Səfir Hulusi Kılıç: Şuşaya səfər proqramından yayınmaq çox yanlış bir addımdır

Azərbaycanın mədəni paytaxtı olan və ümumilikdə Cənubi Qafqazın incisi kimi tanınan Şuşa şəhərinə 46 dövlətin nümayəndəsi səfər etsə də, onların arasında ATƏT-in Minsk qrupunun həmsədrləri olan dövlətlərin diplomatik təmsilçilərinin olmaması təəssüfləndirici, düşündürücü və qəbuledilməzdir. Bu yanaşma bir tərəfdən diplomatik etiket qaydalarına ziddirsə, digər bir tərəfdən isə ikili standartların qabarıq halı kimi iki qonşu ölkə arasında münasibətlərin tənzimlənməsinə dair bütün səylərə qarşı çıxmaqdır. Demokratik və sivil dünya bu yanaşmanı qəbul edə bilməz.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç bildirib.

Vasitəçilik missiyasının ədalətə və birtərəfliliyə söykəndiyini xatırladan səfir Hulusi Kılıç deyib: “ATƏT-in Minsk qrupu məlum münaqişə dövründəki özünün yarıtmaz, ikiüzlü və tərəfli mövqeyi ilə vasitəçilik missiyasının beynəlxalq imicinə sarsıdıcı zərbə vurub. Bütün bunlar müasir dünyanın gözü qarşısında baş verib. Kimin danışıb, kimin susmasından asılı olmayaraq hazırda bütün dünya ictimaiyyətinə, xüsusilə beynəlxalq təşkilatlara, siyasi dairələrə, araşdırma mərkəzlərinə məlumdur ki, bu qrup keçmiş münaqişəni tənzimləmək üçün heç bir real addım atmayıb. Əksinə işğalçı tərəf bunların vasitəsilə dəstəklənib. Həmsədr ölkə səfirlərinin bu qeyri-məntiqi hərəkətindən belə başa düşülür ki, hələ də ölü vəziyyətdə olan Minsk qrupuna nəfəs verməyə ümidlidirlər. Niyə? Unutmasınlar, uzun illər münaqişə sayəsində keçirilən komfort həyat bir daha qayıtmayacaq. İkincisi, münaqişənin lap əvvəlindən əhalisi azərbaycanlılardan ibarət olmuş Şuşanın Qarabağda yaşayan ermənilərə heç bir aidiyyəti yoxdur. Bunu kim özünə dərd hesab edirsə özü bilər.”

“Şuşa bir mədəniyyət paytaxtıdır. Dünya sivilizasiyasının ayrılmaz tərkib hissəsi olan bu qala həm nadir təbiəti, həm də özünün qədim şəhər görkəmi ilə incidir. Bütün dünyaya bəllidir ki, Prezident İlham Əliyevin məlum Sərəncamı ilə Şuşa Mədəniyyət paytaxtı elan edilib. Nəticə etibarilə Şuşaya təşkil olunan səfərlərin, xüsusilə də diplomatik korpusun bu ziyarətinin tamamilə mədəni özəlliyi var. Bu mənada Şuşaya səfər proqramından yayınmaq çox yanlış bir addımdır. Yəni mədəniyyət paytaxtına getməyən səfirlərin demokratiya və mədəni anlayışının əskik olduğu qənaətindəyəm. Hər şeyi özü adı ilə söyləmək lazımdır. Azərbaycan 1992-ci ildə BMT-yə üzv olarkən konkret sərhədləri çərçivəsində bu təşkilatın həqiqi üzvü olub, yəni beynəlxalq səviyyədə tanınan sərhədləri var. Bu mənada Qarabağ tamamən Azərbaycan torpağıdır. BMT Təhlükəsizlik Şurası məlum 4 qətnaməsi ilə Azərbaycana qarşı işğalçılıq siyasətini təsdiqləyib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəsur Azərbaycan Ordusu, Azərbaycan xalqı öz ərazi bütövlüyünün bərpa edib. Rusiya, Fransa və ABŞ səfirlərinin Şuşaya səfərlə bağlı sərgilədikləri birgə qaranlıq mövqe, bu və ya digər formada BMT qərarlarına zidd davranışdır”,-deyə səfir fikirlərin tamamlayıb.

 

Sabir Şahtaxtı

Xudaferin.eu

10:27