Sadıqcanın yubiley gecəsi keçiriləcək

Noyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində Sadıqcanın yubiley gecəsi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə tanınmış tar ifaçıları - xalq artistləri Fikrət Verdiyev, Möhlət Müslümov, Ramiz Quliyev iştirak edəcəklər. Muğam axşamında xalq artisti Adil Bağırovun rəhbərlik etdiyi “Xatirə” xalq çalğı alətləri ansamblının müşayiəti ilə xalq artistləri Canəli Əkbərov, Mələkxanım Əyyubova, Simarə İmanova, Zabit Nəbizadə, əməkdar artist Almaz Orucova və başqa tanınmış muğam ifaçıları çıxış edəcəklər. 2016-cı ildə böyük tar ustası Sadıqcanın (Mirzə Sadıq Əsəd oğlu) 170 yaşı tamam olur (1846-1902). Geniş repertuara malik tarzən yaradıcılıq fəaliyyəti dövründə həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda konsert proqramları ilə çıxış edib, musiqisevərlər arasında şöhrət qazanıb. Sadıqcan tarı təkmilləşdirərək cingənə və kök simləri əlavə edib, onu sinədə çalmağa başlayıb. Məhz Sadıqcanın təkmilləşdirdiyi Azərbaycan tarı Qafqazda və Orta Asiyada geniş yayılıb, Azərbaycanın musiqi simvoluna çevrilib. Tarzən Şuşada təşkil olunmuş Şərq konsertində ilk dəfə olaraq tarda “Mahur” muğamını ifa edib. Məşədi Zeynal, Məşədi Cəmil Əmirov, Şirin Axundov, Qurban Primov kimi tanınmış ifaçılar nəslinin yetişdirilməsində musiqiçinin böyük rolu olub.

Xudaferin.eu

16:31