Səbinə Ağarzayeva; İctimai fəaliyyətimi həmişə davam etdirəcəm

 

Avrasiya Əməkdaşlıq Fondunun dəstəyi ilə Azərrbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzinin həyata keçirdiyi `Yeni Nəsil Qadın Koalisiyası`  layihəsi ictimaiyyətə gənc ictimai fəal xanımları təqdim edir.  Bu layihə ictimai fəaliyyətə başlamış gənc xanımlara dəstək vermək, onların bilik və bacarıqlarını artırmaq,  vəkilliklərini etmək üçün gözəl bir fürsətdir. Artıq proqramın yol xəritəsi üzrə müəyyən məsafə qət edilmişdir. Maraqlı görüşlər, təlimlər, müsahibələr keçirilmişdir. 
Bu layihə çərçivəsində təlimlər keçirilmiş, gənclərin bilik bacarıqlarının artırılması işində ölkənin ən tanınmış ekspertləti Azər Mehtiyev, Abil Bayramov, Şəhla İsmayıl, İlhamiyyə Rza təlimçi olaraq iştirak etmişlər. 
Eləcə də bu layihə çərçivəsində maraqlı görüşlər keçirilmişdir. Bu görüşlərin sırasında ictimai sektorun ünlü simalarından Şəhla İsmayıl, bisnes mühitindən tanınmış xanım Jalə Əmirbəyova ilə olan görüşlər vardır. Eləcə də professor Fuad Məmmədov, tarixi şəxsiyyət olan Tahirə Zərrintacın araşdırmaçıları, o cümlədən Azər Cəfərov `Yeni Nəsil Qadın Koalisiyası`nın görüşünə gəlmişlər.
Belə görüşlərin birində `Yeni Nəsil Qadın Koalisiyası`nın üzvlərinə `İşgüzar xanım üçün 101 qayda` kitabı təqdim edilmişdir. Azərbaycanda ilk iş olan bu tipli tövsiyyə kitabının müəllifləri Mehriban Vəzir, Kəmalə Abdullayeva, redaktoru Təranə Mahmudova, layihə rəhbəri Şəhla İsmayıl çıxış edərək bu kitabın əhəmiyyətindən söhbət açmışlar.
Layihə çərçivəsində həyata keçiriləcək daha bir istiqamət diplomatik korpuslarda çalışan xanımlarla görüşdür. Bu günlərdə Fransa səfirliyinin baş müşaviri, diplomat xanım Fabienne Drout-Lozinski `Yeni Nəsil Qadın Koalisyası` ilə görüə gəlmişdi.
Hazırda görüşlər, müsahibələr, ictimai təqdimatlar davam etməkdədir.
Bu günkü müsahibimiz isə `Yeni Nəsil Qadın Koalisiyası`nın üzvü Səbinə Ağarzayevadır.
 

- Səbinə, söhbətimizə digər dostlarımıza da verdiyim sualla başlamaq istəyirəm; bu gün  hansı əmək fəaliyyəti ilə məşğul olursan? 
- Cürbəcür əmək fəaliyyətləri ilə. Daimi bir iş yerim yoxdur hələlik. Müxtəlif yerlərdə könüllü kimi fəaliyyət göstərirəm. İctimai işlərlə mə.ğul oluram. Tez-tez ictimai tədbirlərdə iştirak edirəm, seminarlara qatılıram.

- İctimai fəaliyyətin nələrdən ibarətdir? 
-  İstedadlı Əlillər Cəmiyyəti ilə əməkdaşlıq edirəm. Boccia idman növü ilə bağlı yarışlar, ölkəmizdə keçirilən oyunlarda könüllü olaraq  iştirak edirəm. Sonuncu fəaliyyətim İslam Həmrəyliyi oyunlarında oldu. Bu, mənim üşün çox maraqlı hadisə idi. İlk dəfə bu mastabda bir işdə könüllü kimi fəaliyyət göstərirdim. 

- Təhsilin nə yerdədir? 
 - Hal hazırda Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində oxuyuram. Bu ixtisası, buradakı insanları, bu fakültəni sevirəm. Məni ən çox cəlb edən bu sektordakı insanlardır. Onların bilik və təcrübələrindən faydalanmağa çalışıram.

- Gələcəyini harada axtarırsan: İctimai işlərdə, biznesdə, yoxsa digər əmək fəaliyyətində? 
- Yəqin ki, indi aldığım ixtisas üzrə fəaliyyətimi davam etdirəcəm. Hələ seçim eləməmişəm, tərcüməçilik istiqamətini də seçmək olar, ilahiyyatçılığı da, müəllimliyə də... görək yollar hara aparır, hansı istiqamət daha cazibəli olur.  Amma ictimai fəaliyyətim də yəqin ki hər zaman ixtisasımla paralel olaraq davam edəcək. Mən ictimai aktiv insanam. Durğunluğu, işə get, evə gəli sevmirəm. Ehtiyacı olan insanlarla, xüsusilə əlillərlə işləməyi, onları həyata bağlayan proqramlarda çalışmağı sevirəm.

- Cəmiyyətimizdə qadının ictimai fəaliyyətinə nə mane olur? 
- Stereotiplər, keçmişə, geriliyə bağlayan şüur qadına çox mane olur. Qadına həm kişilər, həm də qadınların özləri mane olur. Kişilər, çox vaxt qadın  hüquqlarını, qadın inkişafını, qadın iştirakçılığını  qəbul etmək istəmirlər. Təəssüf ki, analar, xalalar, nənələr, qaynanalar da çox vaxt köhnə ehkamların yanında keşikçi rolunda dayanırlar. Onlar da çox vaxt qadına uşaq doğan, yemək bişirən, ev təmizləyən bir makina kimi baxırlar. Toplumun bu birləşmiş gücü qadına qarşı çıxır. Bu da qadını təkcə ictimai fəaliyyətinə deyil, bütün istiqamətlər üzrə fəaliyyətlərinə mane olur.

- Yeni Nəsil Qadın Koalisiyanındakı görüşlər sənə maraqlı gəldimi? İndiyə kimi olan görüşlərdən ən çox yadda qalan nə oldu? 
- Görüşlər maraqlı idi.Bəzən fikir ayrılığına düşülsə də müzakirələr, fikir mübadilələri xoş təsir edir.Ən çox yadımda qalan görüşlərə gələn xanımların keçdiyi çətinliklər və problemlərə yanaşma tərzləri olub. Onların yenilməzliyi, maneələrə boyun əymədən hədəflərinə doğru yürüməli diqqətimi cəlb etdi. Mən belə nəticə çıxartdım ki, nə qədər əngəl olursa olsun, lap bütün cəmiyyət sənə qarşı birləşsin, sən əgər davamlı və ağıllı mücadilə apararsansa öz arzularına çatarsan. Bu nümunələr yaxşı yadımda qalacaq və yəqin ki çətinə düşəndə mənə güc verəcək. 

- Ölkəmiz, cəmiyyətimiz üçün nələri etmək istərdin? Əskiklərimiz nədir? Biz nələri dəyişməliiyk ki, inkişaf etmiş, qadın iştirakçılığı mükəmməl olan bir cəmiyyətə çevrilək?
Bu, nəhəng və mükəmməl bir sistemin işə düşməsi olar. Mən bu sistemin maarifləndirmə qanadında çalışmaq istərdim. Qadınlarla daha çox işləyərdim. Əksiklərimizi qapatmaq üçün qadın gücündən daha çox istifadə etmək, qadınların ictimai işlərdə daha aktiv olması üçün çalışardım. Bütün qadınların təşkilatlanması üçün çalışardım. İstərdim bütün qadınlar  təşkilatlarda, dərnəklərdə, birliklərdə birləşsin, ictimai prosesləri müzakirə etsinlər, lap xor dərnəyi yaratsınlar, tikiş, naxış, toxuculuq olsun, amma birlikdə olsunlar. Günün bir neçə saatını ictimai fəaliyyətə və ya şəxsi biznesə sərf etsinlər. Məncə, qadınlar üçün belə bir stimullaşma  cəmiyyətimizi çox inkişaf etdirər.

Səbinə, hazırda gənclər arasında ölkədən gedənlərin sayı çoxdur. Kimi oxumağa, kimi işləməyə, kimi yaşamağa gedir. Sən bu barədə nə düşünürsən? 
-  Doğrudur, gedənlər çoxdur. Oxumağa da gedirlər,  müvəqqəti işləməyə də gedirlər, bir dəfəlik köçüb gedənlər də var. Amma onu da deyim ki, bir mühüm səbəbdən də gedənlər var. Bunu çox vaxt dilə gətirmirlər. Gənclər azadlıq dalıyca gedirlər. Gənclər şəxsi həyatlarında azadlıq istəyirlər. Mənim tanıdığım xeyli gənc var ki, məhz ailə basqılarından, cəmiyyətin məngənəsindən canını qurtarmaq üçün gedir ölkədən. Bizim cəmiyyətdə ailə gənclərin həyatına çox müdaxilə edir, azadlıqlarını əllərindən alır, hər qərarı ailə vermək istəyir, övladıdır deyə hər işə müdaxilə edir, gənclərin rəyini heçə sayırlar. Bu yanlışdır. Artıq gənclər köhnə qaydalarla yaşamaq istəmirlər. Ailə isə hələ bunu başa düşmək istəmir. Və ixtilaflar başlayır. Bəzən bu ixtilaflar insanın həyatnı məhv edir. Düzü, mən də xaricə gedib həyatımı oralarda davam etmək istərdim. Burda qalmaq üçün elə də səbəbim yoxdur. Xaricdə təhsilimə davam etdirmək, kariyeramı qurmaq daha sonra da ailə həyatı qurub yaşamaq istərdim... mənə deyirlər ki, bu, düşündüyün qədər asan deyil. Bəyəm, bizim ölkəmizdə karyera qurmaq asandırmı...

- Bizə hansı dəyişikliklər lazımdır ki, ölkəmizdə yaşamaq istəyək?
- Öncəliklə təhsil sistemində dəyişikliklər lazımdır. Uşaqlar birinci sinifə gedər getməz onları dərsdən soyutmaq deyil, onları həvəsləndirmək lazımdır. Hər insan dürüstlüyü özünə olmazsa olmaz seçsə, məncə haqsızlıqlar olduqca azalar.Hər kəs öz işilə məşğul olsa, hər kəs özünü təkmilləşdirməyə çalışsa digər insanların eyiblərini araşdırmağa vaxtı qalmaz. Insanlar bir-birinin azadlıqlarına müdaxilə etməsələr, yetkinlik yaşın hüquqlarını anlasalar, ailələr övladlarının seçim hüquqlarına hörmət eləsələr... həqiqətən yaşana biləcək bir cəmiyyət formalaşar.

- Bu layihə çərçivəsində keçirilən təlimlər sənə hansısa bir yol göstərirmi? Fikrində, həyatında yaxşı dəyişikliklər etməyə yardım edə bilirmi?
- Təlimlərdə düşüncələrimə işıq saçacaq məlumatlar əldə etdim. Hər zaman bütün fikirlərlə razı olmasam da, təlimlərin məlumatlanmağıma kömək etdiyi inkarolunmaz həqiqətdir. Düşünürəm ki, karyera yollarında əzmli olmağa stimul verəcək bu biliklər.

- Bu layihə çərçivəsində müxtəlif görüşlər, təlimlər keçirildi. Tanınmış təlimçilərlə ünsiyyətdə oldun. Ən çox yadda qalan nə oldu?
-  Ən çox yadda qalan və xoşuma gələn gündəlik davranışlar, ictimai etika ilə əlaqəli təmrinlər, toplum qarşısında çıxış etmkə, özünü təqdimetmə təlimləri oldu. İctimai fəal xanıma vacib olan ictimai davranış qaydalarını profesional şəkildə bilmək mənim üçün çox vacibdir. Çünki harada, hansı sahədə çalışacağımdan asılı olmayaraq ictimai fəaliyyətimi həmişə davam etdirmək istəyirəm. 

Xudaferin.eu

22:37