Robert Qordon Universitetində Novruz bayramına həsr edilən tədbir keçirilib

Böyük Britaniyanın Robert Qordon Universitetində “Azərbaycanda Novruz” adlı tədbir təşkil olunub.

Xudaferin.eu xəbər verir ki, tədbir universitetin neft-qaz hüququ üzrə magistrantı Aytən Zamanovanın təşəbbüsü və təşkilatçılığı ilə keçirilib. Azərbaycan, Fransa, İngiltərə, İspaniya, Şotlandiya, Norveç, Argentina, Çin, Hindistan, Pakistan, Qazaxıstan, Nigeriya, Venesuela və digər ölkələrdən olan professor və müəllimlərin, tələbələrin iştirak etdikləri tədbirdə Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri, bayramları barədə ətraflı məlumat verilib.

Novruzla bağlı təşkil olunmuş sərgidə səməni, milli şirniyyatlar və bayramın digər atributları təqdim edilib, habelə Novruz süfrəsi açılıb.

Tədbirdə Aytən Zamanova müasir müstəqil Azərbaycanda qazanılan nailiyyətlərdən, qədim tarixə malik Novruz bayramından söz açıb. Qeyd olunub ki, ürəklərə sonsuz sevinc, fərəh bəxş edən Novruz xalqımızın ən gözəl, müqəddəs bayramlarından biridir. Sülh, dostluq, qardaşlıq rəmzi sayılan bu bayram UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Sonra xalqımızın zəngin milli adət-ənənələrindən, Novruzdan bəhs edən videoçarx nümayiş olunub.

Xudaferin.eu

17:27