REAL sədri AŞPA-da təmsil olunan türkiyəli deputatlara ismarıc yolladı

 

“Atatürkün partiyasının təmsilçilərindən başqa mövqe gözləyə bilməzdik”

 

Həbsdə olan ReAL Hərəkatının sədri İlqar Məmmədov Türkiyəni Avropa Şurası Parlament Assambleyasında (AŞPA) təmsil edən 3 millət vəkili – İlhan Kesici, Bilgehan Gülsün və Deniz Baykalın Azərbaycanda insan haqlarının qorunmasına dəstək verən qətnamənin lehinə səs vermələrini alqışlayıb. Bununla bağlı icmarıc yollayan İlqar Məmmədov deyib ki, onlar Azərbaycana deyil, hakimiyyətin yanlış siyasətinə qarşı səs veriblər: “Türkiyənin Cümhuriyyət Xalq Partiyasından olan deputatların Azərbaycanda insan haqları və demokratiyanın durumu, o cümlədən mənim həbsimlə bağlı qətnamənin qəbulu zamanı Avropa Şurası Parlament Assambleyasında sərgilədikləri mövqeyi alqışlayıram. Atatürkün partiyasının təmsilçilərindən başqa mövqe gözləyə bilməzdik. Onlar Azərbaycana deyil, Azərbaycan hakimiyyətinin yanlış siyasətinə qarşı səs veriblər. Bununla da Azərbaycan insanının haqq səsinə dəstək olublar. Başda hörmətli Dəniz Baykal olmaqla Azərbaycanla bağlı qətnamənin lehinə səs verən Türkiyədən olan deputatlara dərin təşəkkürümü bildirirəm”.

AŞPA-nın oktyabrın 11-də keçirilən plenar iclasında Azərbaycan üzrə iki hesabat qəbul edilib. İlk olaraq Azərbaycanın öhdəlikləri üzrə məruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları “Azərbaycanda demokratik təsisatların vəziyyəti” adlı hesabat üzrə dinləmələr keçirilib. Parlament Asambleyası “Azərbaycanda demokratik təsisatların fəaliyyəti” adlı hesabatı təsdiqləyib və bununla bağlı qətnamə qəbul edib. Sənədin lehinə 115, əleyhinə 27 deputat səs verib. AŞPA üzvlərindən 7 nəfər səsvermədə iştirak etməyib. Ardınca Alen Desteksin “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” hesabatı dinlənilib. Hesabat üzrə qətnamənin lehinə 111, əleyhinə 35 deputat səs verib. Toplantıda iştirak edən Seçkilərin Monitorinqi və Tədrisi Mərkəzinin sədri Anar Məmmədli deyib ki, Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyəti, siyasi represiyalar və təqiblər, o cümlədən ifadə azadlığı, sərbəst toplaşmaq və birləşmək azadlıqlarının kritik durumuna dair iki hesabat üzrə qətnamələr böyük səs üstünlüyü ilə qəbul edildi.

“Sənədlər ölkədəki siyasi reallıqları yetərincə təsvir etməklə yanaşı Avropa standartlarına uyğun məhkəmə-hüquq sisteminin olmadığını, siyasi motivli həbslərin davam etdiyini və Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədovla bağlı qərarının icar olunmadığını bildirir. Jurnalistlər, vətəndaş cəmiyyəti fəalları və siyasi fəalların üzərində təqiblərin olduğu xüsusi olaraq qeyd edilir”.

Müzakirələr zamanı Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov bildirib ki, qəbul olunan məruzələr AŞPA-ya utanc gətirən bir sənədlərdir: “Xüsusən İnsan Haqları Komitəsi adından qəbul olunmuş “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” sənədi qeyd etmək istəyirəm. Özü də bunu tam məsuliyyətlə deyirəm. Çünki məsələləri süni şəkildə gərginləşdirmək, hesabata həqiqətdən uzaq olan faktları daxil etmək onu ciddilikdən çıxarıb, qeyri-ciddi sənəd halına gətirir. Azərbaycan müstəqil dövlət kimi belə bir sənədlə işləyə bilməz”.

İlqar Məmmədov 2013-cü ildə həbs edilib. O, həmin ilin 23-24 yanvarında İsmayıllı şəhərində baş vermiş iğtişaşlarla əlaqədar həbs edilib. Sakitlik bərpa edildikdən sonra İsmayıllıya getməsinə baxmayaraq, Məmmədov kütləvi iğtişaşlarda, polisə müqavimət göstərməkdə ittiham edilib və 7 il müddətinə azadlıqdan məhrum olunub. Onunla birgə Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu da həbs edilib. O, 2016-cı ildə prezidentin sərəncamı ilə əfv olunub. 2014-cü ilin mayında AİHM İlqar Məmmədovun həbsinin və həbsxanada saxlanmasının Avropa İnsan Hüquqları Konvensiyasının bir çox müddəalarını, o cümlədən azadlıq və şəxsi toxunulmazlıq hüququ, ədalətli məhkəmə hüququ və təqsirsizlik prezumpsiyası prinsipi haqqında 5.1, 5.4 və 6.2-ci maddələrini pozduğuna qərar verib. Məhkəmə İlqar Məmmədovun hər hansı dəlil olmadan saxlandığı qənaətinə gəlib. AŞ Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hakimiyyətini AİHM-nin Məmmədovun işi üzrə qərarını icra etməyə çağırıb. Oktyabrın 25-də AŞ Nazirlər Komitəsi Azərbaycan barəsində Avropa Konvensiyasının AİHM-nin qərarlarını yerinə yetirməyən ölkəyə qarşı məsuliyyət tədbirlərinin tətbiqini nəzərdə tutan 46-cı maddəsinin tətbiq edilməsi haqqında məsələyə baxacaq. Azərbaycan rəsmiləri İlqar Məmmədovu siyasi məhbus hesab etmir və bu tələbi qərəzli adlandırırlar.

Turaninfo.az

09:26