Ərdoğan və Əliyevin 6-lı iqtisadi-ticari

Ərdoğan və Əliyevin 6-lı iqtisadi-ticari
platforma çağırışının əhəmiyyəti.
1. Atəşkəs bəyannaməsi necə icra olunur?
Qarabağda müharibənin dayandırılması haqqında Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş nazirinin imzaladığı 10 noyabr bəyannaməsinə görə: Moskva vaxtı ilə saat 00:00-dan atəşkəs elan olunur və tərəflər (Azərbaycan və Ermənistan ordusu) həmin vaxtdan mövcud olduqları yerdə qalırlar;
⁃ Laçın dəhlizinə Rusiya Federasiyasının 1960 nəfər silahlı hərbi qulluqçusu, 90 ədəd zirehli nəqliyyat, 380 ədəd hərbi avtomobil və xüsusi texnikası yerləşdirilir;
⁃ Rus "sülhməramlı" kontingenti Ermənistan silahlı qüvvələrinin Qarabağ ərazisindən çıxarılması ilə paralel olaraq əraziyə daxil olmalıdır və 5 (beş) il müddətində (tərəflərdən birinin vaxtın bitməsinə 6 ay qalmış mövcud vəziyyətlə bağlı öz fikirini bildirənə qədər) ərazidə qalmalıdır;
⁃ Sülhməramlıların fəaliyyətinin effektliyini müşahidə etmək üçün bölgədə Nəzarət Mərkəzi yaradılır: (şifahi razılaşmaya görə bu Nəzarət Mərkəzinin tərkibi Rus və Türk hərbiçilərindən təşkil olunur)
⁃ BMT-nin (Birləşmiş Millətlər Təşkilatının) Ali Komissarlığının nəzarəti altında qaçqınlar Dağlıq Qarabağa və ətraf rayonlara qaytarılır;
⁃ Ermənistan Respublikası ilə Dağlıq Qarabağ, Naxçıvanla Azərbaycan Respublikasının rayonları arasında iqtisadi-nəqliyyat əlaqələrinin bərpasının təhlükəsizliyi təmin olunur.
Göründüyü kimi atəşkəs bəyannaməsində tərəflərdən tələb olunan istəklər aydın yazılıb.
2. Bəs reallıqda bölgədə vəziyyət necədir. . .
Azərbaycan Ordusunun həyata keçirdiyi "Dəmir yumruq" əməliyyatı nəticəsində Ermənistan Silahlı Qüvvələrinin 4 (dörd) milyard dollara yaxın dəyərində hərbi texnikası, on mindən çox əsgər və zabiti məhv edildi.
Ermənistan rəhbərliyi dağıdılmış ordusunun qalıqlarına nəzarət edə bilmir və yaxud etmək istəmir. Belə ki, hələ də "Dağlıq Qarabağ" ərazisinin müxtəlif məntəqələrində - Xankəndi, Xocavənd və s yerlərdə olan silahlı dəstələri azərbaycanlılara qəflətən hücum edir, onların həyatlarına təhlükə törədirlər.
Bütün bunlar Rusiya "sülhməramlı"larının gözü qarşısında baş verir.
Xankəndində, Xocalıda, Xocavənddə gizlənən ermənilər fürsət düşən kimi ordumuzun əsgərlərinə xəsarət yetirirlər. Belə ki, Hadrutun (Ağyurd) şimal-qərb hissəsində guya azan ermənilər 3 əsgərimizin həyatına qəsd ediblər.
Azərbaycan Ordusu antiterror əməliyyatı keçirməyə məcbur oldu və nəticədə 160-dan çox erməni hərbiçisini əsir götürdü. Bu hadisələrə münasibət bildirən Rusiya Federasiyası prezidentinin sözcüsü Dimitri Peskov heçnə olmamış kimi bildirir: "Orada vahiməli situasiya yaranmışdı, sülhməramlılarımız vəziyyətə nəzarət edir".
Müşahidələr göstərir ki, Azərbaycan dövlət rəhbərlərinin təmkinli, səbirli davranışı davam etdikcə Rusiya "sülhməramlı"larının tərəfkeşliyinə arxayın olan erməni çətələri hələ çox fəsadlar törədəcək. Təsadüfi deyil ki, ermənistanın indiki iqtidarına müxalifətdə olan keçmiş baş nazir Vazgen Manukyan deyib: "Mən hakimiyyətə gəlsəm Azərbaycanla yeni müharibəyə başlayacağam". Bu da o deməkdir ki, ruslara güvənən ermənilər revanş hissi ilə yaşayırlar.
Bütün bu hadisələrlə bərabər Ermənistanda müxtəlif fikirlər səslənir. Hazırda iqtidarda olan baş nazir Nikol Paşinyanın tərəfdarları Amerika və Avropa ölkələri ilə inteqrasiyaya üstünlük verirlər.
Onlar anlamağa başlayıb ki, ölkələrinin xilası Rusiya ilə yox, Qərblə siyasi-iqtisadi təmasdan keçir. Bunu görən Rusiya siyasi dairələri isə Ermənistandan əl çəkmək fikrində deyil. Onlar (ruslar) bütün gücləri ilə çalışırlar ki, Paşinyanı devirib ruspərəstləri hakimiyyətə gətirsin.
Lakin ermənilərdən fərqli olaraq bizim (azərbaycanlıların) davası erməni xalqı ilə deyil, onları məhvə aparan nasist-faşist təfəkkürlü siyasi oyunbazlara qarşıdır.
Təsadüfi deyil ki, Türkiyə və Azərbaycan prezidentləri Bakıda keçirdikləri brifinqdə 6-lı iqtisadı-ticari platformanın yaradılması təşəbbüsü ilə çıxış etdilər.
3. 6-lı iqtisadi-ticari platforma nə deməkdir. . ?
Atəşkəs haqqında 10 noyabrda Rusiya-Azərbaycan-Ermənistan rəhbərləri tərəfindən imzalanmış bəyannamənin 9-cu bəndində qeyd olunur ki: Türkiyə ilə həmsərhəd olan Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan Respublikasının rayonları arasında çəkiləcək iqtisadi-nəqliyyat əlaqələrinin təhlükəsizliyinə təminat verilir. Bu da o deməkdir ki, yaxın gələcəkdə Naxçıvanla Azərbaycan arasında Zəngəzur üzərindən həm avtomobil, həm də dəmiryolu xətləri çəkilə bilər.
Məlumdur ki, Ermənistan Azərbaycana məxsus torpaqları işğal etdiyi üçün respublikamız erməni dövləti ilə əlaqələri kəsib.
Nəticədə qonşu düşmən ölkə Bakı-Tibilisi-Ceyhan neft-boru kəmərindən, Bakı-Tibilisi-Qars dəmiryolu xəttindən və Bakı-Tibilisi-Ərzurum qaz-boru kəmərləri layihəsindən kənarda qalıb.
4. Biz təcavüzkar dövlətlərlə mücadilə edirik, dinc xalqlarla işimiz yoxdur. . .
Azərbaycan və Türkiyə qalib tərəf olmalarına baxmayaraq müharibədə məğlub edilmiş, iqtisadiyyatı məhv olmuş, psixoloji sarsıntı keçirən erməni xalqına əl uzatmaq niyyətindədir.
Yüzilliklər boyu biz türklərə qarşı düşmənçilik edərək on minlərlə insanımızı arxadan zərbə vuraraq öldürən ermənilərə növbəti dəfə şans veririk.
Məhz bu xeyirxah xislətdən çıxış edərək Bakıda keçirilən brifinqdə Türkiyə dövlətinin cümhurbaşqanı Rəcəb Təyyub Ərdoğan və Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bataqlıqda boğulan ermənilərə əl uzadaraq onları 6-lı iqtisadi-ticari platformada iştirak etməyə dəvət etdilər. Bu platforma işə düşdükdən sonra Naxçıvandan Azərbaycana çəkiləcək avtomobil və dəmir yolundan Rusiya, Azərbaycan, İran, Türkiyə, Ermənistan və Gürcüstan istifadə edə biləcək. Yəni bu layihədə iştirak edən dövlətlər və onların xalqları iqtisadi-ticari əlaqələr sayəsində öz mallarını qonşu ölkələrə satacaq və onlardan lazım olan məhsulları alaraq iqtisadi vəziyyətini yaxşılaşdıracaq. Həyat səviyyələrini yüksəltməyə nail olacaqlar.
Bizdən təklif etmək onlardan isə düşünüb qərar vermək qalır. Yaxın zamanda regionda yerləşən dövlətlərin (Rusiya, Azərbaycan, İran, Türkiyə, Ermənistan və Gürcüstan) əsl niyyəti bir daha bəlli olacaq.

Müəllif: Qəvami Sadıqbəyli
(jurnalist-politoloq)

Xudaferin.eu

18:44