Rəssamlarımızın “Novruz palitrası”

 

Novruz bayramının doğurduğu nikbin duyğuların bədiiləşdirilməsi rəssamlarımızın yaradıcılığında geniş yer tutur, desək, yanılmarıq. Ötən əsrin 60-cı illərində Novruzun ümumxalq bayramı kimi qeyd olunması onun tarixinə rəssamlarımızın müxtəlif nəsillərinin bədii münasibətini şərtləndirmiş oldu. Bunun nəticəsində xalqımız üçün çox əziz olan bu bayramın tarixini, onun qan yaddaşımızda əbədiləşdirməsinə səbəb olan ənənələrini əks etdirən əsərlərdən ibarət bədii “Novruz ensiklopediyası” yarandı.

Bu sənət saxlancının ilkin səhifələrini dahi fırça ustası Əzim Əzimzadənin yaratdığı qrafik lövhələr təşkil edir. Hələ otuzuncu illərdə milli rəssamlığımızın lideri olan Əzim Əzimzadə dolayısı qadağalara baxmayaraq, bir neçə əsərini Novruz bayramına həsr etmişdi. Onlardan biri “Od çərşənbəsi”, digərləri isə “Kos-kosa” və “Kəndirbazlar” əsərləridir. Amma “kommunist qadağası”nın götürülməsindən dərhal sonra Novruzu bir neçə əsərinin məna-məzmun daşıyıcısına çevirən xalq rəssamı Səttar Bəhlulzadə olmuşdu. Onun 1970-ci ildə çəkdiyi monumental tutumlu “Azərbaycan nağılı” tablosu bu vaxta kimi bu mövzuda yaradılmış ən yaddaqalan əsər sayılır. Bu lövhədə süjetli tablo, mənzərə və natürmort janrlarını uğurla birləşdirən rəssam kompozisiyanın kifayət qədər təsirliliyinə nail olmuşdu. Doğrudan da zirvəsi qarlı dağların ətəyində təsvir olunmuş başı xonçalı qız-gəlinlərin, budaqları qaranquşlu gül açmış ağacların və ön planda təsvir olunmuş bayram xonçasının vəhdətini özündə əks etdirən iri tabloda Novruzun nikbin və ovqatyaradıcı ruhunu duymaq mümkündür. Onun mavi, zümrüdü, çəhrayı və bəyaz rənglərlə ifadə etdiyi xoş cəlbedici və yaddaqalan idi...

S.Bəhlulzadə sonrakı illərdə də bu mövzuya marağını azaltmamış və bir-birindən gözəl əsərlər yaratmışdı. Onun bahar ətirli lövhələrində həm də bu mövzunun tükənməzliyini görmək mümkündür. Rəssamın “Bahar nəğməsi”, “Yaşıl xalı”, “Xonçalar”, “Gəlin guşəsi”, “Bahar gələndə”, “Oyanış”, “Lalələr”, “Piti”, “Yaşıl xalı”, “Nərgizlər”, “Heyva çiçəkləyəndə” və digər lövhələri bunun təsdiqidir.

Görkəmli mənzərə ustasından sonra Azərbaycan təsviri və tətbiqi sənətində Novruz ünvanlı çoxsaylı əsərlər yaradılsa da, qənaətimizcə onların ən təsirlisi Qazax rayonunda yaşayan Nəcməddin Hüseynov tərəfindən ərsəyə gətirilən “Müharibəli Novruz” rəngkarlıq tablosudur. Burada Qarabağ cəbhəsində əsgərlərimizin bayram süfrəsi görüntüyə gətirilib. Cəbhədəki gərgin vəziyyət əsgərlərə səməni göyərtməyə imkan vermədiyindən, onlar yaşımtıl rəngə çalan döyüş güllələrinin belinə qırmızı parça zolaq bağlamaqla onu “səməni”yə döndərmiş, rəngli yumurtaları isə iki döyüş qumbarası ilə əvəzləmişlər. Bu doğrudan da obrazlı bədii ifadəsinə görə çox gözlənilməz və təsirli bir kompozisiyadır...

Tanınmış qrafika ustası, xalq rəssamı Arif Hüseynov da öz yaradıcılığında Novruz mövzusuna davamlı yer verən sənətkarlardandır. Onun yaratdığı “Novruz” qrafik silsiləsini, sözün əsl mənasında, bayramın bədii ensiklopediyası hesab etmək olar. Belə ki, burada neçə-neçə bayram oyunu - əyləncəsi yer almışdır. Rəssamın “Kəndirbazlar”, “Qulaq falı”, “Yumurta döyüşdürənlər”, “Novruzda”, “Əjdaha ili” və s. əsərlərində Novruzun bənzərsiz ruhunu duymaq mümkündür.

Xalq rəssamı Fərhad Xəlilovun “Bayramda” rəngkarlıq tablosunun süjetini isə Abşeronda tuş gəldiyi mənzərə təşkil edir. Başı çadralı, əli səmənili yaşlı qadının və yanındakı uşağın Novruz sevincini rəssam yığcam rəng həlli ilə ifadə etməyə nail olub, desək yanılmarıq. Xalq rəssamı Altay Hacıyevin müxtəlif illərdə çəkdiyi qrafik lövhələri də Novruza həsr olunmuş maraqlı əsərlərdən saymaq olar. Onun linoqravür texnikasında işlədiyi “Bahar qızı”, “Aşıqlar”, “Ceyranlar” “Novruz oyunları” və “Novruz duyğuları” əsərlərinin incə-axıcı ritmində bayram ovqatı, təravəti duyulmaqdadır.

 

Tanınmış fırça ustası Vaqif Ucatayın yaratdığı “Novruz süfrəsi” əsərində isə hər bir ailənin evində müşahidə edə biləcəyimiz masanı görmək mümkündür. Onun real - gerçəkçi tutumda təqdimatı da məqsədli olub, onun milli koloritini gələcək nəsillərə duyğulandırıcı bədii biçimdə çatdırmaq istəyindən irəli gəlmişdir.

Onun özündə bayram atributlarını əks etdirən “Novruz Pəhləvan” əsəri də kompozisiya həllinə görə bu mövzuda çəkilmiş əsərlər arasında özünəməxsusluğuna görə diqqət çəkir. Belə ki, rəssam təxəyyülünün nəticəsi olan bu qəhrəmanın bədəni oval, saçları səməni, gözləri paxlava, burnu qırmızı yumurta, yanaqları qoğal, dodaqları şəkərbura, ən nəhayət bığları uclarında şamlar alovlanan eşmə ipdən ibarətdir...

Yaradıcılığında milli folklor motivlərinə geniş yer ayıran xalq rəssamı Rasim Babayevin “Bayramda”, “Novruz” və “Bayram yükü” əsərlərində də hər il ruhumuza mənəvi enerji bəxş edən bayramın ovqat daşıyıcılığı qabarıq duyulur.

Xalq rəssamı Mayis Ağabəyovun “Nağıllı Novruz”, əməkdar incəsənət xadimi Eyyub Məmmədovun “Yaz bazarı”, əməkdar rəssamlar Namiq Məmmədovun “Bahar nəğməsi”, Rafael Muradovun “Novruz ovqatı”, Arif Ələsgərovun “Kəndirbazlar”, rəssamlar Orxan Hüseynovun “Xoruz döyüşdürənlər”, Ələkbər Muradovun “Səməni”, Qafar Sarıvəllinin “Öncə vətəndir”, “Gözləmə”, Həşim Elçiyevin “Novruz”, İlham Ənvəroğlunun “Şanapipik xoş xəbər daşıyıcısıdır”, Arif Mərdanın “Bayram sevincləri”, Günay Mehdizadənin “Bahar qızı” və s. əsərlərində də yazın gəlişi ilə insanlarım gündəlik həyatında baş verən dəyişikliklərin bədii təcəssümünə şahidlik etmək mümkündür.

Respublikamızın digər tanınmış sənətkarlarının da yaradıcılığında Novruz ünvanlı əsərlər mövcuddur. Bu mənada Xalq rəssamları Tofiq Ağababayevin (“Bayramınız mübarək”), Xalidə Səfərovanın (“Novruzda”), Asəf Cəfərovun (“Mənim Azərbaycanım” və “Aşıqlar”), Toğrul Nərimanbəyovun (“Bayram”), Ələkbər Rzaquliyevin (“Gəlinə bayram hədiyyəsi aparırlar”), Cəmil Müfidzadənin (“Bayram yaxınlaşanda”) və Elmira Şahtaxtinskayanın (“Bayram hazırlığı”) müxtəlif illərdə yaratdıqları sənət nümunələrinin adını çəkmək olar. Dekorativ-tətbiqi sənət ustalarımız da xalqımızın əziz bayramına öz yaradıcılıq töhfələrini vermişlər. Bu mənada görkəmli xalça ustası Eldar Mikayılzadənin, keçəçi Rauf Əbdülhüseynoğlunun, keramika ustası Nailə Sultanın və rəssam Sənubər Səmədovanın adını çəkmək olar.

Ziyadxan Əliyev
Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

08:07