Rəssamlığımızın Mirzə Qədim İrəvani zirvəsi

 

Duyulası zaman distansiyası bizə Azərbaycan təsviri sənətini bənzərsiz sənət inciləri ilə zənginləşdirən Mirzə Qədim İrəvaninin (1825-1875) axtarışlara köklənmiş yaradıcılığının əsl dəyərini göstərməyə imkan verir. Qənaətimizcə, onun çoxəsrlik sənət tariximizə verdiyi ən böyük töhfə ənənə və müasirlik probleminin həlli kontekstində, milli rəssamlığımızı duyğulandırıcı realist-gerçəkçi ifadə vasitəsilə yeniləşdirməsi olmuşdur. Başqa sözlə desək, o, yaradıcılığında Şərq və Qərb bədii ənənələrini daha qabarıq və uğurla birləşdirən rəssam kimi sənət tariximizə daxil olmuşdur...

Bu yerdə məcburən bir qədər tarixə ekskurs etməklə deməliyik ki, Azərbaycan təsviri sənətində ilkin təzahürlərini XVIII əsrdən başlayaraq göstərən “Qacar üslub”u əslində Ağa Məhəmməd şah Qacarın hakimiyyəti dövründə bir-çox sənətkarların Avropada təhsil almaları ilə əlaqəli idi. Özündə həm Avropa, həm də Şərq rəssamlığı ənənələrini birləşdirən və əsasən kətan üzərində icra olunan bu üslub ölkədə hələ də miniatür əsərlərinin yaradılmasına baxmayaraq geniş yayılmağa başlamışdı. Bizim dövrümüzə gəlib çatmış müxtəlif azərbaycanlı rəssamların əsərləri doğrudan da bu üslub qovğasından yaranan tabloların özünəməxsus bədii dəyərə malik olduğunu təsdiqləyir. Bütün baş verənlərin sayəsində, yəni Azərbaycan rəssamlığına həm də yeni icra vasitəsi və texnikalarının daxil olması ilə təsviri sənətin tətbiq məkanı daha da genişləndi. Bu mənada binaların divarlarını müxtəlif mövzulu rəsmlərin bəzəməsi də bunun göstəricisi sayıla bilər. Vaxtilə Təbriz bəylərbəyinin sarayını, Bakıda Hüseynqulu xanın sarayını, İrəvan sərdarı Hüseynqulu xanın sarayını, Şəkidə Xan sarayını və Şəkixanovların evini, Şuşada Mehmandarovların və Səfibəyovun evini, Quba, Naxçıvan və Şamaxı hamamlarını bəzəyən və bəziləri də bu günə kimi qalan divar rəsmləri özünəməxsus bədii məziyyətləri ilə memarlıq tikililərini zənginləşdirdiklərini təsdiqləyirlər. Həmin sənət əsərlərinin müəllifləri arasında yaradıcılığında Qərb və Şərq bədii ənənələrinin sintezini əks etdirən Mirzə Qədim İrəvani (1825-1875) özünəməxsus dəst-xətti ilə seçilmişdir. Müxtəlif janrlarda kətan və kağız üzərində yaratdığı əsərlərdə onun öz dövrü üçün yeni sayıla biləcək gözəllik duyumunun ən yaxşı xüsusiyyətlərini görmək mümkündür...

Tanışlıq üçün deyək ki, Mirzə Qədim 1825-ci ildə qədim Azərbaycan şəhəri olan İrəvanda sənətkar ailəsində anadan olmuşdur. Bəy nəslindən olan atası Hacı Məhəmməd Hüseyn öz dövrünün çox məşhur ağacoyma ustalarından idi. Elə balaca Qədimin rəssamlığa olan meylinin kökündə də onun göz açdığı vaxtdan evlərində atasının yaratdığı sənət möcüzələri ilə üz-üzə qalmasının durduğunu söyləmək olar. Qədimin uşaqlıq illərində çəkdiyi rəsmlər onun böyük istedadından xəbər verirdi. Bunu atası da, yaxın qohumları da yaxşı görürdülər. Başqa sözlə desək, onun zamanında böyüdükcə atasının yolunun davamçısı ola biləcəyini təsdiqləyəcək istedadı göz qabağında idi. Ancaq sənətə bu qədər böyük sevgisi olan Mirzə Qədimin sonradan professional təhsil almaması indiyə qədər də sual doğuran məsələlərdəndir. Belə ki, vaxtı çatanda atası İrəvanda ibtidai təhsil almış oğlunu Tiflis gimnaziyasına başqa bir peşəyə yiyələnmək üçün göndərir və o, təhsilini bitirəndən sonra doğma İrəvana qayıdaraq ömrünün axırına kimi şəhərdəki poçtda teleqrafçı işləmişdir. Bu gün duyulası zaman distansiyasından teleqrafçı - rəssamın yaradıcılığının yüksək bədii-estetik dəyərə malik olmasını şərtləndirən səbəblər sırasında heç şübhəsiz ruhunda daşıdığı Allah vergisi olan istedadla yanaşı, onun atasının ecazkar əsərlərindən ilhamlanması, müasir tipli gimnaziyada rəsm sənətinin ilkin vərdişlərinə yiyələnməsi və sonradan davamlı olaraq öz üzərində çalışmasının durduğunu söyləmək olar. Elə bütün bunların nəticəsidir ki, o, Azərbaycan tarixində dövründə çox böyük nüfuza malik ziyalı kimi qalmışdır. Elə Mirzə Qədimin fars, rus və fransız dillərinə bələd olması, musiqi tarixi və nəzəriyyəsi ilə məşğul olması da bunun göstəricisidir. Onun evində məşhur Şərq və Qərb, Avropa və rus ədəbiyyatı nümunələrinin toplandığı zəngin kitabxananın mövcudluğu da onun öz dövrünün çox savadlı adamlarından biri olduğu barədə söylənilənləri təsdiqləyir.

Taleyinə 50 il ömür payı yazılmış M.Q.İrəvaninin adını bu gün Azərbaycan incəsənəti tarixində yaşadan təbii ki, onun yaşının nə qədər olması deyil. Heç şübhəsiz adi poçt məmuruna bu ölməzliyi qazandıran həmin yarım əsrin azlığı və yaxud çoxluğu olmayıb, onun bu müddətdə sənətlə bağlı olması, ecazkar bədii nümunələr yaratmasıdır. Rəssamın onun qalanlarla qalmasını təmin edən bədii yaradıcılığı - ərsəyə gətirdiyi portretlər və divar rəsmlərin bu gün öz xalqına başucalığı və qürur bəxş etməsi isə yəqin ki, həyatdakı ən böyük mənəvi qazancıdır. Varlığında kollej asessoru (çar Rusiyasında mülki rütbə) və rəssam taleyini birləşdirən M.Q.İrəvaninin onların hər ikisinə münasibəti demək olar ki, doğma - bərabər olub. Onun əsərlərini vaxtaşırı “Mirzə Qədim İrəvani” və “Qədim bəy”, bəzən də “kollej asessoru” kimi imzalaması da bunun əyani görüntüsüdür...

O, təsviri sənətin bir çox sahələrində , o cümlədən monumental rəngkarlıq və qrafika sahələrində fəaliyyət göstərmişdir. Onun bir o qədər də çox olmayan bədii irsində portret və ornamental kompozisiyalar geniş yer tutur. Rəssamın kağız, parça, dəri və şüşə üzərində işlənmiş əsərləri bu gün Bakıda Azərbaycan Milli İncəsənət Muzeyində, Tiflisdə Gürcüstan Dövlət İncəsənət Muzeyində və Sankt-Peterburqda Dövlət Ermitajında nümayiş etdirilir.

Tədqiqatçılar Mirzə Qədimin yaradıcılığını xronoloji olaraq üç mərhələyə bölürlər. 1840-cı ildən 1850-ci ilə qədərki dövr birinciyə aiddir. Bu illərdə onun daha çox insan təsvirləri ilə əlaqəsi olmayan yaradıcılıq işləri ilə məşğul olması həm də onun gündən-günə, aydan-aya cilalanan istedadının tətbiqi sənət ustası olan atasından öyrəndiyi bədii-texniki vərdişləri başqalarına nümayiş etdirməyinin ifadəsidir. Onun divar tərtibatı və milli tikmələr (“təkəlduz” və “güləbatın”) üçün tərtib etdiyi orijinal çeşni - eskizlər, hazırladığı trafaret-qəliblər də bunu təsdiqləyir. Gözoxşayan milli naxışlardan ibarət belə çeşnilərin əksəriyyətini simmetriya əsasında qurulmuş, nəbatat və yaxud heyvanat aləmindən götürülmüş motivlər təşkil edir. Canlılar aləmindən götürülmüş motivlər arasında bülbül, qaranquş, tovuz quşu, nəbati ornamentlərdə isə ot kolu, qızılgül və nar gülü əsas yer tutur. Hazırda Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında qorunan və qızılgül şaxəsi üzərində oturan bülbülü təsvir edən rəsm bədii dəyərinə görə xüsusi maraq kəsb edir. Qeyd edək ki, məhəbbət rəmzi sayılan və çox geniş yayılmış bu motivin rəssamın yaradıcılığında şüşə, dəri, parça və kağız üzərində çəkilmiş müxtəlif versiyalarına da rast gəlmək mümkündür. Onun bizim dövrə gəlib çatmış “Qırqovul və gülər” rəsm-qəlib nümunəsi də diqqətçəkən nümunələrdəndir. Rəssamın yaradıcılığının ilkin mərhələsinə aid edilən əsərlər arasında onun şüşə üzərində ərsəyə gətirdiyi təsvirlər də mövcuddur. Onlardan ikisi bu gün Bakı muzeyinin kolleksiyasındadır. “Rəqqasə” və “Dərviş” adlanan bu kiçik ölçülü əsərlər yağlı boya ilə çəkilmişdir. Yaşıl fon-yerlikdə milli geyimdə qavalla rəqs edən qadının təsviri gənc Mirzə Qədimin artıq gələcək uğurlarının astanasında olduğunu göstərir. Bozumtul-yaşıl rənglə əhatələnən və ənənəvi geyimdə təqdim olunan dərvişin obrazı da rəssamın ilkin yaradıcılıq axtarışlarının uğurundan xəbər verir.

Rəssamın vəfatından sonra ailə arxivində onun yüzdən çox əsəri qalıbmış. Bizim günümüzə isə onların yalnız 23-ü gəlib çatmışdır. Bunlar da ermənilərin 1918-ci ildə İrəvanda yaşayan azərbaycanlılara qarşı törətdikləri qırğınlardan xilas olmağa çalışan ailə üzvlərinin özləri ilə götürə bildikləri nümunələrdir. Sulu boya və qələmlə çəkilmiş həmin əsərlərin 20 ədədi hazırda Bakı muzeyində saxlanılır. Onları zamanında muzeyə rəssamın yaxın qohumları təqdim ediblər.

Onun bədii irsində yağlı boya ilə çəkilmiş əsərlər də xüsusi yer tutur. Elə rəssamın yaradıcılığının ikinci mərhələsini də bilavasitə həmin işlər təşkil edir. Bu işlər vaxtilə İrəvan xanlığının iqamətgahı kimi inşa edilən Sərdar sarayını (XVIII əsr) bəzəyirmiş. Zəngin xarici və daxili tərtibata malik olan bu sarayın geniş salonunu zərif və şux koloritli naxışlar, tarixi və əfsanəvi süjetli divar rəsmləri, eləcə də “Qacar üslub”unda çəkilmiş portretlər bəzəyirdi. Buradakı portretlərin çoxunu (Fətəli şah Qacar, Abbas Mirzə, İrəvan sərdarı Həsən xan İrəvanlı, Rüstəm – Zal) o dövrdə 25 yaşı olmasına baxmayaraq məşhur rəssam kimi tanınan Mirzə Qədim çəkmişdi.

Yeri gəlmişkən deyək ki, öz dövrü üçün duyulası dərəcədə ciddi bir sifarişin ona həvalə olunması ilk növbədə onun istedadına olan inamın göstəricisi idi. Qeyd edək ki, o, bu işləri 1850-ci ildə sarayın bərpa işləri ona tapşırılarkən yerinə yetirmişdir. Başqa sözlə desək, rəssam burada əvvəllər işlənmiş divar bəzəklərini bərpa etməklə, kətan üzərində yağlı boya ilə sarayın daxili tərtibatına daxil ediləcək yeni portretlər də çəkmişdi. Tarixi sənədlərə əsasən demək olar ki, saray XX əsrin əvvəllərində erməni millətçiləri-daşnaklar tərəfindən dağıdıldığı zaman Mirzə Qədimin işlədiyi iriölçülü (200x100 sm) portretlər divardan çıxarılıb Tiflisə aparılmışdır. Hazırda Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanan “Sərkərdə” və “Fətəli şah” əsərləri rəssamın Sərdar sarayı üçün işlədiyi portretlərdəndir...

O, xüsusi rəssamlıq təhsili almasa da, görünür Tiflisdə oxuyarkən burada dünyəvi-müasir tədris proqramı çərçivəsində təsviri sənətin ilkin vərdişlərinə yiyələnməsi, ona burada qazandıqlarını və atasının tövsiyələrini əski milli dəyərlər – miniatürlər və el sənəti nümunələri ilə qovuşdurmağa, özünəməxsus üslubunu – dəst-xəttini müəyyənləşdirməyə imkan vermişdir.

Doğrudan da M.Q.İrəvaninin yaratdıqlarını özündən əvvəl mövcud olanların – nə “Qacar üslubu”nun, nə də real - gerçəkçi sənət ənənələrinin birbaşa görüntüsü saymaq olmaz. Amma onun yaratdıqlarında hər iki ilhamverici mənəvi qaynağın təsiri olsa da, bütünlükdə onların çox fərqli biçimdə təfsiri-interpretasiyası duyulur. Ədalət naminə demək lazımdır ki, M.Q.İrəvaninin obrazları bütün mənalarda həm Azərbaycan, həm dünya rəssamlığında gördüyümüz bədii şərhlərdən çox fərqlənir. Bunları həm də milli təsviri sənətimizdə gerçəkləşməyə başlayan dəzgah rəssamlığı formalarının ilk görüntüləri hesab etmək mümkündür. Onun ərsəyə gətirdiyi portret-kompozisiyalarda bədii şərh özünəməxsusluğunun qabarıq ifadəsi obrazların real, onlar üçün fon - yerlik rolunu oynayan məkanın şərti-dekorativ biçimdə təqdim olunmasındadır. Bu vaxta qədər rast gəlinməyən bu cür ifadənin təsirli olmasına yardımçı olan bədii məziyyət rəssamın obrazların yerə yaxın hissələrini əhatələyən sahənin rəng və naxış örtüyündəki əlvanlığı bütünlükdə qoruyub saxlaması, onu şərti təqdim etməsi, onların çöhrələrinin “qonşuluğundakı” yaxın sahələrin rəng tutumunu isə “zəiflətməklə”, obrazların çeşidli yaşantılarını tamaşaçı üçün daha cəlbedici və qabarıq olmasına nail olmasıdır. Bunu onun daha çox sulu boya ilə işlədiyi portretlərdə müşahidə etmək mümkündür. Etiraf etmək lazımdır ki, rəssamın bir-neçə seansa gerçəkləşdirdiyi portretlərdə rənglərin təravətli olmasına yetişməsi, bununla da sulu boyanın ali ifadə keyfiyyətini qoruyub saxlaması heç şübhəsiz Mirzə Qədimin yüksək sənətkarlığının göstəricisidir. Özündə Şərq və Qərb rəssamlığının bədii xüsusiyyətlərini yaşadan “Abbas Mirzə”, “Mah Tələt xanım”, “Vüculla Mirzə”, “Gənc qadın”, “Fətəli şahın portreti” və s. əsərləri bu qəbildəndir. Bu portretlərin çox önəmli və Azərbaycan təsviri sənəti üçün yeni olan bədii-estetik xüsusiyyəti onlarda insan psixologiyasının yaddaqalan ifadəsinə nail olunmasıdır. Bunu rəssamın müxtəlif yaşlı insanların çöhrələrinə verə bildiyi fərdi cizgilərdə duymaq mümkündür. Duyulası bədii kamilliyi ilə seçilən bu əsərlər Mirzə Qədimin çox da uzun sürməyən bədii yaradıcılığının elə son – üçüncü mərhələsini təşkil edir.

Yuxarıda qeyd etdik ki, rəssamın təsviri və tətbiqi sənətin bütün növlərinin bədii-texniki sirlərinə bələd olması ona ən müxtəlif materiallarda işləməyə imkan verirdi. Onun Sankt-Peterburq Dövlət Ermitajında saxlanan bir əsəri də elə bunu əyani nümayiş etdirən sənətkarlıq nümunəsidir. Bu əsər ilk baxışda orta əsrlərin Şərq əlyazmalarının üz qabığını andırır, əslində isə o, qovluq şəkilli bir hədiyyədir. Qovluğun içərisində sağda güzgü bənd edilmiş, sol tərəfinə isə bir kişi portreti çəkilmişdir. Portretin altındakı yazıdan (“General Karvilin üçün”) bəlli olur ki, Mirzə Qədim bu əsərini o vaxtlar Qafqazda olan bir rus generalına hədiyyə etmişdir. Bu özünəməxsus sənət nümunəsinin maraqlı cəhəti ondadır ki, burada milli ornamental sənətimizin geniş bədii imkanlara malik olduğuna şahidlik etmək mümkündür. Belə ki, ornamental bəzəklər qovluğun alt və üst qabığında yerləşdirilərək dəbdəbəli bir xalça kompozisiyasını andırır. Kompozisiyanın ara sahəsindəki şəffaf boyalarla, süsən və qızılgüldən böyük bir dəstənin, onun da üzərində bülbül təsvir edilmiş görüntüsü bütövlükdə estetik baxımdan çox duyğulandırıcıdır. Qovluğa “nəsx” xəttilə fars dilində Sədinin şeirlərindən əlavə olunmuş beyt də ümumi kompozisiyanı zənginliyinə təsir edən bədii vasitələrdəndir...

Ziyadxan Əliyev
əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru

11:39