Sepah İran Azərbaycanında “Pantürkizm” ilə mübarizəyə başladı

Sepah tərəfindən yayılan afişalarda Türk milli fəallar "pantürkist" adlandırılıb

İran mollakratiya rejiminin “İslam İnqilabı Keşikçilər Korpusu” (Sepah) faktiki olaraq  Güney Azərbaycanının bütün şəhərlərində kitabçalar yaymağa başlamaqla yanaşı, həm də küçələrdə afişalar yerləşdirərək “pantürkist” adlandırdığı qruplara qarşı kampaniyalar aparır.

Sepahın bu kampaniyaları ümumiyyətlə “Güney Azərbaycan Milli Hərəkatı”, Türk milli fəallar və Türkiyəyə qarşı təbliğatlardan ibarətdir. Güney Azərbaycan boyunca Sepahın yaydığı afişalar və kitabçalarda ölkə Ana Yasasının 15 və 19-cu maddələrinə istinad edərək Türk dilinin rəsmi şəkildə istifadə edilməsini tələb edən milli fəallara “pantürkist” damğasının vurulması adi hal kimi qarşılanıb. Aparılan bu təbliğatlarda o da qeyd olunur ki, guya “pantürkistlər” ana dili məsələsindən sui-istifadə edərək mollakratiya rejimini çökdürmək və İran adlı ölkəni bölməyə çalışırlar.

Güney Azərbaycanın Urmu şəhərində yerləşdirilmiş afişaların birində bu sözlər dərc edilib: “Pantürkistlər əhalinin Türk dilinə meylini zirvəyə çatdırmış olsalar da son mərhələdə uğursuz olublar. Yəni əhalini İran kimliyi yerinə Türk kimliyini bağlaya bilməyiblər.

"Sepah"-ın afişalarından: “Onlar türk və fars dillərini qarşı-qarşıya gətirməklə Güney Azərbaycan əhalisini Türk kimliyinə doğru yönəltmək istəyirlər. Bunun ilk nəticələrindən biri isə özgələrə, o cümlədən Türkiyə və Ankaraya meyillilik və fanatikcəsinə aşiq olmaqdır. Pantürkistlər əhalinin Türk dilinə meylini zirvəyə çatdırmış olsalar da son mərhələdə uğursuz olublar. Yəni əhalini İran kimliyi yerinə Türk kimliyinə bağlaya bilməyiblər.”

Afişaların birinin üzərində böyük hərflərlə “Amerika və Pantürkizm” ifadəsi dərc olunub:  “Amerika bölgədə pantürkist düşüncəsinin yayılmasının ən böyük dəstəkçilərindən biridir və bu İran və İslama qarşı olan cərəyanlardan himayə olunur.”

Qeyd edək ki, son vaxtlar İran mollakratiya rejiminin məhkəmələri və təhlükəsizlik qurumları da Güney Azərbaycan Milli Hərəkatının fəallarına qarşı basqılarını artırıb. Müvəqqəti azadlığa buraxılmış onlarla yüzlərlə milli fəal Türk dilinin haqqını tələb edənlər yenidən məhkəməyə çağırılıb və bəzilərinə qarşı ağır həbs və sürgün cəzaları çıxarılıb.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

 

14:49