Səfirlik Azərbaycan vətəndaşlarını qısa zamanda Rusiya ərazisində hüquqi vəziyyətlərini tənzimləməyə çağırıb

Səfirlik Azərbaycan vətəndaşlarının qısa zamanda Rusiya Federasiyası ərazisində hüquqi vəziyyətlərini tənzimləməyə çağırıb.

Azərbaycanın Rusiyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, Rusiya Federasiyası Prezidentinin 15 iyun 2021-ci il tarixli Fərmanına əsasən, xarici vətəndaşların bu ölkədə müvəqqəti qalma müddəti 2021-ci ilin 30 sentyabr tarixinədək uzadılıb.

Məlumatda deyilir: “Bununla bağlı, Rusiyanın müvafiq qurumlarından daxil olmuş məlumata əsasən, xarici vətəndaş hüquqi vəziyyətini tənzimləmək üçün ən qısa müddət ərzində faktiki olduğu yerdə Rusiya Daxili İşlər Nazirliyinin ərazi orqanının miqrasiya məsələləri üzrə bölməsinə müraciət etməlidir. Bu zaman o, Rusiya Federasiyasında müvəqqəti qalmaq üçün müddətin uzadılması haqqında əsaslandırılmış ərizə və şəxsiyyətini təsdiq edən sənədi, həmçinin Rusiya Federasiyası ərazisində müvəqqəti qalma müddətinin uzadılması haqqında nişanın qoyulması məqsədi ilə miqrasiya kartını (olduğu təqdirdə) təqdim etməlidir”.

Səfirlikdən əlavə ediblər ki, miqrasiya kartı itirildiyi və ya zədələndiyi təqdirdə, xarici vətəndaş miqrasiya kartının dublikatını almaq üçün faktiki olduğu yerdə Rusiya Daxili İşlər Nazirliyinin ərazi orqanının miqrasiya məsələləri üzrə bölməsinə müraciət edərkən bu haqda məlumat verməlidir. Miqrasiya kartının dublikatı verilərkən, Rusiyaya səfərin daha əvvəl elan edilmiş məqsədinin dəyişdirilməsi nəzərdə tutulmur.

Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, hazırda Rusiya Federasiyası ərazisində hüquqi statusu tənzimlənməmiş 100 minə yaxın Azərbaycan Respublikasının vətəndaşı var.

Yuxarıda qeyd edilənləri diqqətə alaraq, səfirlik hüquqi statusu tənzimlənməmiş Azərbaycan vətəndaşlarından səfirliyin bu məlumatını nəzərə almağı və ən qısa müddət ərzində lazımi tədbirlər görməyi təkidlə xahiş edir.

 

Fəridə Abdullayeva

Xudaferin.eu

10:23