Rəsulzadə İstanbulda anıldı

Türkiyənin İstanbul şəhərində Azərbaycan Cümhuriyyətinin əsas qurucularından Məhəmməd Əmin Rəsulzadənin doğumunun 133-cü ili münasibətilə tədbir keçirilib. “İstanbul Azərbaycan Kültür Evi”ndə keçirilən tədbirdə Rəsulzadənin həyat yolu haqqında geniş məlumat verilib, sənədli film nümayiş etdirilib.  Tədbiri giriş sözü ilə açan “Kültür Evi”nin başqanı Hikmət Elp Rəsulzadənin Azərbaycan tarixində oynadığı mühüm rol haqqında danışıb, onun Türkiyədəki fəaliyyətinə toxunub.

Rəsulzadənin doğumunun 133-cü ildönümü ilə bağlı təqdimat hazırlayan Teleqraf.com-un Türkiyə təmsilçisi Dilqəm Əhməd Rəsulzadə haqqında nadir materiallar yayımlayıb, onun 1918-ci ildə İstanbuldan Azərbaycan hökumətinə göndərdiyi məktubu oxuyub. D. Əhməd bildirib ki, İstanbulda Rəsulzadə ilə bağlı tədbirin keçirilməsinin bir sıra səbəbləri var: “Azərbaycan Cümhuriyyətinin işğalından sonra Rəsulzadənin sistemli şəkildə sovetlərə qarşı ilk mübarizəsi məhz İstanbulda başlayıb. Ona görə də İstanbulda təhsil alan, yaşayan, çalışan azərbaycanlıların belə bir gündə bir arada olması milli birliyimiz üçün xüsusi önəm daşıyır”.
Tədbirdə “İstanbul Azərbaycan Kültür Evi”nin İdarə Heyətinin əksər üzvləri, “Bütöv Azərbaycan Ocaqları”nın İstanbul təmsilçisi Babək Türkoğlu, Güney Azərbaycanlı milli fəal Oğuzrza Sadıqoğlu və digər qonaqlar iştirak ediblər.

Xudaferin.eu
Türkiyə, “İstanbul Bürosu”

 

 

11:09