“Ruhumu o kəndə bağışlayıb gəldim” - Keçmiş döyüşçü Xaqani Rzaquliyev - FOTOLAR+VİDEO

Modern.az saytında kövrək uşaqlıq xatirələri, ata yurdu həsrətinin ifadəsi ilə zəngin “Mənim kəndim” rubrikasına davam edirik.

Bu dəfə Qarabağ müharibəsi əlili Xaqani Rzaquliyev böyüyüb, boya-başa çatdığı Ağdərə rayonunun Xatınbəyli kəndindən danışacaq. Beləliklə, Xaqani Rzaquliyevi  oxucularla baş-başa buraxırıq. Gəlin, onu dinləyək:

Mənim kəndim…

“Sovetlər dövründə bir məktəblinin yazdığı inşa məşhur idi. "Mənim anam" mövzusunda şagird bircə cümlə yazmışdı: "Mənim anam yoxdur, o, ölüb"...

Sonra izahında müəlliməyə demişdi ki, “mən ana haqqında yalandan yaza bilməzdim. Çünki hamı ananın müqəddəsliyindən danışır”...

Modern.az saytının "Mənim kəndim" rubrikasının müraciəti nədənsə bu hadisəni mənə xatırlatdı. Mənim kəndim yoxdur, işğal olunub"- deməklə ötə bilmərəm. Çünki ömrümün gözəl və ağır çağları Ağdərə rayonunun Xatınbəyli kəndində keçib- məktəb illəri, iş həyatı, savaş...
 

Orda bir köy var, uzaqda

O köy bizim köyümüzdür.

Gəzməsək də, görməsək də

O köy bizim köyümüzdür.

(Ahmet Kutsi TECER)
 

O illəri və doğma kəndimi xatırlarkən kəmər kimi dağın belinə dolanan bir cığırdan keçmək üçün bütün dünyanı verə biləcəyimə də, hətta bir keçmiş döyüşçü kimi canımdan keçməyə də hazıram. O cığırı ona görə xatırlayıram ki, hər birinci qar yağanda oraya gedərdik. Cığırın şimalına qar yağardı, cənubunda isə hətta bəzən payız günəşi parlayardı. Sanki bu cığır iki fəslin bu dünyadakı sərhəddiydi. Bu cığırı hərdən şirin və şor sular qovuşmayan dənizlərin sədlərinə bənzədərdim...

 

Orda bir yol var, uzaqda

O yol bizim yolumuzdur.

Dönməsək də, varmasaq da

O yol bizim yolumuzdur.

(Ahmet Kutsi TECER)
 

O cığırları bizlər və bizlərdən öncəkilərin ayaq izləri salıb. O cığırlar bizim cığırımızdır. O cığırlar bizi gözləyir...

Dünyada bundan dəhşətli faciə yoxdur ki, öz Vətənində vətənsiz, kəndsiz yaşayasan. Həmyerlim, ağdərəli şair Əlövsət Saldaşın bir şeiri var:
 

Dərmanım tapılmır, ağır xəstəyəm,

Köhnə yaralarım hələ qan verir.

Mən diri şəhidəm, ayaq üstəyəm,

Vətənsiz ölənlər, necə can verir?

Biz bu dəhşəti yaşayırıq. Mənim kəndim dağlar qoynunda kiçik bir dağ kəndiydi. Dağlar kimi əzəmətli və sərt övladları vardı. Bir ləkə bu məğrurluğa kölgə saldı...
 


Kəndli günlərim...

 

Bizim kənd 30-cu illərin antisovet üsyanları dövründə "qaçaqlara dəstək olurlar" kimi məkrli erməni fətvası ilə Sığnaq yaylasından hazırki ərazilərə köçürülmüşdü. Kəndin böyüməməsi təmin edilmişdi və yüzlərlə ailə kəndi tərk edib başqa yerlərə köçüb getmişdi. Sığnaq yaylası tarixi bir əraziydi. Min illər yaşı olan 14 qəbristanlıq vardı. Yəqin ki, kəndin bu tarixi ərazidən köçürülməsi xalqı öz kökündən ayrı salmaq üçün edilmişdi. Çünki Azərbaycanın kommunist rəhbərliyi hələ o illər belə o əraziləri "erməni torpağı" elan etmişdi. İlk dəfə əmək fəaliyyətinə geoloqlarla kəndimizdə qızıl axtarışıyla başladım və kəndimizin böyük və zəngin bir qızıl yatağı üzərində yerləşdiyini bu ekspedisiya kəşf etdi və bu gün talanan sərvətlər içində bu qızıl yatağının da adı var. Bu kəşfdən sonra dost-tanışa deyirdim ki, bu kəndin qədrini bilin qızılın üstündə yaşayırsınız. 
Atamın təkidiylə öz ilkin peşəm - müəllimlik üçün Maarif şöbəsinə getdim və məni 20 yaşımda 6 illik sovxoz məktəbinə direktor təyin etdilər. Düzü istəyirdim ki, mənfi cavab alıb qayıdım və qalıb geoloqlarla işləyim. Amma birbaşa əmrimi verdilər. Bir həftə evdə əmri gizlədim, atama demişdilər ki, oğlunu məktəbə direktor qoymuşuq, 1 həftədir işə çıxmır. Gerisi məlum...
 

2 il işlədim... Bir gün beynəlmiləlçi sovxozda rayon rəhbərliyinin müşavirəsi keçirilirdi, məni də dəvət etdilər. Ən zəhləm gedən şey iclasda oturmaq əzabıdır. Bizim çıxışçılardan II katib A.Əliyev rus dilinin qol-qabırğasını qıra-qıra danışdıqdan sonra erməni katib ermənicə danışmağa başladı və mən bir az dözdüm. Sonra ayağa qalxıb dedim ki, “bura Azərbaycan Respublikasıdır və burada ermənicə danışa bilməzsiniz”. Aləm bir-birinə dəydi. Çağırışlara qardaşım gedirdi. Sonra gəlib mənimlə sovxozda guya izahat işi aparmağa çağırdılar və orada Azərbaycan Konstitusiyasında bizim dövlət dilinin Azərbaycan dili olduğnu dedim. "Orqotdel"in başına “qaynar qazan” töküldü və bayaq qışqıran erməni quzu kimi danışıb yalvarırdı. Xatırladım ki, bu hadisədən sonra bizimkilər məndən gen dursa da, ermənilər mənimlə görüşüb "yurist, yurist" deyirdilər. 1986-cı ildə isə ermənilərin petisiya kağızını ələ keçirib DTK-ya göndərdik. Amma bizimkilər buna heç baxmadılar da...
 

Ermənilərlə davalarımdan bezən atam məni öz təhsil aldığım məktəbə qayıtmağa məcbur etdi.

Universitetin Jurnalistika fakültəsinə daxil olanadək öz təhsil aldığım məktəbdə işlədim və 1987-1988-ci il hadisələrinin ilk günündən mərkəzi hökumətə onlarla məktub göndərdik. Lakin bizim olmayan mərkəzi hökumət "Kommunist" qəzetində palaz-palaz beynəlmiləlçi yazılarla cavab verirdi..
 

Bunca gərginliyin içində mən o kənddə Dostayevskini, Tolstoyu və Çexovu öz dillərində oxudum və uzun qış gecələri bəzən səhərə qədər bu kitablarla günümü keçirdim.
 

Kəndimizin sərt qışını sevirdim. Mən hər dəfə yorulanda kəndimizin nəfəs donduran qışını düşünür və hər şeyi unuduram. Bu gün əlimdə qalan kiçik bir gündəlikdən (02.01.1989) bir qış gününü sizlərə təqdim edirəm: "Qar yağırdı. Kəndin qənşərindəki meşələrlə örtülmüş təpələr qar dağlarını xatırladırdı. Ətrafı bürümüş qar dənizinə baxanda düşünürsən ki, bir daha bu yerlərə yaz gəlməyəcək...
 

Bu ara evimizin qarşısındakı Aralıq qüzey deyilən təpələrin üstündə ulayan qurdun vahiməli səsi kəndi ev-ev dolaşdı. Sanki bu qurd insanlara Qiyamətin gəlişini xəbər verirdi. Səsin vahiməsindən insanın tükləri biz-biz olurdu. Bütün dərələrdə əks-səda verən bu səsin sahibinin tənhalığını düşündüm və özümü o tənha, ac-yalavac bu qurdun yerinə qoydum. Sağ, sol, ön və arxa qara qərq olmuşdu. Meşədə qara sancılmış oxlara bənzəyən susqun ağaclar və nəfəs kəsən sərt bir sazaq...

Bomboz göylərin ayı və ulduzları ölmüşdü. Ətrafda bir canlının olması mümkünsüz idi. Gücün yalnız ulamağa çatar, qardaş! Əslində bezən və bezdirilənlər də ulayarlar. Tənhaların qisməti ulamaqdır. Amma meşədə o kar və lal ağacları haraylamağın nə faydası? Kimsə bu soyuqda canına əziyyət verib sənin başına güllə də vurmaz. Hələ o qorxaq köpəklər sənin səsinə başlarını isti yerlərindən çıxartmadan, yalnız öz sahiblərinə xoş gəlmək xatirinə bir - iki ağız hürüb kiriyər. Qurdla qiyamətə gedənlər hanı bəs?
 

Qar yağırdı. Qocalar deyərdilər ki, dığırgilə qarın kəsilməsi bilinməz"”...
 


Buralarda savaş var...

“İnsanlar ağac kimidir. Bir ağacı meşədən çıxarıb yerini dəyişəndə o ağac dəyişir. Qabriel Qrsia Markes "100 il tənhalıqda" romanında yazır: "İnsan doğulanda ağaca bağlanır, sonda isə onu qarışqalar yeyir". Bu gün yarıxoş, yarızor Azərbaycan insanını kökündən çıxarılmış ağac kimi Bakının neft qoxulu torpağına "əkirlər". Bu gün bəzi ağzıgöyçəklər "Qarabağ alınsa, kimsə geri qayıtmayacaq" kimi gülünc iddialar ortaya atmağa çalışır. Bildirim ki, mən Bakıya köçkün kimi gəlməsəm də, ilk geri qayıdanlardan biri olacağıma inanıram. Ağdərənin Sırxavənd, Umudlu və Çərəkdar kəndlərindən başqa bütün kəndlər erməni vandalları tərəfindən yandırılıb. Qarabağ başıpozuqluğun və milli çatışmazlıq sindromunun qurbanı oldu. Burnunun ucunu görməyənlərin ortaya düşməsi bizim məğlub duruma düşməmizə səbəb oldu. Amma öz canından keçən şəhidlərin hesabına düşmənin planı pozuldu.

Bir ölkənin gözü qabağında və Xocalı faciəsini görən bir millət bizim kəndlərin apardığı mübarizəni kənardan izləməklə yola verdi. Amma o qəhrəmanların hesabına düşmənə o dövr üçün ən ağır zərbələr vuruldu və yalnız axşama doğru kömək gəlmədiyini görən Baş Güneypəyə və Ortapəyənin qəhrəman döyüşçüləri mövqeləri tərk etməyə məcbur oldular.

Bu gün bir nəslin yetişməsi üçün 20 ilin lazım olduğunu nəzərə alsaq, ölkədə Qarabağsız bir nəsil yetişib. İkinci nəslin isə artıq 5-6 yaşı var.

Ona görə də bu rubrika dəyərlidir və o kəndlərimizin mövcudluğu haqqında bu nəsil maarifləndirilməlidir. Savaş faciədir, amma savaşın Vətəni və doğulduğun kəndi düşməndən qorumaq üçün ən gözəl vasitə olduğunu da aşılamaq vaxtıdır. Bu gün öz kəndimi düşünərkən biz elliklə savaşçı olsaydıq, düşmən bizim bir daşımıza zərər verə bilməzdi.

Amma Qarabağda körpə uşaqlar güllə səsiylə yatıb-duranda kimsə bu reallığı anlamadı və mübarizəni Qarabağdan yayındırıb məqsədli şəkildə Bakı üzərinə yönəltdilər. Nəticədə hər çiçəyində, hər çınqılında bir xatirəm olan kəndimiz işğala məruz qaldı. Bu bilirsiniz nə deməkdir? Kəndin işğalı müəyyən bir toplumun yaddaşının, instiktlərinin, müqəddəs bildiyi şeylərin itirilməsi deməkdir.

Bu gün jurnalistika fəaliyyətimi və tələbəliyi atıb öz kəndim Xatınbəyli uğrunda döyüşə getdiyimə və öz qanımı o torpağa qatığıma görə təsəlli tapıram. O kənd mənim üçün təkcə babalarımın məzarları ilə yanaşı, bir əzamın da məzarı olan yurd kimi mənə əzizdir.

Doğma kəndimin müdafiəsində dayandığım günlərdə dəfələrlə oxuduğum və mənimlə yoldaş olan bir şeiri heç unutmadım. Bu şeiri əsl savaş görmüş birisi yazıb. Kəndin müdafiəsindən evə qaydanda mütləq bu şeiri oxuyardım:

 

Buralarda savaş var,

Oralarda günəş varmı?

Varsa sor ona,

Niyə isitmir bizi?

Sizi isitdiyi qədər...

(Fikret Tuncer)
 

Bir dəfə "Gənclik" jurnalında iş yoldaşım olan rəhmətlik Sabir Sarvan bizim kəndə gəldi və məndən soruşdu ki, niyə hər şeyi atıb birdən çıxıb getdin? Dedim ki, mənə belə gəlir ki, bu kənd olmasa, dünyanın harasında olsam özümü qərib sayacağam.  Bu haqda yazı "Gənclik" jurnalında dərc olunub. Bu gün də o fikirdəyəm.

Sanki o kəndsiz həyatımın bir hissəsi yoxa çıxıb. Ola bilər ki, vecsiz adamlar olsun, amma yurd itkisi ağır dərddir. Türklər tarixən yurd itkisinə dözməyiblər. 100 il keçəndən sonra yenidən alınan yurdlarımız olub...”.
 


Ananızı deyil, Vətəninizi qoruyun...

 

“Evinizi deyil, kəndinizi qoruyun. Ananızı deyil, Vətəninizi qoruyun. Ailənizi deyil, millətinizi qoruyun...
 

Biz ibtidai təfəkkürdən qurtula bilmədik. Bu vətənin sərhədlərini deyil, sərvətlərini sevdik. Biz evimizin, anamızın, tayfamızın təəssübünü çəkə-çəkə kiçildik. Sərhədlərimiz də kiçildi. Azərbaycan bəlkə dünyanın ən bədbəxt məmləkətidir və bütün həmsərhəd oluğu ölkələr ondan ərazi qəsb edib. Bu gün də niyəsinin fərqində deyilik. Sabah da olacağımıza ümid yoxdur. Çünki biz keçmişi talan edilmiş, gələcəyi mücərrəd və yalnız bu gün üçün yaşamağa köklənmişik...

Mənim kəndim yoxdur, o işğal olunub. Amma bu millət hələ də düşünür ki, mən və ya qeyri birisi erməni-rus işğalını durdura bilərdik.

Bir dəfə posta gedəndə bir qızcığazın anasına  "üstümə iki yorğan ört, mənə güllə atılanda incitməsin" dediyini eşitdim. Posta gedən döyüşçülərə dedim ki, siz anladınızmı nəyin keşiyini çəkirsiniz? Biz kəndimizi qoruya bilsək, o uşaq anasına o sualı verməz...

...Mənim kəndim yoxdur və o kəndi erməni vandalizmi yer üzündən silib. Biz vətəni çınqıl-çınqıl, cığır-cığır itiririk. Mənim yazım bir kəndin anısına yazılmış bir yazıdır. Mən olmayan o kənddənəm, orda uzaqlarda qalan bir kənddənəm...
 

...Gedə bilmədiyim, gəzə bilmədiyim bir kənddənəm...
 

...Orda bir kənd var uzaqda... Fikrət Tuncərin öz şeirinə yazdığı bu ön sözü Xatınbəyli kəndinə çox oxumuşdum, amma olmadı...
 

- Gözlərimi göz bankına, böyrəklərimi böyrək vəqfinə, ürəyimi sizlərə bağışlamışdım. Fəqət savaş hamısını aldı məndən...
 

...Ruhumu da o kəndə bağışlayıb gəldim...”.

13:55