Rusiya “vahid millət” yaratmaqdan qorxdu:Deputatlar millətlərin etirazından çəkinərək sənədin adını dəyişdi

 

Dövlət Dumasında vahid Rusiya milləti ilə bağlı hazırlanan qanun layihəsinin adı dəyişdirilib. Cebhe.info yerli mətbuatına istinadən bildirir ki, “Rusiya millətinin birliyi və etnik əlaqələrin idarəedilməsi haqqında” Qanun layihəsinin adının dəyişdirilməsi nəzərdə tutulub. Qanun layihəsini hazırlayan deputat qrupu sənədin bu adla təqdimatının qəbul edilməyəcəyini və cəmiyyətin vahid millət anlayışı ideyasını qəbul etməyə hələ hazır olmadığını əsas gətirib.

 

Buna görə də sənədin adının dəyişdirilərək “Milli dövlət siyasətinin əsasları haqqında” Qanun layihəsi adlandırmaq nəzərdə tutulub. «Belə daha yaxşıdır. Məlum oldu ki, cəmiyyət hələlik bütün millətləri özündə birləşdirən vahid millət anlayışını qəbul etməyə tam hazırlanmayıb. Prezident dövlət siyasətini qanun dilinə çevirməyi təklif etmişdi, biz də bunu nəzərə alaraq layihənin adını dəyişdirdik”,- deyə işçi qrupunun rəhbəri, keçmiş nazir, akademik Valeri Tişkov deyib.

Qanunda federal, muxtar və yerli qurumlar arasında əlaqələrin təmini, yerli və azsaylı xalqlara münasibət kimi məsələlər nəzərdə tutulub.

Qeyd edək ki, qanun layihəsi üzərində iş 2 noyabr 2016-cı ildə Dumada başlayıb. Milli məsələlər üzrə komitə prezident Putinin təklifini nəzərə alaraq sənədin hazırlanması üçün işçi qrup formalaşdırıb. Prezidentin fikrincə, xalqın birliyi dövlətçiliyi və Rusiyanın müstəqilliyini saxlamaq üçün əsas şərtdir. 2010-cu il siyahıya alınmanın nəticələrinə görə, Rusiyada 200-ə yaxın müxtəlif xalqların nümayəndələri yaşayır. Vətəndaşların 80 faizi isə ruslardır.

Xəzər

Cebhe.info

 

 

12:08