Salatın Şıxıyeva; Bu, mənim üçün böyük fürsət oldu…

Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi Avrasiya Əməkdaşlıq Fondu ilə birlikdə ictimai fəaliyyətə başlamış gənc xanımlara dəstək vermək, onların bilik və bacarıqlarını artırmaq,  vəkilliklərini etmək üçün proqram həyata keçirməkdədir. Artıq proqramın yol xəritəsi üzrə müəyyən məsafə qət edilmişdir. Maraqlı görüşlər, təlimlər, müsahibələr keçirilmişdir. 

Bu qonaqların sırasında ictimai sektorun ünlü simaları, tanınmış iş adamı olan xanımlar, Bakıda fəaliyyət göstərən diplomatik korpuslarda çalışan diplomat xanımlar, kulturologiya üzrə mütəxxəsislər, qadın azadlığı hərəkatını öyrənən alimlərin vardır. İctimai və iş həyatında yüksək karyera qazanmış bu tanınmış adamlar `Yeni Nəsil Qadın Koalisiyası` üzvlərinin görüşünə gəlmiş, birlikdə maraqlı söhbətlətlər, müzakirələr keçirmiş, gənclərin çoxsaylı suallarına cavablar vermişlər.
Hazırda görüşlər, müsahibələr, ictimai təqdimatlar davam etməkdədir.
Bu günkü müsahibimiz `Yeni Nəsil Qadın Koalisiyası`nın üzvü Salatın Şıxıyevadır. 

Salatın, bilirəm, sən tələbəsən və ictimai fəaliyyətdə də ilk addımlarını atmaq istəyirsən. Nələrdən başladın?
Bəli, tələbəyəm. Əsasən oxumağa həsr edirəm vaxtımı. İctimai həyat da məni cəlb edir. Baxıram, Aynur müəlliməyə, onun çevrəsindəki fəal xanımlara, mənə xoş gəlir, mən də belə bir çevrədə olmaq istədim. Bəzi könüllü işlərdə onlarla yanaşı oldum. Bu fəaliyyətlərə kiçik məşqlər də demək olar. Mən də cəmiyyətimiz üçün faydalı işlər görmək istəyirəm.
Dedin, cəmiyyətimiz üçün faydalı işlər görmək istəyirəm. Səncə, bu faydalı fəaliyyət nədən başlamalıdır?
Bütün hallarda biz gənclər üçün öncə oxumaq gəlir. Daha çox oxuyub daha çox bilərsənsə daha faydalı olarsan cəmiyyət üçün. Bu səbəbdən mən də `Yeni Nəsil Qadın Koalisiyası` layihəsinin elanını görəndə birinci müraciət edənlərdən oldum. Sorğuda, müsahibədə iştirak etdim və Koalisiyaya üzv seçildim. Layihə çərçivəsində keçirilən görüşlər, təlimlər mənim üçün çox maraqlı oldu. Əlbəttə, bütün hallarda ictimai fəaliyyət təlimlərlə gücləndirilməlidir. Bunu bu təlimlərdə hiss etdim və bir daha belə bir fürsət yaranarsa qətiyyən qaçırmaram. Çünkü bu təlimlərdə öyrənilənləri nə orta məktəbdə, nə də ali məktəbdə öyrədirlər. Bu, bir az fərqli bilikdir, sanki həyat dərsidir.

Sənin ixtisasın tərcüməçidir… tərcüməçilik də bir növ ictimai, geniş və dəyişkən çevrəsi olan bir işdir…
Bəli, elədir. Bunu indidən də, yəni tələbə ikən də hiss edirəm. Bəzən tərcümə təklifləri alıram. Yaxşı tərcüməçi olarsansa ətrafın daha dinamik, daha dəyişkən olur. Yəni çox maraqlı olar.

Görünür, sən yaxşı tərcüməçi olacaqsan. Əsas istəyin budur?
Yox, təkcə bu deyil. Qarşıda gələn on il ərzində yaxşı ictimai tanıtım edə bilsəm millət vəkilliyinə belə namizədliyimi verə bilərəm. 

Bu çox maraqlı olar... bəlkə də səni bir gün ən uca kürsülərdə görəcəyik. O zaman belə bir sual verim; cəmiyyətimizdə qadının ictimai-siyasi fəaliyyətinə mane olan amillər hansılardır?
İlk növbədə ailə, uşaq, deyərdim. Qadının yükü və məsuliyyəti ağırdır. Ailə qurur, dünyaya uşaq gətirir və bütün başqa işlərdən əlini üzüb ömrünü ailəyə-övlada həsr edir. Cəmiyyət yadından çıxır. Unudur ki, böyütdüyü usage sabah bu cəmiyyətə atacaq. Cəmiyyətin, mühitin yaxşı olması onun övladının taleyini həll edəcək. Bir də cəmiyyətin, eləcə də qadının şüurundakı keçmişin qalığı olan düşüncə tərzi, stereotiplər böyük maneə təşkil edir. Beləliklə, qadının həm fiziki baxımdan, həm düşüncə baxımından əli-qolu bağlanır. Ailən varsa, uşağın varsa yalnız bunlarla məşğul olmalısan. Başqalarının dərdi sənə qalmayıb. Bu, isə kökündən yanlışdır. Qadın boynuna daha çox yük götürmək gücündədir. Həm ailəsini-uşaqlarını, həm işini, həm ictimai fəaliyyətini idarə edə bilər. Əlbəttə, hamı belə deyil, amma belə gücü olan qadınlara mane olmaq lazım deyil, əksinə dəstək vermək lazımdır. 

Hətta başqalarını da təhrik etmək lazımdır…
Bəli, qadınlar bilməlidirlər ki, onların sevimli övladları evdən çıxıb bu cəmiyyətə düşəcəklər. Ona görə cəmiyyətin nizamlı, dürüst, ədalətli olması onların övladlarının taleyini həll edəcək. Qadınlar öz övladlarının gələcəklərini düşünürlərsə, ilk növbədə, cəmiyyətin ədalətli, təminatlı, təhlükəsiz olması üçün çalışmalıdırlar. İndicə dediyim bu fikirləri bizim Koalisiyanın təlim və görüşlərində eşitdim və qəbul etdim. Artıq  özüm də belə düşünürəm və belə təbliğ edirəm. Çevrəmdə local maarifləndirmə işləri aparıram. Deyirəm ki, öncə mühit yaxşılaşdırılmalıdır. Mühiti kim yaxşılaşdıra bilər. Öncə qadınlar edə bilər bu işi və etməidirlər. Bu onların öz övladları və gələcək nəsillər qarşısında məsuliyyətidir.  Kişilər qadınlar kimi ictimai mühiti saflaşdıra bilməz. Çünkü onların hegemonluğuna xələl gəlməsini istəməyəcəklər. Amma  bərabərlik və haqqları uğrunda çalışarlarsa nəticədə hər kəs üçün sərfəli və mədəni mühit yaranar. Buna əminəm.

Belə görürəm ki, `Yeni Nəsil Qadın Koalisiyası` layihəsi səndə öz bəhrəsini verib… 
Mən də belə düşünürəm. Belə təlimlər insanın dünyaya baxışını dəyişə bilir. İndi gənclərin çoxu xarici təhsil almağa can atır. Əlbəttə, bu yaxşı haldır. Hətta daha çox gənc ölkədən birdfəfəlik və ya uzunmüddətli gedib Avropada yaşamaq istəyir. Əlbəttə, anlayıram, insan yaxşı həyata can atmalıdır. Lakin mən qəti qərardayam, burada qalacam. Öz ölkəmdə oxuyub işləyəcəm. Bilirsiniz, o şeylərdən ki biz uzaqlaşıb canımızı qurtarmaq istəyirik, onları yalnız biz dəyişib düzəldə bilərik, başqa heç kim gəlib bu işi bizi əvəzimizdən etməyəcək. Getməklə iş bitmir. Gərək öz cəmiyyətinə və mühitinə fayda verəsən. Avropada insanlar yaxşı mühiti özləri, öz ictimai fəallıqları ilə yaradıblar. Biz bu nümunələrdən öyrənməliyik. 

Demək, sən Avropaya getmək istəmirsən…
Baxın, mənə belə bir sual versəydiniz ki, sən harada doğulmaq istərdin, onda deyərdim; Almanyada, Norveçde,Yaponyada. Amma mənə cənnət kimi görünən o ölkələrdə doğulmamışam. Azərbaycanda doğlmuşam. O ölkələri indiki düzənə salmaq üçün o ölkələrin vətəndaşları min əzab çəkiblər. Bir başqası hazıra nazir gəlib oturur, amma o ölkənin sahibi olmur, heç səsvermə hüququ olmur. Elə belə, yerli əhalinin min əzabla yaratdığı mühitdən faydalanır. Öz ölkəmizə isə pis-yaxşı biz sahibik, vətəndaşıq. Vətəndaşlıq borcumuz isə bu mühiti hər kəs üçün yaxşı olacaq, hər kəs üçün bərabər imkanlar olacaq hala gətirməkdir.

Bizə hansı dəyişikliklər lazımdır ki, ölkəmizdə yaşamaq istəyək?
İlk növbədə təhsildə böyük dəyişikliklər, islahatlar baş verməlidir. 

Başqa nələrdə?
 Münasibətlərdə… İnsanlari sevin! Bir-birinizi sevin! deye nəhəng bir maariflendirme proqrami yaradardim. Müşahidə edirəm ki, indi cox adam başqalarinin uğuruna sevinə bilmir, Belə deyək, heç kim heç kimi bəyənmir. Hər kəs bir-birinə ən yaxşı halda tənqidi yanaşır, dəyər vermir, bəzən isə qərəz göstərir. Qərəzli mühitdə mövcud olmaq, uğur qazanmaq, bu uğurundan zövq almaq mümkün deyil. Adamı peşman edirlər. Bu, məni çox məyus edir. Bunu dəyişmək isdərdim. İstəyirəm, insanlar yalnız öz uğurlarına deyil, başqalarının uğuruna da ürəkdən sevinə bilsinlər. 

Böyük dəyişikliklər başlasa, bəzi sahələr üzrə artıq islahatlar başlamaqdadır - yardım etmək, dəstək vermək istəyərsənmi?
Bəli, əlbəttə. Əvvəllər heç düşünmürdüm ki, bu cəmiyyəti bizlər dəyişməliyik. Bu barədə, cəmiyyət və biz, toplum və mən, mühit və gənclik haqda ümumiyyətlə dusunməmisdim heç. İndi düşünürəm. Bu son təlimlər və görüşlər bir az da təkan verdi bu fikirlərimə. İndi düşünürəm ki, bu dəyişiklikləri bütün cəmiyyət bir yerdə edə bilər. Etməlidir. Bunun üçün isə ilk növbədə hazırlıqlı olmalı, bilik və bacarıqlar, yeni təcrübələr əldə etməlidir. Bir də gərək bizə güvənən, gəncliyə ananan, etimad göstərən, məsuliyyət yükləyən mühit olsun.

İndiki halda ən çox nədən məmnun ola, sevinə bilirsən?
İndi sevinirəm ki, Aynur müəlliməni tanıdım. O məni `Yeni Nəsil Qadın Koalisiyası`na dəvət etdi. Çox maraqlı bir mühitə düşdüm. Yeni dostlarım oldu. Xüsusilə, maraqlı təlimçilər, ictimai liderlərlə, xarici diplomatlarla görüşdüm. Bu, mənim üçün böyük fürsət oldu. 

 Bəs elə indiki halda nədən qüssələnirsən, səni məyus edən nədir?  
Təhsilimin ödənişli olmasına görə çox məyusam. Çətindir. 

`Yeni Nəsil Qadın Koalisiyası` layihəsinin başa çatmasına çox az qalır. Bu layihə çərçivəsində baş tutan görüşlər, təlimlər, təlimçilər, hadisələr oldu. Ən çox yadında qalan bir fikir, bir hadisə, bir söz, bir fərd oldumu?
Azər Mehtiyev təlimində belə bir formula irəli sürdü; o, problemi bir ağaca bənzətdi, ağacın şəklini göstərdi, ağacın altına çoxlu meyvə tökülmüşdü. O, dedi, bu ağac problemin özüdür, meyvələri isə problemin fəsadlarıdır, hər gün qarşımıza çıxır. O meyvələri nə qədər yığsanız, yəni o fəsadları nə qədər aradan qaldırsanız yenə əmələ gələcək, problem ağacı yenə bar verəcək. Ona görə də problemin kökünü tapmaq, o kökü qazıb çıxarmaq lazımdır. Bu fikir yaddaşıma yazıldı. Mən artıq rast gəldiyim hər fəsadın köklərini axtarmaqdayam.

Ən böyük istəyin nədir?
Çox pessimist görünür mühit. Hamı kədərlidir. İstəyirəm insanlar düşdükləri social problemlərdən asanlıqla çıxa bilsinlər. İstəyirəm imkanlar heç olmasa zəruri ehtiyaclarla üst-üstə düşsün. İstəyirəm mənim də ölkəmdə insanların üzü gülsün.

Xudaferin.eu

23:11