Saakaşvilinin istefasının sirri

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ukraynanın Odessa vilayətinin qubernatoru vəzifəsindən istefa verdi. Saakaşvili bildirib ki, o, öz vəzifəsini artıq yerinə yetirə bilmir. İstefa qərarını onunla izah edib ki, Ukrayna prezidenti Poroşenko Odessada rüşvətxor klanları dəstəkləyir. Gürcüstan və Ukrayna KİV-ləri Saakaşvilinin gözlənilməz addımının arxasında sensasion məqamların olduğunu yazırlar. İddiaya görə, bu ABŞ-da keçirilən prezident seçkilərinin nəticələri ilə əlaqədardır. Belə ki, Respublikaçılar Partiyasının namizədi Donald Trampın seçiləcəyinə dair ABŞ kəşfiyyatından əvvəlcədən məlumat alan Saakaşvili yenidən Gürcüstanın siyasi həyatına qayıdacaq. Analitiklər də Mixail Saakaşvilinin Gürcüstana qayıdaraq aktiv siyasətə qoşulacağını istisna etmir və gözlənilməz istefasını bununla əlaqələndirirlər. Məlumdur ki, 2004-cü ildə ABŞ-a yaxınlığı ilə seçilən və Mərkəzi Kəşfiyyat İdarəsinin adamı olduğu bildirilən Saakaşvili məhz Respublikaçılardan olan prezident Corc Buş dönəmində Gürcüstanda çevriliş etmişdi. Həmin vaxt Ağ Ev və ABŞ-ın maliyyə fondları Saakaşviliyə lazım olan dəstəyi verdilər. O, Edvard Şevardnadzeni devirərək hakimiyyəti ələ aldı.

Respublikaçılar dönəmində geosiyasi savaşlar

Respublikaçılar geosiyasi məsələlərə xüsusi önəm verir. Məsələn, Respublikaçılardan olan son 3 prezidentin - Ronald Reyqan, Corc Herber Uoker Buş (ata) və Corc Buşun hakimiyyətləri dönəmində ABŞ-ın liderlik etdiyi geosiyasi savaşlar baş verdi. Reyqan prezident Mixail Qorbaçovla apardığı gizli danışıqlar nəticəsində SSRİ ilə “soyuq savaş”ı uddu. Ata Buşun dönəmində bu danışıqların nəticəsi olaraq, SSRİ dağıldı. Üstəgəl Buş dönəmində Körfəz savaşı baş verdi. İraqın Küveytin işğalına cavab olaraq, Buş İraqa ordu göndərdi və Küveyti azad etdi. Oğul Buş dönəmində isə ABŞ Əfqanıstanın işğalı ilə Yaxın Şərqin müsəlman dövlətlərinə qarşı savaşa başladı. Səddam Hüseyn devrildi, Misirdə çevrilişlər oldu, Tunisdə rejim dəyişdi. Ukrayna, Qirğızıstan, nəhayət Gürcüstanda çevrilişlər oldu. Gürcüstanda Saakaşvilinin başçılıq etdiyi demokratiya hərəkatının qalib gəlməsinə jest olaraq, Tiflisə səfər etdi.

Vaşinqtonda gizli görüş

Corc Buşun hakimiyyət dönəminin bitməsiylə Saakaşvilinin Gürcüstandakı mövqeləri zəifləməyə başladı. Demokratlardan olan prezident Barak Obama buna o qədər də əhəmiyyət vermədi. Üstəgəl Rusiya Abxaziya və Cənubi Osetiyanı işğal etdi. 2004-2013-cü illərdə Gürcüstana başçılıq edən Mixail Saakaşvili respublikaçıların hakimiyyətdəki sonuncu nümayəndəsi Kondoliza Raysın getməsiylə Ağ Evin gündəliyindən çıxarıldı. Lakin Trampın prezident seçilməsinin Ağ Evin yenidən Saakaşvili variantına qayıdacağı və Gürcüstanda onun vasitəsilə növbəti çevriliş cəhdi edəcəyi istisna olunmur. Gürcüstan KİV-lərində istefa verdikdən dərhal sonra ABŞ-a çağırılan Saakaşvilinin Vaşinqtonda bir sıra görüşlər keçirdiyi və planın detallarının müzakirə olunduğu barədə məlumatlar yayılıb. Trampın gələn ilin yanvarında andiçmə mərasimindən sonra Gürcüstanda yeni siyasi proseslərin başlayacağı istisna edilmir. Saakaşvilinin oktyabrda keçirilən parlament seçkilərində qalib gəlmiş Sandra Rulofsun mandatından imtina edərək, dərhal Gürcüstanı tərk etməsi də bununla əlaqələndirilir.

“ABŞ dəstək verərsə...”

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Cümhuriyət”ə açıqlamasında Mixail Saakaşvilinin Gürcüstana qayıdaraq, çevriliş etmək ehtimalının mümkün olduğunu bildirib. ADP sədri keçmiş prezidentin gözlənilməz istefasının arxasında müəyyən məqamların olduğunu da deyib: “İstefa verən Mixal Saakaşvili Gürcüstana qayıdıb, aktiv siyasətə qoşula bilər. ABŞ tərəfindən ciddi dəstək verilsə, qayıdıb rejimi dəyişdirə bilər. Müasir dünyada demokratik mübarizə təcrübəsi göstərir ki, xarici qüvvənin dəstəyi olmadan heç bir güc özbaşına dəyişiklik edə bilməz”.

Mənsur

(Cebhe.info)

22:47