Rəsul Cəfərov: Azərbaycan hökumətindən bir şey tələb olunur-İlqar Məmmədovu azad etmək

 

Avropa Şurasının Nazirlər Komitəsi REAL hərəkatının lideri İlqar Məmmədovun şərtsiz azad edilməsi çağırışına riayət etmədiyinə görə Azərbaycana qarşı prosedura başlayıb. Avropa İnsan Haqları məhkəməsi bu qənaətə gəlib ki, İlqar Məmmədova qarşı ölçülər onun susdurulması və cəzalandırılması məqsədi daşıyır. REAL hərəkatının idarə heyətinin üzvü Rəsul Cəfərov Amerikanın Səsinin Amerika icmalı proqramında Avropa Şurasının Nazirlər Komitəsinin qərarının əhəmiyyətini və onun mümkün nəticələrini şərh edib.
 

Rəsul Cəfərov Avropa Şurasının Nazirlər Komitəsinin İlqar Məmmədovun azad edilməsi üçün təşkilatın tarixində ilk dəfə olaraq mövcud hüquqi mexanizmlərdən istifadə edərək qəbul etdiyi qərara yüksək qiymət verdiyini bildirib.

“Bu qərarın ən böyük əhəmiyyəti ondan ibarətdir ki, Nazirlər Komitəsi əlində olan bəlkə də yeganə hüquqi mexanizmi işə saldı. Bizim mövqeyimiz ondan ibarətdir ki, bu mexanizm çox gec qüvvəyə mindi. Biz fikirləşirik ki, əgər bu prosedura bir il, iki il bundan əvvəl başlanılsaydı, bəlkə də İlqar Məmmədov artıq azadlıqda idi. Amma digər tərəfdən anlayırıq ki, baş katib və Avropa Şurasının digər qurumları, o cümlədən ayrı-ayrı Avropa Şurası ölkələri Azərbaycan hökuməti ilə danışqlarda olublar. Siz xatırlayırsınızsa, baş katib 52-ci maddə üzrə xüsusi prosedura başlamışdı ki, həmin prosedurun nəticəsində bəlkə İlqar Məmmədovun azadlığa buraxılması təmin edilərdi”, Rəsul Cəfərov bildirib.

Onun sözlərinə görə, qərar göstərir ki, Avropa Şurasının Nazirlər Komitəsinin mövqeyi birmənalıdır. “Onların səsləndirdiyi İlqar Məmmədovun qeyd-şərtsiz və dərhal azadlığa buraxılma çağırışı həm konvensiyaya, həm də Avropa Şurasının digər sənədlərinə və praktikasına əsaslanır. Və Azərbaycan hökumətinin o arqumenti ki, hansı ki onunla bağlı idi ki, qərarda `dərhal azadlığa buraxılsın` idafəsi yoxdur arqumentinin üzərindən xətt çəkilmiş oldu.”

Rəsul Cəfərov Nazirlər Komitəsinin Avropa Məhkəməsinə göndərdiyi rəsmi sorğu haqda danışıb. “Və bu sorğunun mahiyyəti, yəni sorğuda qoyulmuş sual ondan ibarətdir ki, Azərbaycan Avropa Məhkəməsinin İlqar Məməmdovla bağlı qərarını icra etməməklə üzərinə götürdüyü öhdəlikləri pozur və ya pozmur....Əgər o rəy gəlsə ki, qərarı icra etməmə Azərbaycanın üzərinə götürdüyü öhdəliyi pozur, bundan sonra artıq Nazirlər Komitəsinin legitim səlahiyyəti yaranır ki, Azərbaycana, yəni hökumətə qarşı təşkilatdaxili sanksiyalardan birini tətbiq etsin.”

Rəsul Cəfərovun bildirdiyinə görə, Avropa Şurası öz mövqeyini açıq şəkildə bəyan edib, bu da qərarın icra olunması, İlqar Məmmədovun azadlığa buraxılmasından ibarətdir. “Azərbaycanda da İlqar Məmmədovla bağlı qərarda da tələb olunan fərdi addım İlqar Məmmədovun azadlığa buraxlmasıdır. Yəni bu çağırış Avropa Məhkəməsi, daha sonra da Avropa Məhkəməsi tərəfindən açıq şəkildə qoyulub...Yəni Azərbaycan tərəfindən bir şey tələb olunur: İlqar Məmmədovu azad etmək.”

Amerikaninsesi.org

 

10:18