Rusiya regionları ölkə rəhbərləri ilə büdcə davasına çıxıb

Rusiyanın maliyyə naziri Anton Siluanov bir neçə gün öncə Rusiyanın 2017-2019-cu illər üzrə büdcə layihəsində ölkənin sosial xərclərinə yenidən baxıla biləcəyini bildirib. Amma Çeçenistan rəhbəri Ramzan Kadırov Moskvanın təklif etdiyi büdcəni “Çeçenistan Respublikasından ötrü qəbuledilməz” sayıb. O deyib ki, respublika “yenicə ayaqları üzərində dayanır”, Çeçenistan federal ölkənin digər respublikaları kimi eyni maliyyə məhdudiyyəti ilə üzləşə bilməz. Kadırov bir çox problemləri olduğunu vurğulayıb və misal kimi Çeçenistanda məktəb çatışmazlığını göstərib. O deyib ki, məktəb binası çatışmadığından uşaqlar üçnövbəli oxumağa məcburdur. Çeçenistanda əsas iqtisadi baza inkişaf etdirilməlidir. Amma onun bu arqumentlərini zəiflədən bir neçə amil var: Birincisi, Kadırovun rəhbər olduğu 12 ildə Qroznı və digər böyük şəhərlər yenidən qurulub və infrastruktura böyük həcmli investisiya yatırılıb. Kadırov bu ilin martında Çeçenistan hökumətinin yığıncağında vurğulayıb ki, respublika müharibədən sonra inkişaf dövrünə görə regionda liderlərdən biridir. Avqustda Kadırov Rusiya prezidenti Vladimir Putinə bildirib ki, bu ilin ilk 6 ayında sənaye istehsalı 11,6 faiz, kənd təsərrüfatı məhsuldarlığı 7,4 faiz artıb. İkincisi, məktəb çatışmazlığının səbəbi başqadır. Çünki,  Çeçenistan doğum səviyyəsinə görə Rusiya Federasiyasında öndə gedir. Məktəblə bağlı eyni problem İnquşetiya və Dağıstanda da məhz eyni səbəbdən mövcuddur. Kadırov nə hökumətin iclasında, nə də son müsahibəsində 2016-cı illə müqayisədə 2017-ci ildə kəsiləcək büdcə xərclərini göstərib.

Kadırov təklif edib ki, Çeçenistanın kəsilən büdcəsindəki xərclər başqa mənbədən maliyyələşdirilsin. O, bunun üçün Çeçenistanın İqtisadi və Sosial Sahənin Bərpası Federal Proqramını göstərir. 2002-ci ildə başlayan bu proqram effektsizlik ucbatından 2007-ci ildə dayandırılıb. Moskva Çeçenistana əlahiddə yanaşacağını və Kadırovun daha çox pul tələbini qarşılayacağına heç bir işarə verməyib. Putinin mətbuat katibi Dmitri Peskov bu məsələ ilə bağlı bildirib ki, büdcə müzakirələri Dövlət Dumasında ardıcıl aparılacaq və xərclərə “yalnız bir regionun maraqlarından yox”, bütün ölkə üzrə baxılacaq.
Ekspertlərin fikrincə, Moskva iki səbəbdən Çeçenistanın subsidiyasını kəsməyə qərar verib. Birinci səbəb respublikanın neft saflaşdırılması və neft kimyası sənayesinə nəzarət edən “Çeçennefteximrom” şirkətinin gəlirlərindən verginin artacağıdır. İkinci səbəb odur ki, ölkə əhalisi rəsmi göstəriləndən azdır. Sənədlərdə Çeçenistanın əhalisi 1,3 milyondur, ancaq güman edilir ki, 180 minə yaxın çeçen Avropaya, Türkiyə və Yaxın Şərqə miqrasiya edib. Putinin Şimali Qafqaz üzrə Dövlət Proqramını mümkün qədər maliyyələşdirilməsini tapşırmasına baxmayaraq, layihənin büdcəsi kəsilə-kəsilə gedir. 2017-ci ilin proqram büdcəsi ötən ay 491 milyon dollar, indi isə 212 milyon dollara endirilib. Ancaq Şimali Qafqaz üzrə nazir Lev Kuznetsov bildirib ki, proqramın əsas hədəfi respublikaların vergi bazasını artırmaqdan ötrü investisiya cəlb edilməsidir, nəinki sosial, təhsil və səhiyyə problemlərin həllidir. Və bu layihə gələn il kəsilən büdcə xərclərini kompensasiya etmir. Bununla belə, Kadırov, hökumətinin büdcə layihəsi ilə bağlı düzəlişlərini parlamentin müzakirəsinə təqdim edib.

Azadlıq.org

12:55