Salyanda dövlətçiliyimizə qarşı dəhşət saçan rəzalət

Bu rayonun girəcəyində həbsxana, mərkəzində qəbristanlıq, qurtaracağında isə dəlixana yerləşir

Hakimiyyət “QAFQAZ İSLAM ORDUSU”nun komandanları olmuş Ənvər Paşa, Nuru Paşa və Ömər Paşanın döyüş planı hazırladığı binanı xarabalığa çevririb

Azərbaycan tarixinin 20-ci yüzildəki şanlı yadigarlarından biri də Salyanda yerləşir. Bu bina Azərbaycan Xalq Cümhuriyyətinin ən dəyərli məkanlarından biri sayılır. Ona görə ki, Çarlıq Rusiyası devrildikdən sonra, burada Salyandan başlayaraq Astaraya kimi bu bölgədə erməni və rus silahlıları bir araya gələrək saxtakarcasına “Muğan Sovet Sosialist Respublikası” adlı qondarma bir məkanı Azərbaycandan ayırmağı hədəf seçmişdilər. Bu dərin siyasətin əsas səbəbi isə, “Bakı Respublikası”nı elan etməklə, Azərbaycanı paramparça etmək planı var idi. Ermənilərin tam nəzarətində olmaqla ölkəmizin neft gəlirlərini ingilislərlə birlikdə “cırtdan dövlət” siyasətini strateji hədəfə çevirmişdilər. Sonucda, şanlı “QAFQAZ İSLAM ORDUSU” və onun komandanlığı altında məhz bütün bu ideyalar yerlə yeksan edildi.
Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilmiş yeni Ana Yasasında da açıq şəkildə belə qeyd olunur: “Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir”. Bu hüquqi varisliyə o dönəmin maddi abidələri də daxildir. Salyan şəhərində yerləşən və Ənvər Paşa, Nuru Paşa və Ömər Paşanın döyüş planı hazırladığı bina tarixi baxımdan çox qiymətli bir memarlıq abidəsidir. Çünki, məhz bu binada Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və həm də separatçı “Muğan Sovet Sosialist Respublikası” ideyasının darmadağın edilməsinin planları hazırlanmışdır. Bu gün bəyənmədiyimiz keçmiş Sovet rejimi belə, həmin tarixi binanı yer üzündən silməyi belə ağlına gətirmədi. Bu gün isə, YAP iqtidarı məhz bu tarixi binanı yerlə yeksan etmək üçün bu dəhşətləri gündəmə gətirib. 

Salyan şəhərinin mərkəzində yerləşən bina vaxtilə “Hacı Mehdinin mehmanxanası” kimi tanınmışdır. İki mərtəbəli, möhtəşəm arxitektura görünüşlü bina indi tamamilə uçub dağılmaq üzrədir. Bu bina 1908-ci ildə sahibkar Mirxalıq Abdullayev tərəfindən inşa etdirilərək Hacı Mehdiyə kirayəyə verilib. Rayonun tarixi abidələri sırasına daxil edilmiş bina Salyan tarixinin qan yaddaşını özü ilə daşıdığı üçün hər bir salyanlıya əziz olub. Belə ki, 1918 -ci il qətliamları zamanı erməni daşnaklarının törətdiyi vəhşilikliklərin qarşısını almaq üçün böyük ictmai xadim , salyanlı Ağa Mirbağırın dəvəti ilə Salyana köməyə çağrılmış Türk ordusunun komandanları Ənvər Paşa, Nuru Paşa və Ömər Paşa məhz bu binada yerli könüllülərlə birgə döyüş planları hazırlayıblar. Bu planlar əsasında ermənilər Salyan şəhəri yaxınlığında darmadağın ediliblər. Bu döyüşlərdə şəhid olmuş Türk zabiti Ömər Paşa və 7 igid türk əsgəri Salyandakı məzarlıqda dəfn olunublar.

Təssüf ki, tariximizin daş yaddaşı olan möhtəşəm arxitekturalı bu tarixi bina 2014-cü ilin əvvəlində Salyanın keçmiş icra başçısı Tahir Kərimov tərəfindən qəsdən gecə səhərə yaxın ekskavatorla uçurularaq qəzalı vəziyyətə salınıb. Həmin vaxtdan binanı əvvəlki vəziyyətinə qaytarmaq mümkün olmayıb. Hazırda isə bu tarixi bina tamamilə uçmaq təhlükəsi ilə üzləşib. Bu rəzalətin qarşılığında isə Salyanın girəcəyindəki həbsxananın, mərkəzindəki qəbristanlığın və çıxacağındakı dəlixananın abadlaşdırılması üçün dövlət büdcəsindən milyonlarla vəsait ayrılmışdır.
Bu gün bütün Türk Dünyasının yenidən mövcud olmasının təməlini məhz Salyanda anadan olmuş Əli Bəy Hüseynzadəyə borcluyuq. Bu gün Azərbaycanın dövlət bağımsızlığı uğrunda milli mücadiləmzin önündə Salyandan anadan olmuş milli şairimiz Xəlil Rza Ulutürkə borcluyuq. Biz sadəcə iki şəxsin adını çəkdik. Halbuki, Salyan torpağı minlərlə belə dahilər yetişdirib. İndi Salyandakı tarixi bitr abidənin uçurulması siyasətini ortaya atmaq, milli və şərəfli tariximiz üçün böyük bir rəzalətdir.  

Ənvər BÖRÜSOY
Bakı-Salyan-Bakı

19:56