Saxta ABŞ səfirliyi açıb viza satıblar

Qanada altı il ərzində saxta ABŞ səfirliyi fəaliyyət göstərib. “Səfirlikdə” 6 min dollar qarşılığında ABŞ vizası və müvafiq sənədlər verilirmiş. Türkiyənin “Sözcü” qəzeti saxta səfirlikdə amerikalı adı altında Türkiyə vətəndaşlarının da işlədiklərini yazıb.

Türkiyə vətəndaşları da...

ABŞ Xarici İşlər Nazirliyi tərəfindən verilən açıqlamada “Spartan Vanguard” adlı əməliyyat nəticəsində aşkar edilib bağladılan saxta Amerika səfirliyinin “işçiləri” arasında qanalılarla yanaşı, Türkiyə vətəndaşlarının da olduğu deyilir.

Həftədə üç gün Amerika bayrağı, kabinetlərdə Obamanın şəkli asılırmış

Açıqlamadan o da məlum olur ki, Qananın paytaxtı Akkranın mərkəzindəki bir binadan bazar ertəsi, çərşənbə axşamı və cümə günləri saat 7:30 ilə 12:00 arasında Amerika bayrağı – binanın içərisində isə ABŞ prezidenti Barak Obamanın fotoşəkilləri asılırmış, adamlardan pul alıb saxta Amerika vizaları verilirmiş. Saxta səfirlikdəki “məsul şəxslərin” ingilis və fransız dillərində danışan türk vətəndaşları olduğu deyilir. Fırıldaqçıların arasında miqrasiya və cinayət hüququ sahələrində ixtisaslaşmış bir qanalı prokurorun da olduğu bəlli olub.

Amerikalıların özləri də canilərlə əlbir imişlər

Saxta ABŞ səfirliyi Qanadakı həqiqi Amerika səfirliyinin təhlükəsizlik işçiləri ilə Qana polisinin ortaq əməliyyatı nəticəsində bağladılıb. Saxta səfirliyin bu qədər uzun müddət boyunca fəaliyyət göstərməsində “vəziyyətə göz yuman bəzi cinayətkar amerikalı vəzifə sahibləri”nin də rolunun olduğu bildirilir.

Başqa Afrika ölkələrinin də vətəndaşlarını aldadıblar

Saxta səfirlik Akkrada yaşayanlardan çox Qananın uzaq regionlarından, yaxud da qonşu Afrika ölkələrindən gələnlərə “ABŞ vizası” verirmiş. Onlar cinayətkar təşkilatın üzvləri tərəfindən xüsusi nəqliyyat vasitələri ilə Akkraya gətirilib oteldə yerləşdirilirmişlər. Sonra isə saxta səfirlikdə onlara saxta sənədlər hazırlanıb verilirmiş. Saxta pasportlar bir geyim dükanında hazırlanırmış.

Hollandiya səfirliyi də açıbmışlar

Xəbərdə həmin mafiyanın Akkrada saxta Hollandiya səfirliyi açdığı da deyilir.

Hurriyyet.org

13:53