Şəffaflıq Koalisiyasında nə baş verir? Hakimiyyətin həyəcanı və Bakıdan Boqotaya 2 məktub

 

Martın 8-9-da Kolumbiyanın paytaxtı Boqoto şəhərində Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Beynəlxalq İdarə Heyətin növbəti iclası keçiriləcək. İclasda Azərbaycanın qurumda təmsilçiliyi məsələsinə baxılacaq. MHŞT bundan əvvəl Azərbaycan hökuməti qarşısında bəzi islahatlar tələbi irəli sürüb və indi həmin tələblərin icra vəziyyətinə uyğun Azərbaycanın qurumda üzvlüyünü dayandırmaq, yoxsa üzvlükdə saxlamaq qərarı verilməlidir.
 

Bununla əlaqədar Azərbaycanın Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyası (MSŞA) Beynəlxalq İdarə Heyətinə müracitə edərək, Azərbaycan hökumətinin irəli sürülən şərtləri yerinə yetirmədiyini, islahatlara getmədiyini bildirib və qurumdan buna uyğun qərar verməsini istəyib. Azərbaycanın bu beynəlxalq qurumda üzvlüyünün dayandırıla biləcəyi hakimiyyəti ciddi narahat edir. Çünki bu qurumda üzvlük məsələsi hər şeydən əvvəl beynəlxalq maliyyə təşkilatlarından kredit alamaq üçün mühüm şərt kimi görünür. Belə bir vəziyyətdə MSŞA Koalisiyasının 94 üzvü adından Beynəlxalq İdarə Heyətinə ikinci müraciət göndərilib və bu müraciətdə hakimiyyətə möhlət verilməsi, Azərbaycanın üzvlükdə saxlanması istənilir. MSŞA Koalisiyasının üzvü Oqtay Gülalıyev qurumun daxilində yaranmış bu ikitirəliyə, ikinci müraciətin necə meydana çıxmasına özünün feysbuk səhifəsində belə aydınlıq gətirib: “Boqotada MSŞT üzrə Beynəlxalq İdarə Heyətinin növbəti toplantısı keçiriləcək. Həmin toplantıda Azərbaycanın üzvlük məsələsinə baxılacaq. Əldə etdiyim məlumata görə qurumun Dəyərələndirmə Komitəsi İdarə Heyətinə tövsiyyə edib ki, İslahedici Planı yerinə yetirmədiyinə görə Azərbaycanın Təşəbbüsdə fəaliyyəti dayandırılsın. Bu xəbərdən əl-ayağa düşən hakimiyyət bütün cəhbə boyu hücuma keçib. Həm İdarə Heyətinin bütün üzvləri ilə intensiv danışıqlara və görüşlərə başlayıblar, həm də onları təhdid edirlər ki, belə bir qərar olsa Azərbaycan ümumiyyətlə bu Təşəbbüsdən çıxacaq. Hazırda hökümətin geniş nümayəndə heyəti Boqotadadır və bu istiqamətdə iş aparırlar.

Məsələ ilə əlaqədar bizim mövqeyimiz – Koalisiya Şurasının Beynəlxalq İdarə Heyətinə göndərdiyi rəsmi müraciətdə qeyd olunur ki, 25-26 oktyabr 2016-cı ildə Astana toplantısı zamanı ölkəmizə qarşı irəli sürülmüş 3 tələbin heç biri yerinə yetirilmədi. Vətəndaş cəmiyyətinin durumunun yaxşılaşması baş vermədi. Əksinə vəziyyət pisləşməyə doğru davam edir. Təbii ki, bu mövqe hökümətə sərf etmədiyinə görə hakimiyyət mətbəxində hökümətə sərf edən başqa bir müraciət hazırlandı. Bu müraciət imzalanmaq üçün Koalisiya şəbəkəsinə təqdim olundu və 164 Koalisiya üzvündən 29 nəfər sənədi imzaladığını bildirdi. Amma bir gün sonra 94 nəfərin adının yer aldığı, heç bir imza olmayan müraciət yayıldı. Məlum oldu ki, bu müraciət saxtadır və əksər adlar Koalisiyanın saytından götürülüb müraciətə əlavə olunub. Məktuba “hə”- sini almaq üçün bəzi şəxslərin gün ərzində dəfələrlə zəhləsini töküb, bəzilərinə təzyiq edib, bəzilərinə QHT Şurasından layihə vədi verilib. O şəxslərin böyük əksəriyyəti bu müraciəti oxumayıblar. Eyni zamanda müraciətə özünün razılığı olmadan Koalisiya üzvlərinin və dünyasını dəyişən şəxsin də adını yazıblar. Amma etiraf edək ki, məktuba həqiqi imza atmış bəzi “müstəqil” və “müxalif” yönlü şəxslər var. Əsas məsələlərdən biri də budur. Həmin şəxslərdən bir qismi özünü müxalifət hesab edən bir partiyanın bütün rəhbər heyətinə daxildir (Ali məclisin sədri, Aparat rəhbəri və müavinlər). O partiyanın sədri Facebook səhifəsinə pullu sponsorluq edərək xalqın ağır güzəranından dəm vurur, ÜMİDİn yalnız ona qaldığını bildirir (!?). Özünün keçmiş çıxışlarının yayır. Bir qism başqa bir müxalif partiyanın aparıcı simalarıdır. Şəxsən mənim üçün ağır olan hörmətli dostumuz İsa Qəmbərin yanında əyləşmiş şəxsin vətəndaş cəmiyyətinin qətlinə fərman verən sənədə imza atmasıdır. İsa bəyə böyük hörmətim var və inanıram ki, qarşılıqlı olaraq bundan sonra da davam edəcək. Amma bu günə qədər belə insanları o yanında saxlayıb oturtmaqla həmin şəxslərin vətəndaş cəmiyyətinə zərbə vurmaq gücünü və sürəcini artırır. Çünki o insanlar müstəqil və müxalif camiyəni təmsil etmələrini əsas gətirməklə vətəndaş cəmiyyətinə daha çox ziyan vururlar. Bəli, bu müraciət Boqotada nəyisə dəyişmək gücündə deyil. Ordakılar nəyin necə olduğunu çox gözəl bilirlər. Amma bu yanaşma vətəndaş cəmiyyətini təmsil edənlərin hansı miskin durumda olduğunu açıq-aydın göstərir. O sənəddə iddia olunur ki, Azərbaycanda böyük dəyişikliklər, islahatlar başlayıb. Mən sual edirəm; MSŞT İdarə Heyətinin qəbul etdiyi 3 şərtin heç biri yerinə yetirilmədiyi, QHT- lər haqqında Qanunvericiliyə dəyişiklik edilmədiyi, təkcə bir həftədə 50-yə yaxın ictimai fəalin inzibati həbsə məruz qalması, 5 nəfərə cinayət işi açılaraq həbs olunması islahatdırmır? Bəlkə Mehman Huseynovun qanunsuz həbsi islahatdır, inkişafdır? Yoxsa Hollandiyada yaşayan Orduxan Teymurxanın bacılarını polisə gətirib onlara əzab vermək proqressdir? Hələ mən xalqın ağır sosial-iqtisadi vəziyyətini, ölkədə ailə hakimiyyətinin möhkəmlənməsini demirəm. Niyə sizlər ölkəmizlə bağlı beynəlxalq qurumlara yalan məlumatlar verirsiniz? Bu məlumatlarla siz onları yox, özünüzü aldadırsınız. Siz fərqindəsinizmi bu məlumatlarla və “mübarək” imzanızla hakimiyyətin mövqeyinin güclənməsinə, repressiyaların şiddətlənməsinə, məhbus analarınnı gözü yaşlı qalmasına, onların sayının artmasına dəstək verirsiniz. Biz də ölkəmizin nüfuzlu beynəlxalq qurumlarda layiqlli şəkildə təmsil olunmasının tərəfdarıyıq. Amma gerçək sifəti ilə. Həmin qurumların standartlarına uyğun şəkildə, ölkədə insan haqlarına, demokratik dəyərlərə hörmət etməkə təmsil olunmasının tərəfindəyik. Yalançı raport və “zəhmətkeş” məktubları ilə yox…”.

Koalisiya Şrasının Azərbaycan hakimiyyətinə sanksiyaya çağıran müraciətində isə deyilir ki, MSŞA üzvlərinin mövcud problemləri onlardan alınan məlumatlar əsasında ümumiləşdirlərək, sistemli təhlil edilib və qruplaşdırılıb. Aparılan sorğu əsasında əldə edilmiş cavablardan aydın olan problemlər aşağıdakılardır:

Koalisiya üzvü olan 30-dək QHT hələ də dövlət qeydiyyatına alınmayıb;

2014-ci ildən indiyədək olan müddətdə imzalanmış 12 qrant müqaviləsi və ya ona əlavələr qeydiyyata alınmadığından icra olunmur;

Koalisiya üzvü olan 4 nəfər indiyədək xaricə səfər edərkən və geri dönərkən sərhəd məntəqələrində yoxlamalara məruz qalırlar;

Koalisiyanın 2 üzv təşkilatının üzərindən vergi cəriməsi hələ də götürülməyib və 3 üzv təşkilatın bank hesabındakı vəsaiti Vergilər nazirliyi təşkilata məlumat vermədən silib;

Koalisiyan 1 üzv təşkilatı indiyə qədər dəfələlə müraciət etsə də ona Ədliyyə Nazirliyi reyestrdən çıxarış verməyib;

Koalisiyanin 2 üzvü qanunsuz həbs həyatı yaşayır. Onlardan birinə qeyri-adekvat cəza verilib, digərinə isə sadəcə yazdığı Facebook statusuna görə ağır cəza kəsilib. İkisi birlikdə 16 il müddətə azadlıqdan məhrum edilib;

Koalisiyanın 1 üzvünə qarşı açılmış cinayət işinə hələ də xitam verilməyib, digər 1 üzvün cinayət işinə xitam verilsə də ona passport verilmir və ölkədən çıxışına yasaq qoyulub, 3 üzvü isə hələ də ölkəyə gələ bilmir.

Bununla yanaşı, Dövlət Neft Fondunun timsalında hökumət Koalisiyanın daxili işlərinə müdaxilə edir. Koalisiya Şurası 2017- ci il üçün Çoxtərəfli Qrupa yeni üzvlər seçsə də, onlara hələ də fəaliyyət imkanları yaradılmayıb. Bir neçə dəfə rəsmi müraciət olunsa da, MSŞT üzrə fəaliyyət planının tələbinə baxmayaraq MSŞT üzrə Hökümət Komisiyyasının sədri Koalisiya Şurası üzvləri ilə görüşüb müzakirələr aparmayıb.

Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2016-cı il maliyyə yardımı üzrə 1-ci müsabiqə çərçivəsində MSŞA Koalisiyasına institusional və proqram dəstəyinin təmin edilməsi ilə bağlı 15000 AZN (9000 USD) vəsait ayrılmasına dair qərar qəbul edilsə də, sonradan həmin müqaviləyə bir tərəfli qaydada QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən xitam verilib. Artıq 1 ildir ki, MSŞA Koalisiyası maliyyə təminatı olmadan çətinliklə fəaliyyət göstərir. Bundan əlavə QHT-lərə Dövlət Dəstəyi Şurası bu ilki müsabiqə mövzuları siyahısından MSŞT-nı çıxarıb.

MHŞT İdarə Heyətinin 26 oktyabr 2016-cı ildə il Astanada keçirilən 35-ci toplantısında qəbul edilmiş islahedici tədbirlər planının icra vəziyyəti MSŞA QHT Koalisiyasıda təmsil olunan hüquqşünaslar tərəfindən qiymətləndirilmiş və belə nəticəyə gəlinmişdir ki, xarici donorların qrantvermə hüququnun əldə olunması və qrantların qeydiyyatı prosedurlarında texniki sadələşdirilmə edilsə də, qüvvədə olan qanunlarda hər hansı dəyişiklik edilmədiyinə görə İH-nin 3 tələbinin heç biri yerinə yetirilməyib. Belə ki, Nazirlər Kabinetinin 11 yanvar 2017-ci il tarixli Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması” və 24 yanvar 2017-ci il tarixli “Xarici donorlar tərəfindən Azərbaycan Respublikası ərazisində qrant vermək hüququnun əldə edilməsi” Qaydalarında dəyişikliklər edilməsi barədə Qərarlar qəbul olunub. Lakin ölkə Konstitusiyasına görə Prezident fərmanları və Nazirlər Kabinetinin qərarları qanunlardan aşağı hüquqi qüvvəyə malik olduğuna, qanunlarda məhdudlaşdırıcı hallar aradan qaldırılmadığına görə Qərarlardan irəli gələn düzəlişlər QHT-lərin fəaliyyəti üçün mövcud hüquqi və praktik mühiti dəyişmək gücündə deyil. Odur ki, “Qrant haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunlarda məhdudlaşdırıcı müddəalar aradan qaldırılmayacağı halda nə huquqi mühitin və nə də praktiki fəaliyyət durumunun dəyişməsindən danışmaq mümkün deyildir.

Bununla yanaşı, QHT-lərin fəaliyyətinin yoxlanmasını nəzərdə tutan Ədliyyə Nazirliyinin 28 dekabr 2015-ci il, 11 saylı Kollegiya qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatlarının, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin öyrənilməsi Qaydaları” də hələ qüvvədədir. Bu qaydalar inzibati orqana QHT-lərin fəaliyyətinə geniş müdaxilə imkanı verir.

MSŞA Koalisiyası yuxarıda qeyd olunan mövcud problemləri nəzərə alaraq, MSŞT İdarə Heyətini MSŞT Standartlarına uyğun davranmağa çağırır və Azərbaycanla bağlı MSŞT Standarları, tələbləri və qaydaları əsasında qəbul ediləcək qərarın onlar üçün məqbul olacağını bildirir.

Müraciət MSŞA Koalisiya Şurasının 04 mart 2017- ci il tarixli 171-ci iclasında qəbul olunub.

Müraciətə 2 sənəddə əlavə olunub:

1. Mövcud problemlərin geniş təsviri və üzv təşkilatlar üzrə konkret məlumatlar;

2. Vətəndaş Cəmiyyətinə dair islahedici tədbirlər planının icra vəziyyəti haqqında hüquqi arayış.

Birinci əlavədə problemlər təfsilatı ilə sadalanır. Burada Koalisiya üzvü olan QHT-lərin qeydiyyat problemi, qrantların qeydiyyatı ilə bağlı problem, Koalisiya üzvlərinə qarşı cəzalar, sərhəd keçid məntəqələrində yaradılan problemlər və onların həbsi, eləcə də Koalisiyanın özünün üzləşdiyi problemlər detallı şəkildə, adlar və konkret faktlar göstərilməklə qruplaşdırılıb.

Həbslər qrupunda qeyd olunur ki, Koalisiyasının keçmiş Şura üzvü Fuad Qəhrəmanlı bir ildən çoxdur qanunsuz həbs həyatı yaşayır – o, 2015-ci il 8 dekabrda Facebook sosial şəbəkəsində yazdığı status və fikirlərinə görə həbs olunub. Ona qarşı irəli sürülən ittihamlar öz təsdiqini tapmadığı halda Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə o 10 il müddətə azadlıqdan məhrum edilib. Koalisiyanın digər üzvü Asif Yusifli də 2 ildən çoxdur ki, qanunsuz həbs həyatı yaşayır. Ona verilən 6 illik cəza adekvat deyil, əslində qanunvericiliyə edilmiş son dəyişikliyə görə o cəzasını artıqlaması ilə çəkib.

Bundan başqa, Koalisiya Şurasının üzvü Oqtay Gülalıyev haqqında 2012-ci ilin aprel ayında Cinayət Məcəlləsinin 220.2- ci maddəsi ilə açılmış cinayət işinə 5 il sonra 2016-ci ilin oktyabr ayında xitam verilsə də dəfələrlə rəsmi müraciət etməsinə baxmayaraq ona passport verilmir, ölkədən çıxışı qadağandır. Hüquq müdafiə fəaliyyətinə görə dəfələlə polis və prokurorluq orqanlarına çağrılaraq, fəallığına görə rəsmi xəbərdarlıq edilib.

İkinci əlavə isə vətəndaş cəmiyyətinə dair problemlərin qaldığını təsbit edən sırf hüquqi arayşdan ibarətdir.

MSŞA-nın 94 üzvü adından Beynəlxalq İdarə Heyətinə göndərilən müraciətdə isə bunlar qeyd olunub: “Azərbaycanın MHŞT-də iştirakını, bu sahədə indiyə qədər görülən işləri, təşəbbüsləri ölkəmiz, yerli vətəndaş cəmiyyəti üçün vacib hesab edirik. MHŞT ölkəmizdə şəffaflığın və hesabatlılığın tətbiqi, gəlirlərin düzgün idarə edilməsi, ictimai iştirakçılığı dəstəkləməklə yeni islahatlar mərhələsinə qədəm qoyan Azərbaycan üçün çox fayda verir. MHŞT eyni zamanda yerli vətəndaş cəmiyyətinə hökumətlə əməkdaşlıq, müzakirə və qərarların qəbulu prosesində iştirak imkanları təqdim edir. Bu baxımdan Azərbaycanın MHŞT-də fəaliyyətinin davam etməsi yerli vətəndaş cəmiyyəti üçün də çox mühümdür və taleyüklü məsələdir. Yerli vətəndaş cəmiyyəti təmsilçiləri olaraq birmənalı şəkildə Azərbaycanın MHŞT-də fəaliyyətinin davam etdirməsinin tərəfdarıyıq. Hesab edirik ki, Azərbaycanın MHŞT-də iştirakı ilk növbədə Azərbaycan vətəndaş cəmiyyəti üçün çox önəmlidir – həm təbii ehtiyatların işlənməsinə nəzarət baxımından, həm də Vətəndaş Cəmiyyətinin inkişafı və rolunun artması baxımından. Azərbaycanın üzvlüyünün dayandırılması çox tələsik addım olardı. 15 aprel 2015-ci il tarixli iclasınızda Azərbaycan üçün təsdiq etdiyiniz İslahedici Tədbirlər Planı və Astana toplantısında irəli sürülən tədbirlərin icra olunmasından sonra vəziyyətin müsbətə doğru dəyişməsi ilə bağlı hökumət tərəfindən bir sıra əhəmiyyətli addımlar atılıb. Koalisiya üzvlərinin üzləşdikləri praktiki problemlər əsasən həll edilib, qrantların qeydiyyatı prosedurlarında və donorların fəaliyyətini tənzimləyən qaydalarda xeyli sadələşdirmələrə dair hökumət müvafiq qərarlar qəbul edib…

Bir daha bəyan edirik ki, indiki mərhələdə, dəyişikliklərə start verildiyi bir vaxtda ölkəmizin MHŞT-də iştirakı vətəndaş cəmiyyətinin inkişafı və gücləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir”.

MSŞA-nın 94 üzvü adından yayılan müraciət təkcə Koalisiyanın içindən yox, həm də kənardakı ictimaiyyət nümayəndlərindən də sərt təpki alıb. Bir sıra ictimai fəallar bu mövqeni, Azərbaycanda vətəndaş cəmiyyətinin, hüquq və azadlıqların qəddarlıqla boğulduğu indiki şəraitə, o cümlədən siyasi motivli həbslərə haqq qazandırmaq, avtoritar hakimiyyətə öz neqativ davranışında kömək cəhdi kimi qiymətləndirib. Keçmiş vicdan məhbusu, tanınmış jurnalist Xədicə İsmayıl isə 94 nəfərin adından yayılan müraciəti özünün feysbuk səhifəsindən belə bir təqdimatla paylaşıb:

“Burdakı syahıya yaxşı yaxşı baxın. Bu müraciət Azərbaycan hökumətinə islahatlara getmədən kredit almağa kömək edəcək. Bu o deməkdir ki, vətəndaş cəmiyyəti və siyasi məhbuslarla bağlı hökumətin mövqeyində dəyişiklik olmayacaq, yeni həbslər, yeni basqılar üçün hökumətə imkan yaradılır. Bu müraciətə imza atanların adlarını yaxşı yadda saxlayın – növbəti həbslərdə onların hər birinin günahı olduğunu yaddan çıxarmayın”.
 

Azadliq.info

 

09:53