Rüqəyyə Kəbiri: MAVAYIL

Güney Azərbaycan (Tərbiz)

Şənbə

Həftənin ilk günüdür. Yeddi gündür qapını özümə qapatmışam. Bəlkə də beləsi hamımıza yaxşıdır. Onların dövrəsinə dolanmıram. Qoy məni görmədən, məndən uzaq, barı bir az təmiz nəfəs çəksinlər.
Pəncərədən baxıram. İkinci qatdakı döşsüz qonşumuz əlində iki bərbəri, apartmana sarı gəlir. Oğlum kitab qoltuğunda baxışımın dairəsindən uzaqlaşır. Üçüncü qatın pəncərəsindən baxanda onun boyu olduğundan da bir az qısa görünür. Ərim, maşını işlədir. Motorun əks-sədası pəncərənin ləkəli, tozlu şüşəsinə toxunub, geri qayıdır. Maşın yollandıqda qulaqlarım dincəlir.
Şüşənin ləkələri elə bil əllərimə baxır. İl bayramına az qalır. Mənsə kefsiz, damaqsızam, sanki at basıb, daşqası üstümdən ötüb. İş görmək həvəsi məndə ölüb; yaşamaq kimi, gülmək kimi...
Ərim, oğlum, qızım, üçü də birgə güləndə, elə bildim tənəbinin duvarları üstümə gəldi; qaçıb otağa girməsəydim, divarların arasında əzilərdim.
İyirmi gündən sonra evə dönmüşdüm. Oğlum gülə-gülə dedi: «hər nəyin həmrahın görmüşdük, mavaldan sonra». Ərim öskürdü. O isə özünə almadan pıqqıldayıb bir də dedi «doğrudan gör nə yaxınlıqları var! Mobile; maval!..»
Mən də üzünə güldüm. Gülüşümdə bilmədim nə idi partladı. Ağzım zəqqum dadı verdi. Gözlərimdən elə bil bulaq şırladı.
Ərim gözünü ağartdı. Qızım, oğlumun qolunu çimdikləyib «cəhənnəm ol,» dedi. Oğlum dürtmə ilə qızımın böyründən vurub «nə deyirəm ki? Zarafat eləyirəm daaaa... Hələ şəkil çəkib, facebooka da qoyacam...»
Böyrümdəki kisədən səs çıxdı. Üçü də birdən gülüşdülər. Özümün xəbərim olmadan yel buraxmışdım. Qaçıb yataq otağına girdim. Qapını qıfılladım.
Pəncərəni açıram. Bayram ayının ağ yeli pəncərənin tül örtüyünü havada oynadır. Yatağımın ağ mələfələrində gəzişir. Bilirəm! Yel, nə qədər çağlayıb, çırpınsa da, evdə boran cəmdək qoxusunu otaqdan aparası deyil.
Öz içimdə, özlüyümə darıxıram. Darıxdıqda barmaqlarım yazmağa can atır. Bir aydan artıqdır bir kəlmə olsun belə yazmamışam. Sanki düşüncəmin qapısı hörülüb. Tozlu şüşənin üzərində yazı yazmağa həvəslənirəm. Barmağım şüşənin üstündə oynayır. Şüşənin tozunda yazının izi qalır: «Mavayıl»

Bazar

Mərizxanaya getdiyim həftənin ikinci günüydü. Gedəndə sevinirdim ki, qansızlıqdan, xuşkiyyətdən, əzabdan qurtaracağam. Deyirdim bəs süd gölünə düşəcəyəm. Düşdüm də... Özü də... üst - üstə dayana bilmədim, sağ böyrüm üstə düşdüm.
Cərrah həkim dedi: «simitdən divar olsaydı, burğu  ilə bir iş görmək olardı, amma sənin bağırsağının yolu elə dolub, tıxanmışdı ki, dolayı yol açdıq!»
İndi isə dolayı yol böyrümdən baş açıb. Cəmdək qoxusu hər yanımı bürüyüb. Paltarlarımı, üst-başımı, canımı, saçlarımdan belə cəmdək qoxusu gəlir. Gündə neçə dəfə pəncərəni açıram. Ətir-odekolon da qanıq vermir. Gecələr yata bilmirəm. Sağ böyrüm üstə düşsəm, deyirəm bəs, böyrümdən qopub sallanacaq. Qorxumdan yatağıma plastik salmışam. Mərizxanadan dönən gün, plastikin xışıltısından nə özüm yata bildim, nə də ərim. Bilmədim xışıltıdan idi, yoxsa pis qoxudan, ərim gecə yarısı səssiz-səmirsiz yorğanını və yastığın götürüb tənəbiyə getdi. O gedən ki, gedib.
Dedim «otağıma gəlmə!». Ancaq iki ayağını bir başmağa dürtdü ki, dürtdü. «Qol-boyun olacağıq bu gecə» dedi. Necə də qol-boyun olduq!.. Həmişəki kimi dinməz-söyləməz soyuqdan buza dönmüş ayaqlarımı qızdırdı. Qızışma ayaqlarımdan bütün canıma yayıldı. Əli oyluğumda  dolaşanda, canım gizildədi. Necə də ürəyimi isitmişdi. Ocaq kimi isti əlləri!.. Bağrına basıb, üzümdən öpəndə, şər dağarcığı- bu şişmiş kisə ikimizin aramızda qaldı. Diksinib, birdən geri çəkildi. Ağzını açdı bir söz desin; dinmədi. Ona, vəhşicəsinə sarılmağım gəldi. Ona arxa çevirdim. Hirsimdən dodaqlarımı gəmirdim.
Yenə plastikin xışıltısı beynimə düşdü. Belim, kürəklərim qızışdı. Əli yavaşca gecəliyimin yaxasından sinəmin altındakı kisəyə dəyəndə, əlini qeyzlə elə çəkdi ki, yaxama toxundu. Sanki iyrənc bir canavara toxunmuşdu.
Yenə gözlərimdən bulaq coşdu. Bir daha plastikin xışıltısı gəldikdə, yastıq-yorğan əlində, cin kimi otaqdan eşiyə çıxdı. İkinci qatdakı döşsüz qonşumuz, yadıma düşdü. Əllərimi sinəmdə daraqladım. Gözümün yaşı divardakı qobelen tabloya baxa-baxa qurudu. Pəncərədən sızan işığın altında, mənə elə gəlir ki, qızıltayaqların  ayaqları suyun içində deyil, lehmə bataqlıqdadı sanki. Bu tablonu, illər öncə ilmə-ilmə öz əlimlə arğamışdım .

Bazar ertəsi

Səhər yeməyi otağın bir bucağında məcməyidədir; ancaq mən ona əl də vurmamışam. Yeməkdən qorxuram. Boğazımdan keçməmiş, böyrümdən çıxır.
Evə döndüyüm gün qızım dəstərxanı gətirib, otağımda açdı. “Sən gəlməsən biz gələrik” dedi. İki qaşıq yeməmiş böyrümdən kisənin içinə düşüb, paqqıldadı.
Oğlum, özünü saxlaya bilməyib, pıqqıldadı. Ağzındakını udmamış - “vallah, lap elə vaxtıdı, indi şəkil çəkib facebookda yerləşdirsəm, birincilik qazanar!”.
Başını aşağı dikən ərimin ağzı tərpənirdi. Qaşığı-xərkən maşınlarına torpaq yükləyən mexaniki qazma idi sanki, ağızına dolu aparıb, boş qaytarırdı. Qızım dəstərxan başından durub, əli ağzında bayıra qaçdı. Yerimdən qalxıram. Sukut evi bürüyüb. Hər kəs öz dəvəsini axtarar demişlər; hamı öz işilə məşğuldur. Pəncərədən bayıra baxıram. Döşsüz qonşumuz bir qucaq göy-göyərti, tərəvəzi gətirir. Qucağı, dirrikdir  sanki.
Apartmanın qarşısındakı parkda, bayram yeli qarları əridib. Pəncərədən baxanda saralmış çəmən ağ-yaşıl rəngə çalır. Bu gün-sabah ağacların cücərdiyini görəcəyəm. Birdən birə böyrümdən göyərən bağırsaq kimi. Döşsüz qonşumuzun tam tərsinə.
Mənim böyrümdən göyərən bağırsaq, onun kəsik döşlərinin yara izləri heç də ağlımdan çıxmır.
Asfalt üzərində ərimiş qar izi, pinti qadınların duza qoymuş mantosunu yadıma salır.
Evdə kimsə olmayanda sərgərdan ruh kimi hər yeri gəzirəm. Ərimin yorğan-yastığı tənəbidə divar dibində bükülü qalıb. Oğlumun tumanı mebelin üstündədir.
Qapıdan əyilib uşaqların otağına baxıram. Otağın ortasına dağılan kitablar, qırılmış qoşundur sanki beləcə yerdə qalıb.
Oğlumun tumanını mebelin üstündən götürüb, uşaqların otağına sarı gedirəm. Yarıyoldan qayıdıram. Gərək, onların pal-paltarlarına əl vurmayım. Yoxsa onlar çimçəşərlər.
Aşpazxanamda hər şeyin yeri dəyişik düşüb. Qablamalar, qaşıq-çəngəllərin başları aşağı, sanki məndən küsmüşlər. Ocağın qırağındakı yağqabı tikan koludur sanki, gözümə batır.
Samovarı yoxlayıram. Hələ canı istidir. Məcməyidə çay ləkələri var. Stəkanların dibində çay tilifi quruyub, qalıb. Dözə bilmirəm: burası mənim aşpazxanam. Hər şey yerli-yerində olmalı. Bunu qızıma deməliyəm. Hələ ölməmişəm ki!.. Niyə qab-qacağın yeri dəyişik düşüb!!!

Çərşənbə axşamı

Nə arxama baxa bilirəm, nə önümü aydın görürəm. Arada qalmışam. Deyirlər, "yetimə vay-vay deyən çox olar, çörək verən az". Mərizxanadan gəldiyim gün, telefonumuz susmurdu, zəng zəng üstə gəlirdi; ərimin- təzə siqareti, sönən siqaretin kötüyü ilə alışdırdığı kimi!
Bu gün, nə qədər pəncərə qabağında durdum, döşsüz qonşudan xəbər olmadı ki olmadı. Telefonum da susub. İki gündür ki, ərim də iş yerindən zəng açıb, əhvalımı soruşmur. Atılmış, unudulmuşlar kimiyəm.
Güzgü qarşsındayam. Arxada kitabxanamda sırayla düzülən kitablar var. Gedib kitabların birini açıram. "Onlar ölməklə məşğuldurlar" kitabın cildində yazılıb. "An Sekstonun" ölümlə ilgili şer kitabıdı. Darıxıram. Kitabı oxumamış yerinə qaytarıram. Nə etdiyimi bilmirəm. İtiyim itib sanki!..
Yenə güzgü qabağında dururam. Saçlarım kilkələnib, pır-pırtlaşıqdır. Gözlərim çuxura batıb. Dodaqlarım bozarıb. Güzgünün qabağında sırayla düzülmüş rojların qapağını birbəbir açıb baxıram. Göz midadı, bəzək kifimin yarıaçıq zipi eşikdə qalıb. Əlimi üzümə çəkirəm. Qaqırdaq kimidir. Kremi ovcuma sıxıb, üzümə yaxıram, bir az sığallayıram. Əlimi yumşanmış yanağıma çəkirəm. Çəhrayı roj dodaqlarımda gəzişir. Daraq, saçlarımın kilkəsini açır. Güzgüdə qadına oxşayıram, bir az da sürmələnim deyə, qara midadı gözümə çəkərkən bağırsağım qəfildən kisənin içinə boşalır. Bir anlıq olsa da, belə bu sovxa  kisəni unutmuşdum. Midadı güzgüyə çırpıram. Midad güzgüdə, iynə boyda qara iz buraxır. Dodaqlarımdakı roju əlimlə silirəm. Roj, sir-sifətimə, çənəmə yayılır. Saçlarımı əlimlə pırtlaşdırıram. Güzgüdən, sirk təlxəyinə bənzəyən bir qadın mənə baxır...

Çərşənbə

Odlu-odunlu günlərim ötüb. Ocaqda qalan közlərdən bir qor belə çırtlamır. Qolum sustalıb. Yatağımdan qalxmağa incarım yoxdur. Hər ay başı olduğum kimi, canım qızdırmalı, döşlərim daş kimidir. Toxumluqlarımın əktiv zamanıdır. Bu qızdırma cinsi hormonlarımın yüksəlməsindəndir, yəqin bilirəm. Döşsüz qonşumuzun düşüncəsi məni rahat buraxmır. Onun hormonlarının yüksəlmə zamanında döşlərində qalan yara izlərini düşünürəm. Görəsən o, ay başı olarkən nə hala düşür? Döşləri gizildəyirmi?!. Dərisimi büzüşür?!. Bəlkə də yaralarının yeri göynəyir!..
Altımdakı plastikin xışıltısı yalqızlığımı üzümə çəkir sanki. Gözüm, tavanın gəç işləmələrində qalıb. Divarın çəhrayı boyasında, gəlinlərin dümağ çələnginə oxşayır bu qabartmalar.
Tənəbidən gələn televizor səsi, arı vızıltısıdır sanki, qulağımda səslənir. Bəlkə də ərim, macəralı və çox həyəcanlı bir film izləyir. Aramızda bir qapılıq məsafə var.
Böyrümdəki kolostomi kisə sayəsində qapı, sanki Habil divarıdır, mən də bir fələstinli qadınam.
Əgər plastikin xışıltısı bir də böyrümdəki kisə olmasaydı, divarın arxasında tək başıma qızdırma içində yanmazdım.
Qapının kilidini bururam. Üst-üstə geyindiyim paltarları soyunuram. Çıl-çılpaq güzgülənirəm. Keşkə döşsüz qadın heç bir zaman güzgü qabağında öz çılpaq gövdəsinə baxmasın, deyirəm. Böyrümdəki kisə, hələlik bomboşdur. Yavaşca yorğanımın altına süzülürəm. Yorğanın sərinliyi, canımın qızdırmasını alır. Gözlərimi yumuram.

Cümə axşamı

Qolumu yorğanın altından çıxarıram. Üşüyürəm. Yorğanı qaldıranda soyuq canıma işləyir. Hələ indi yadıma düşür, gecə çıl-çılpaq yorğanın altına süyrüşmüşdüm. Bir şey böyrümdə ağırlıq edir sanki. Kisəm yadıma düşür. Durub dəyişməliyəm. Güzgünün qabağından keçəndə qarnımın çizgilərinə sarı sallanan kolostomi kisəyə baxıram. Nədənsə, nənəm yadıma düşür. Harada bir pinti uşaq görsəydi «pox motaldır» deyərdi. Doğrudan da elə böyrümdəki kisə ilə o motala dönmüşəm. Bir an güzgü qabağında, çirkin gövdəli heykəl kimi quruyub qalıram. Vaaaay! Kisənin içindəkilər nədi?.. Bunlar haradan çıxdı?.. Yoxsa qarnım qurdlanıb?.. Gör nə kisənin içində qımıldayırlar!..
Əllərim əsir. Nə edim? Kimə deyim?.. Ərimə zəng açım? Onda heç evə dolanmaz! Yoxsa qızıma?.. Yooox... Elə olursa, telefonun arxasındaca  keçinər. Bəlkə oğlum!.. O - harada olsa özünü yetirər, Facebook səhifəsinə surpriz bir şəkil üçün!.. Qaçım cərrah həkimin yanına...
Qorxuram kisəyə baxım. Ürəyim bulanır. Axı birdən birə mənə nə oldu? Bu narıncılar nədi? Şam yeməyində sup içmişdim. Olmaya yerkökü!..Yoxsa qurda bənzəyənlər də supun əriştəsi... Aaaax! Qurd olsaydı ölərdim haaa. Bircə elə qurd qoymağım qalmışdı. Nə yaxşı evdə heç kim yoxdur. Yoxsa bu halı görən oğlum-qızım ömür boyu bir qaşıq da belə sup içməzdilər.
Özümdən çimçəşirəm, suya cumuram. Bu gün, çiləyəndən tökülən su, fərqlidir deyəsən. Hər gün duş aldığım sudan dəyişikdir. Su elə mehriban-mehriban axır, elə bil nazlana-nazlana bədənimdə oynayır. Damcıları muncuq-muncuq bədənimdən ətrafa sıçrayır. Sramikin üstündə su yoluna axır.
Canımı lifləyirəm. Sabunlu əlim bədənimdə sürüşür. Barmağımı bağırsağımın başına vururam. Oooooof... Acışır. Sabunlu əlimi bağırsağımdan yuxarı çəkirəm. Döşsüz qonşumuz ağlımdan çıxmır....
Qətfəni canıma bürüyürəm. Günəşin işığı otağımın ortasına, yatağımın üstünə düşüb. Tül örtüyün  arxasından baxıram. Döşsüz qonşu qucağındakı dibçəkdə, ağappağ tün çiçəyi apartmana sarı gəlir....

Cümə günü

Həftənin son günüdür. Hər yer bağlı, hər şey tətilə çıxıb. Keşkə həyatın da tətili olaydı. Altı gün yaşayıb, yeddinci gün ölüb, sonradan dirilərdik. Altı gündür ölü kimiyəm. Bu cəmdək qoxulu, kisəli həyatımda, yalnız yazılarımla yaşamışam.
Yerimdən qalxıram. Güzgüdə özümə baxıram. Qapını yavaşca açıram. Ərim, tənəbidə yetim uşaqlar kimi balıncını qucaqlayıb, xoruldayır. Uşaqların otağından içəri girmirəm. Qapıdan baxıram. Yuxuda elə məsum görünürlər ki, onları öpməyim gəlir. Hamama girmək istəyirəm. Yerində kisəm laqqa ha laq laqqıldayır. Oğlum düz deyir, bəlkə də kisəmdən çəkdiyi şəkli facebooka qoysa, birinci yeri tutdu...
Hamamdan çıxmışam. Pəncərədən apartmanın önündəki parka baxıram. Gecə yağan yağışdan asfalt da dinc, toxtaq görünür. Saçlarımın suyu çiyinlərimə damcılayır. Döşsüz qadın, əlində iki bərbəri apartmana sarı gəlir. Pəncərəni açıram. Tozlu şüşədə barmağımla yazdığım "mavayıl" kəlməsi hələ də durur. Əlimi şüşəyə çəkirəm.
Döşsüz qadın gözümdən itənə qədər, onu izləyirəm. Bu gecədən otağım tün çiçəyinin ətri ilə dolacaq deyə, düşünürəm....

Xudaferin.eu

23:21