“ƏSA” Teatrı ABŞ-da Azərbaycanı təmsil edəcək

Yarandığı gündən yerli mədəniyyətin aparıcı lokomotivinə çevrilən, ölkənin ilk və tək inklüziv teatrı olan “ƏSA” Teatrı ABŞ-da Azərbaycanı təmsil edəcək.

Xudaferin.eu AZƏRTAC-a istinadən bildirir ki, teatrın təsisçisi və rəhbəri Nihad Qulamzadə ABŞ-ın təşkil etdiyi Açıq Dünya Proqramı çərçivəsində mayın 2-dən 12-dək “Əlilliyin müdafiəsi, islahatlar və incəsənət” mövzusunda təşkil olunacaq beynəlxalq layihədə iştirak edəcək.

Layihə müddətində rejissor N.Qulamzadə Vaşinqtonda və digər şəhərlərində Amerikadan və dünyanın müxtəlif ölkələrindən layihəyə qatılan mütəxəssislərlə öz təcrübələrini bölüşəcək. Həmçinin, layihə çərçivəsində “ƏSA” Teatrı və onun Azərbaycandakı fəaliyyəti, teatra olan dövlət və ictimai marağı əks etdirən təqdimat nümayiş olunacaq. Təqdimatda “ƏSA”nın yarandığı gündən hazırladığı və geniş ictimaiyyətin maraqla qarşıladığı tamaşalardan, reallaşdırdığı sosial layihələrdən, perspektiv planlardan, həyata keçirilməsi nəzərdə tutulan yaradıcı layihələrdən bəhs ediləcək.

Azərbaycanı bu il layihədə “ƏSA” Teatrı ilə yanaşı, sosial sferada fəaliyyət göstərən fiziki məhdudiyyəti olan və olmayan daha 4 nəfər təmsil edəcək.

Qeyd edək ki, Açıq Dünya Proqramı ABŞ-da 1999-cu ildən təşkil olunan beynəlxalq layihədir.

Xudaferin.eu

14:55