Sevda Əlisoy ilə müsahibə

Avrasiya Əməkdaşlıq Fondunun dəstəyi ilə Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi maraqlı bir layihə həyata keçirir. Bu layihə ictimai fəaliyyətə başlamış gənc xanımlara dəstək vermək, onların bilik və bacarıqlarını artırmaq,  vəkilliklərini etmək üçün gözəl bir fürsətdir. Artıq proqramın yol xəritəsi üzrə müəyyən məsafə qət edilmişdir. Maraqlı görüşlər, təlimlər, müsahibələr keçirilmişdir.

Bu görüşlərin sırasında ictimai sektorun ünlü simalarından Şəhla İsmayıl, bisnes mühitindən tanınmış xanım Jalə Əmirbəyova ilə olan görüşlər vardır. Eləcə də professor Fuad Məmmədov, tarixi şəxsiyyət olan Tahirə Zərrintacın araşdırmaçıları, o cümlədən Azər Cəfərov `Yeni Nəsil Qadın Koalisiyası`nın görüşünə gəlmişlər.

Belə görüşlərin birində `Yeni Nəsil Qadın Koalisiyası`nın üzvlərinə `İşgüzar xanım üçün 101 qayda` kitabı təqdim edilmişdir. Azərbaycanda ilk iş olan bu tipli tövsiyyə kitabının müəllifləri Mehriban Vəzir, Kəmalə Abdullayeva, redaktoru Təranə Mahmudova, layihə rəhbəri Şəhla İsmayıl çıxış edərək bu kitabın əhəmiyyətindən söhbət açmışlar.

Hazırda görüşlər, müsahibələr, ictimai təqdimatlar davam etməkdədir.

Bu günkü müsahibimiz isə `Yeni Nəsil Qadın Koalisiyası`nın üzvü Sevda Əlisoydur. Sevda hazırda Bakı Slavyan Universitetində Müasir Yunan dili tədris-mədəniyyət mərkəzinin müdiri olaraq çalışır. Eyni zamanda Yunan dili üzrə tərcüməçi kimi də fəaliyyət göstərir.
 

- Sevda, oxucularlmıza yalnız sənin rəsmi fəaliyyət sahələrini təqdim etdim. İctimai fəaliyyətindən özün danışa bilərsənmi?

İctimai fəaliyyətimin əsas hissəsini MİL Şəbəkəsi təşkil edir. 2 il Şəbəkənin HR meneceri olmuşam, hazırda Koordinasiya Mərkəzi üzvü olaraq fəaliyyətimi davam etdirirəm. MİL ictimai təşəbbüs olaraq gənclərin menecerlik bacarıqlarının inkişaf etdirilməsi məqsədilə yaradılıb. İki ildir əsasən sosial və gender mövzularında layihələr həyata keçiririk. Bundan əlavə bir neçə aydır AQASİMin həyata keçirdiyi Yeni Nəsil Qadın Koalisiyasının üzvüyəm. Birgə təlimlərimiz, görüşlərimiz olur. Elə bu layihə şərçivəsində hazırda sizə müsahibə verirəm. Bu həm də bizim üçün maraqlı bir fürsətdir. Çünki ictimai vəkilliyimiz də həyata keçirilir. Bu layihə çərçivəsində biz həm olub keçənlərə nəzər salır, özümüzü cəmiyyətə təqdim edir, həm də gələcək işlərimizin daha mükəmməl, daha bilikli və bacarıqlı qurulması üçün yeni təcrübələr öyrənirik.

- Daha çox hansı cəlb edir indi səni – ictimai proseslərdə iştirak, yoxsa  hazırda işlədiyin sahə, tərcüməçilik?

Tərcüməçilik əlbəttə, maraqlı peşədir. İnsan tərcümə etdiyi hər materialda həm dil, həm əlavə bilgilər öyrənir. Fərqli sahələrə baş vurursan, sənin gündəlik işinə aid olmayan məlumatlar əldə edirsən. Dil, ümumiyyətlə, ümmandır, çox maraqlı və çox əngindir. Amma ictimai işləri də çox sevirəm. Mənə elə gəlir, yalnız işlə məşğul olsam, yəni işə get, evə gəl, tərcüməni et, vəssalam, həyatım sönük olar. Əlbəttə, belə keçinən insanlar da var, öz işlərindən başqa heç nə ilə maraqlanmayan, heç nəyə vaxt sərf etməyən. Bəlkə onlar öz rahatlıqlarını elə həyatda tapırlar, bilmirəm. Amma mən yox, mən ictimai işləri, könüllülüyü, xidməti, təmənnasızlığı da çox sevirəm. Düşünürəm, insanlar, xüsusilə qadınlar ictimai işlərə dəstək verməli, ictimai sferanın yaxşı olmasına çalışmalıdırlar. Çünki ictimai çevrə bizim ikinci evimizdir. Bu mühit yaxşı olmasa həyatımız yaxşı ola bilməz.

- Gələcəyini harada axtarırsan; ictimai işlərdə, biznesdə, yoxsa digər əmək fəaliyyətində.

İxtisasımı daha da təkmilləşdirmək və genişləndirmək niyyətindəyəm. Lakin düşünürəm, paralel olaraq ictimai işlə də məşğul olacam. Biznes yox, hələlik bu sahə mənə yad və uzaq kimi görünür. Məncə bacarmaram. Amma könüllü olaraq çalışmağı bacarıram və sevirəm.

- Karyera ilə bağlı özünü hansı zirvələrdə xəyal edirsən?

Təhsil sahəsində yüksək vəzifə tutmaq, məhz dəyişiklərə qərar vermək üçün səlahiyyət sahibi olmaq istəyirəm. Əlbəttə, bu uzun bir yoldur. Çatılıb çatılmaması da hələ bəlli deyil. Bilirəm ki bu yolda yürümək üçün, hansısa məsafələri qət etməli, çox oxuyub öyrənməli, üzərimdə çox işləməliyəm. Həm bilik, həm də təcrübə baxımından təkmilləşməli olduğumun fərqindəyəm. Bir sözlə yol uzun və çətindir. Amma bu yolda yürümək qərarındayam. Çünki mən ölkəmdə yaxşı təhsil sisteminin olmasını istəyirəm.

- Cəmiyyətimizdə qadının ictimai fəaliyyətinə nə mane olur?

Məncə, əsasən, patriarxal düşüncə, mentalitet mane olur. Qadınları tərbiyə şəklimiz onları ictimai fəaliyyətdən, dünyaya ictimai rakursdan baxmaqdan uzaq saxlayır. Sırf məhdud sayda sahə var ki, qadınlar həmin sahələrdə çoxluq təşkil edir. Bizim analar çox vaxt yalnız evlərini, ailələrini, övladlarını düşünürlər. Bunun kənarında onları heç nə maraqlandırmır. Bu normaldır, ana, qadın evini, ailəsini, övladını düşünməlidir. Amma bu düşüncənin davamı olaraq onu da düşünməlidir ki, yetişdirdiyi övladlar bu ictimai mühitdə yaşayacaq, eləcə də bütün taleyi, ömrü, günü ilə bu mühitdən asılı olacaq. Ona görə də qadınlar öz övladlarının gələcəyi naminə ictimai mühiti də sahmana salmağı, orada da rahatlıq yaratmağı düşünməlidirlər. Bunu övladlarının gələcəyi naminə etməlidirlər.

- Yeni Nəsil Koalisiyasındakı görüşlər sənə maraqlı gəldimi, indiyə kimi olan görüşlərdən ən çox yaddında qalan nə oldu? Təlimlər hansısa boşluqları doldura bildimi? Ümumiyyətlə bilik və bacarıqları artırmağı nədə görürüsən?

Əlbəttə, Koalisiyaya qoşulandan bəri bir çox maraqlı insan tanımışam. Həm görüşdüyümüz ekspertlər, həm də iştirakçılarla maraqlı müzakirələrimiz olub. Təlimlər yeni bilik və bacarıqlar, yeniməlumatlar, yeni münasibətlər öyrədir. Fərqli fikirlər, fərqli yanaşmalar eşitdik. Əsasən də ekspertlərin öz təcrübələrini bölüşməsi maraqlı oldu. Bir daha əmin olduq ki, bilik və bacarığı artırmaq üçün tənbəlliyi azaltmaq, öz üzərində işləmək lazımdır. Xüsusilə, vaxtın idarə edilməsində son dərəcə həssas olmaq, qiymətli olan zamanı itirməmək lazımdır. Çünki itən vaxtı geri qaytarmaq və onun özü ilə birgə apardığı boşluğu doldurmaq olmur.

- Maraqlı bir kitab təqdimatınız da oldu…

Bu yaxınlarda İşgüzar xanım üçün 101 qayda kitabının təqdimatı keçirildi. Tədbirə kitabın redaktoru Təranə  Mahmudova da dəvət olunmuşdu. Təranə xanımı tanımağıma çox şad oldum, maraqlı və irəli görüşlü insandı. Ümumiyyətlə, Koalisiya çərçivəsində keçirilən tədbirlərdə tanıdığımız insanlar hərəsi öz sahəsi üzrə kifayət qədər uğur qazanmış insanlar idi. Hələ xarici diplomatlarla olan görüşlərimiz qalıb, onları da maraqla gözləyirəm.
 

 

- İstirahət günlərini necə keçirirsən? Xobbin nədir?

İnsanların hərəkət halında olduğu yerlərdə oturub onları izləməyi sevirəm, məsələn. Çoxlu gəzirəm. İdman edirəm. Bəzən qolbaq və s. bu kimi əl işləri düzəldirəm, bəzən internetdə fərqli mövzularda məqalələr oxuyuram, videolar izləyirəm. Musiqi dinləyirəm. Həmçinin yemək bişirməyi və öz bişirdiyimi yeməyi çox sevirəm.

- Qolbaq məsələsi yenilik oldu…

Bəli. Bu mənim xobbimdir. Zinət şeyləri düzəltməyi, yeni dizaynlar verməyi sevirəm.

- Bu, maraqlıdır, həm də bacarıqdır… bu bacarıq səni biznesə də apara bilər.

Nə bilim… apararsa yaxşı olar… hələki xobbi səviyyəsindədir.

- Ölkəmiz, cəmiyyətimiz üçün nələri etmək istərdin, əskiklərimiz nədir, biz nələri dəyişməliyik ki, inkişaf etmiş, qadın iştirakçılığı mükəmməl olan bir cəmiyyətə çevrilək.

Bu ifadə artıq klişeyə çevrilsə də, oz dəyərini və keçərliliyini saxlayan bir söz var:  maariflənmək. Çünki insanların alt şüurlarında özünə geniş yer açan mentalilet, arxetip onlara inkişaf etməyə, önə çıxmağa, komfort zonanı tərk etməyə mane olur. Bu qadınlar üçün daha çətindir bizim ölkədə. Onlar üzərində nəzarət və təzyiq daha çoxdu deyə qadınların cəmiyyətdəki iştirakçılığı da məhduddur. Bir də qadın inkişafı və iştirakçılığı dövlətin məsuliyyətidir. Mükəmməl və mütəmadi proqramlar həyata keçirilməlidir. Bütün günahları mentalitetin üstünə atmaqla da iş bitmir.

-  Bəs cəmiyyətimizdən və dövlətimizdən umacaqların nədir?

İnsanların öz xoşbəxtliklərini rahat şəkildə axtara biləcəkləri, çalışa biləcəkləri, yaxşı təhsil ala biləcəkləri, yaxşı səhiyyəyə malik olacaqları bir mühit yaratsınlar. Həm cəmiyyət bundan ötrü çalışmalıdır, həm də dövlət.

 

- İndi gənclər ölkədən gedirlər, kimi oxumağa, kimi işləməyə, kimi yaşamağa, sən bu barədə nə düşünürsən nə kimi planların var?

Təhsil üçün xaricə getməklə bağlı mənim də planlarım var. Bu, inkişaf üçün zəruridir. Lakin sırf yaşayış üçün getməyi düşünməmişəm.

- Bizə hansı dəyişikliklər lazımdır ki, ölkəmizdə yaşamaq istəyək?

Hər insanın gözləntisi fərqli ola bilər. Əsas olan təməl dəyərlərin qorunmasıdı ki, bu da özlüyündə insanlara şərait yaradacaq ki, həyatlarını onları xoşbəxt edəcək şəkildə qursunlar.

- Bəzi suallarımız var ki, onları  bütün müsahiblərimizə veririk. Həmin suallardan biri də budur; Buralardan getsən kimləri və nələri özünlə aparmaq istərdin?

Kimləri aparmaq, onu deyə bilmərəm. Elə bir haqqım olduğunu da düşünmürəm açığı. Aparmaq istəyəcəyim nələrsə də ağlıma gəlmir indi. Deyəsən elə bir çamadan, bir də özüm…

- Buralarda qalsan nəyi dəyişmək istərdin?

Həssas qruplarla işləməklə bağlı nələrsə etmək istərdim. Və ya insanların onlara qarşı münasibətinin normallaşması ilə bağlı fəaliyyətlərim ola bilər.

- Sənə ən çox mane olan nədir həyatda?

Yəqin ki, özüm. Özlüyümdəki fərqli düşüncələrim, özümlə mübahisələrim, tərəddüdlərim. Onları da sahmana salımağa çalışıram. Elə bir ciddi maneə ilə üzləşmirəm.

- Ən çox nəyə çox sevinirsən?

Cəmiyyət üçün, insanlar üçün, heyvanlar üçün, təbiət üçün,  ümumiyyətlə, digərləri üçün ürəkdən nəsə edən insanları görəndə sevinirəm. İnsanların çoxu əsasən, özləri və yalnız öz doğmaları üçün çalışırlar. Öz maraqları olmayan yerdə bir addım belə atmaq istəmirlər. Mən görəndə ki kimsə özü üçün deyil, ictimai maraq üçün çalışır və ya bir fərd üçün, bir pişik üçün, bir ağac üçün çalışır… hədsiz sevinirəm.

- Ən çox nədən  qüssələnirsən?

İnsanların bir birinə anlayışsız yanaşmasından…

- Gələcəyini parlaq qurmaq üçün sənə nə lazımdır?

Əzm və çox çalışmaq lazımdır. Həmçinin, əlbəttə, maddi cəhət də çox mühümdür. Çalışqanlıq və pul bir yerdə olarsa böyük nailiyyətlər əldə etmək olar. Xüsusilə, yaxşı təhsil üçün yaxşı vəsait tətləb olunur. Mənim kimi insanlar üçün isə parlaq gələcək yalnız yaxşı təhsilə bağlı ola bilər.

- Nələri əldə etsən özünü xoşbaxt sanacaqsan?
Xəyallarımı gerçəkləşdirdikcə, hədəflərə çatdıqca özümü xoşbəxt sanacam.

Xudaferin.eu 

15:59