6-dan fəaliyyətə başlayıb. İki ay ərzində kifayət qədər dinləyici toplaya bilib. Dediyim verilişlərin açılması da zaman tələb edir. Bütün hallardadinləyicilər bizdən gələn yeniliklərə hazır olsunlar.
  • Masallıda, Moskvada və Bakıda yaşamısınız. Bu şəhərlərdəki qadınları bir-birindən nə fərqləndirir?

Atamın işi ilə bağlı Masallıya köçdük. Həmin dövrdə mənim 15 yaşım olardı. Öz mühitimdən ayrılıb yad bir yerə köçmək yaddaşımda heç də xoş izlər buraxmadı. Masallıda 8-ci sinifdən artıq sənə elçi gəlirlər, növbəti illərdə söz-söhbət başlayır ki, niyə evlənməmisən? Və əgər sən bu söhbətlərə qoşulacaq adam deyilsənsə, oralarda yadplanetli kimi görünürsən. Əvvəllər yaşadığım Maykopda gördüyüm azərbaycanlı xanımlar bəzənməyi, baxımlı olmağı sevirlər. Mənim anam da onlardan biridir. Uşaqları və həyat yoldaşları ilə birlikdə bir-birlərinə qonaq getməyi sevərlər. Həyat yoldaşları ilə fəxr edər, bütün çətinlilərə baxmayaraq heç vaxt boşanmağı düşünməzlər.Bakı isə son dövrlər çox qarışıq bir şəhərə çevrilib. Hər cür insan görmək mümkündür. Qadınların böyük bir qismi ali təhsillidir. Ancaq buna baxmayaraq təhsil aldıqdan sonra işləmək əvəzinə ailə həyatı qururlar. İctimai fəaliyətlə məşğul olan qadınlar isə tamamilə başqadır. Onları bir-birinə qarışdırmaq olmaz.

- 21-ci əsr qadınını necə görürsən?

- Azərbaycan mühiti üçün stereotiplərdən qurtulmuş bir qadını 21-ci əsrin qadını hesab edərəm. Öz yolunu seçə bilən, kiminsə yönləndirməsinə ehtiyac duymayan bir qadındır. Bizim cəmiyyətimizdə bu cür qadınlar çoxdur. Onlar öz yolunu tapa bilən insanlardır. Bir çox gənc kimi mən də özümü bu sıraya aid edirəm. Mən artıq indidən öz qərarlarımı verə bilirəm. Ümumiyyətlə, güclü qadınları çox sevirəm. Güclü qadını 21-ci əsrin qadını adlandırıram.Məsələn, mənə İlahiyyat fakultəsində dərs deyən Elnurə Əzizovaya böyük hörmətim var. Mən də onun qədər güclü olmaq istəyirəm və onu  kumir olaraq görürəm. Ondan nümunə götürürəm.


 

-Özünü gələcədə harada, hansı mövqedə görürsən?

- Son iş prosesində başa düşdüm ki, insanlarla ünsiyyət qurmağı sevirəm. Əvvəllər hər hansı şirkətdə bir iş xanımı olmaq istərdim. Ancaq indi düşünürəm ki, iş qadını olmaq çox asandır. İnsanlarla ünsiyyət qurmaq isə daha çətindir. Mən isə çətinliyi sevirəm. QHT-lərdə, çox ünsiyyət tələb edən maarifçi layihələrdə işləyə bilərəm. Qadınlara qarşı zorakılığın, şiddətin qarşısını almaq üçün qadınlara dəstək vermək, onların maariflənməsi işində iştirak etmək istəyirəm.

- Şiddət üçün qalxan əli Şəfəq xanım necə saxlaya bilər?

- Məktəb illərimdə və hatta universitet illərində atam məni dünyadan təcrid etmişdi. Hətta telefonum belə yox idi. Atamdan icazəsiz heç yerə gedə bilməzdim. O həyat məni çox sıxırdı, valideynlərimi aldatmaq, yalan danışmaq da istəmirdim. Bir gün özümü toplayıb atamla danışıqlara başaladım. Bu, bir müddət çəkdi, əvvəl razılaşmadı, etiraz etdi, nəhayət, onu inandıra bildim. Vaxt keçdikcə güclü olduğumu, onu narahat edən səhvlərə yol verməyəcəyimi isbat elədim. İndi mənim günlük proqramım var, müstəqil hərəkət edirəm, gedəcəyim yer üçün heç kimdən icazə almıram, sadəcə hara getdiyim haqda məlumat verirəm ki, bilsinlər. Atam bu davranışımı, bu fəaliyyətlərimi qəbul edir, bu atamın mənə olan güvənidir, mən bu güvəni uzun danışıqlar apararaq, əməllərimlə isbat edərək qazanmışam. Çox problemin açarı sözdən, müzakirədən, bəzən də konflikdə girməməkdən, səbrli olmaqdan keçir.Mənə heç vaxt əl qalxmayıb. Lakin sualınıza cavab olaraq deyirəm ki, şiddət üçün qalxan əli də sözlə endirmək mümkündür.

- Oxucularımıza demək üstədiyiniz xüsusi bir sözünüz varmı?
- Demək istəyirəm ki; Qadınlar düşündüklərindən daha güclüdürlər. Mühitinizi yalnız siz - özünüz dəyişə bilərsiniz. Hər şey bizim əlimizdədir. Güclü olun!

Söhbətləşdi: Lalə Cəbrayıl

20:49