Rəşid Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəbinin yubileyi münasibətilə konsert

 

Azərbaycan Dövlət Filarmoniyasında baş tutan tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev məktəb kollektivinə təbrik məktubunu oxuyub. Tədbirdə çıxış edən əməkdar incəsənət xadimi Zemfira Qafarova bu məktəbin məzunu olduğunu vurğulayaraq təhsil ocağı haqqında ətraflı məlumat verib. Bildirib ki, Azərbaycanda ən qocaman təhsil ocaqlarında olan 2 nömrəli musiqi məktəbi 1931-ci ildə Üzeyir Hacıbəylinin təşəbbüsü ilə yaradılıb. Məktəbin ilk direktoru Fatma Səmədova olub. Ondan sonra musiqi məktəbinə Zivər İbrahimova rəhbərlik edib. 1986-cı ildən isə məktəbin direktoru Qəmər Quliyevadır.

Qeyd edilib ki, 2 nömrəli musiqi məktəbində bir çox məşhur müəllimlər dərs deyib. Bu sırada L.Yeqerova, R.Siroviç, R.Gelman, M.Rudolf və digərlərini qeyd etmək olar. İlk illərdə Azərbaycan Dövlət Filarmoniyasının binasında yerləşən məktəb 1940-cı il sentyabrın 1-dən müstəqil fəaliyyət göstərib. Ötən illər ərzində məktəbdə bir çox tanınmış musiqiçilər nəsli yetişib. Xalq artistləri Musa Mirzəyev, Zöhrab Adıgözəlzadə, Şəfiqə Eyvazova, Əməkdar İncəsənət xadimləri, musiqişünaslar İmruz Əfəndiyeva, Həcər Babayeva, Azər Dadaşov, Adil Gəray, Gövhər Həsənzadə və başqaları bu musiqi ocağının yetirmələridir. Həmçinin dirijor Əyyub Quliyev, Əməkdar artistlər Elnur Əhmədov, xanəndə Fərqanə Qasımova, pianoçu Nigar Məlikova, skripkaçı Vadim Sandler də musiqi məktəbinin tanınan məzunları sırasındadır. Bildirilib ki, 1990-cı ildə məktəbə dünya şöhrətli müğənni xalq artisti Rəşid Behbudovun adı verilib. 2006-cı ildən etibarən 2 nömrəli musiqi məktəbi onbirillik tədris müəssisəsinə çevrilib. Son illərdə məktəbdə musiqi təhsilinin təkmilləşməsi istiqamətində işlər aparılır. Məktəbin şagirdləri möhtəşəm konsert salonlarında çıxışlar edir, respublika və beynəlxalq müsabiqələrdə uğur qazanırlar. Təhsil ocağının nəzdində şagirdlərdən ibarət xalq çalğı alətləri orkestri, xor kollektivi və skripkaçılar ansamblı fəaliyyət göstərir.
Sonra məktəbin şagirdləri geniş konsert proqramı ilə çıxış ediblər. Konsertdə kollektiv Xalq Artisti, dirijor Rauf Abdullayevin rəhbərliyi altında Azərbaycan Dövlət Simfonik Orkestri ilə eyni səhnəni bölüşüb. Konsertdə A.Rzayev, F.Mendelson, E.Qriq, C.Rossini, T.Quliyev, V.A.Motsart, L.V.Bethoven,V.Monti, K.Qardel və digər bəstəkarların yaradıcılığına müraciət olunub.

 

Xudaferin.eu

 

09:43