Sakinlər paytaxtın mərkəzində yolu bağlayacaqlar

Ona görə ki, “RTZ MMC insanları evlərindən didərgin salıb”

Bakı şəhəri Nəsimi rayonu Rəşid Bedbudov küçəsi ilə Sahib Zeynalov küçəsinin (Təzə bazara çıxan yol) kəsişməsində yerləşən evlərin sakinləri yanvarın 16-da saat 10.00-da aksiya keçirməyə hazırlaşırlar. Sakinlərin bildirdiklərinə görə, aksiyanın keçirilməsinə səbəb ərazini böyük tikinti meydançasına çevirən RTZ MMC-nin tikinti qaydalarına əməl etməməsidir.
Sakinlər bildirir ki, dəfələrlə müvafiq orqanlara müraciət edilməsinə baxmayaraq RTZ MMC-nin apardığı və təhlükəsizlik qaydalarına əməl olunmayan tikintisinin qarşısını almaq olmur: “Hətta iki dəfə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib tikintini dayandırıblar, ancaq yenə də iş davam etdirilir. Tikinti prosesini biz evimizin içində hiss edirik. Tikinti meydançası ilə evimiz arasında məsafə iki metrdir. Həm real təhlükəyə, həm də böyük səs-küyə görə sakinlər öz evlərində yaşaya bilmirlər”.
Tikintinin dayandırılması və ya təhlükəsizlik qaydalarının təmin olunması tələbi ilə sözügedən ünvanın sakinləri yuxarıda göstərilən tarixdə və saatda paytaxtın əsas yollarından biri – R.Behbudov küçəsini bağlamağı planlaşdırırlar.

Cebeh.info

15:37