Rusiyadan təhlükəli Qarabağ planı: rəsmi Bakı nə deyəcək?

 

Məhəmməd Əsədullazadə: “Azərbaycan Qarabağın müstəqilliyi əvəzinə yeddi rayon və Naxçıvan dəhlizi” ideyasını qəbul etməyəcək”

Bu günlərdə Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri, ordu generalı Vyaçeslav Trubnikov Ermənistan mətbuatına müsahibəsində Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı maraqlı fikirlər səsləndirib. Diplomat yeni həll variantı təklif edib. Trubnikov müsahibəsində deyib ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibinə qaytarılması kifayət qədər problematikdir və Azərbaycana kompensasiya kimi 7 işğal edilmiş rayon və Naxçıvan üçün dəhliz qaytarıla bilər: “Bu, Azərbaycan üçün müəyyən kompensasiya olacaq. Əlbəttə, bu variant, ola bilsin ki, heç də hamını qane etməsin. Lakin hər halda, ciddi ərazi iddiaları üçün zəmin olmayacaq”.

Naxçıvan dəhlizi və ya Laçın dəhlizi danışıqlar predmeti ola bilərmi?

Politoloq Məhəmməd Əsədullazadə şərhində deyib ki, bu bəyanatlardan Rusiyanın Qarabağı Azərbaycanın tərkibində görmədiyini anlamaq olur: “Qeyd edim ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri, ordu generalı Vyaçeslav Trubnikov kifayət qədər məlumatlı və rəsmi Kremlin mövqeyini əks etdirən şəxsdi. Putin hakimiyyəti daima bir plan üzərində işləyəndə, özünün qeyri-rəsmi şəxsləri tərəfindən əvvəlcədən bunu dilə gətirir və reaksiyanı yoxlayır. Sabiq həmsədr olan Trubnikov, Qarabağ münaqişəsi ilə yaxından məşğul olub və onun vurğuladığı tezisləri vaxti ilə müzakirə masasına gətirməyə cəhd olunub. Hazırda fəal danışıqların durğunluğu bir vaxtda Rusiya kəşfiyyatçısının 7 rayon qaytarılması və Laçın dəhlizi əvəzinə Naxçıvana dəhliz verməklə, Qarabağa "müstəqillik" tanınmasıdır. O, Qarabağı problematik qeyd etməklə, bir daha Rusiyanın Qarabağın Azərbaycanın tərkibində görmədiyi mesajını verir”.

Politoloq həmçinin vurğulayıb ki, Dağlıq Qarabağa yalnız Azərbaycanın tərkibində muxtariyyət verilə bilər: “Bakıda olan Aleksandr Duqin də Qarabağı dərin problemli məsələ adlandıraraq, rayonları qaytarmaq əvvəzinə Azərbaycanı Qarabağı güzəştə getməyə çağırıb. Onlar qeyd edirlər ki, münaqişədə məğlub və qalib tərəf olmamalıdır. Bunu vurğulamaqla Qarabağı ermənilərə güzəştə getməklə 7 rayonu verirlər. Azərbaycana isə bu məsələyə ciddi yanaşması üçün Naxçıvan dəhlizi də güzəşt kimi təqdim edilir. Hazırda masa üzərində mərhələli şəkildə beş rayonun qaytarılması, iki rayonu sonradan qaytarmaqla Qarabağa aralıq status verməkdi. Azərbaycan bu şərtlərlə danışıqlara qatılır. Görünür, Ermənistan və Rusiya bu mərhələli həll planına qarşıdır. Yeni şərtləri danışıqlar prosesinə gətirmək istəyirlər. Azərbaycan Qarabağın müstəqilliyi əvəzinə yeddi rayon və Naxçıvan dəhlizini qəbul etməyəcək. Bunun hazırda müzakirəsi, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin əleyhinədir. Yalnız Qarabağa ən üst səviyyədə Azərbaycanın tərkibində muxtariyyət verilə bilər. Müzakirə predmeti də məhz bu olmalıdır”.

Vilayət Muxtar

Cebhe.info

 

09:55