Rəcəb Tayyib Ərdoğan: Qarabağın yenidən inkişaf etdiyi günləri yaxın vaxtlarda hamımız birlikdə görəcəyik

Qarabağ əvvəlki ehtişamına və öz kimliyinə qovuşacaq. Buna heç şübhəmiz yoxdur. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Şuşa, Kəlbəcər, Ağdam, Xocavənd kimi Qarabağın qədim yaşayış məntəqələrinin yenidən inkişaf etdiyi günləri yaxın vaxtlarda hamımız birlikdə görəcəyik.

​Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatında danışıb.

“Türkiyə olaraq, azadlıq mübarizəsində olduğu kimi, bərpa işlərində də qardaşlarımıza hər cür dəstəyi veririk, verməkdə də davam edəcəyik. Ən qısa müddətdə evlərinə qayıtmalarını gözlədiyimiz azərbaycanlı qardaşlarımız üçün də hər cür səy göstərəcəyik. Təbii ki, bu məsələdə hörmətli qardaşımın xüsusi fəaliyyəti var. Yetər ki, buranın əsl sahibləri evlərinə, məskənlərinə qayıtsın. Onlara istər maliyyə köməyi, istərsə də iş imkanı ilə bağlı hər cür dəstəyi verməklə azərbaycanlı qardaşlarımızın öz evlərinə, öz məkanlarına geri qayıtmaları buraları ciddi mənada zənginləşdirəcək”, - deyə Türkiyə Prezidenti bildirib.

Rəcəb Tayyib Ərdoğan deyib ki, bir tərəfdən dağıntıların fəsadlarını aradan qaldırarkən, digər tərəfdən də Qarabağın və Azərbaycan torpaqlarının bir daha belə bir fəlakət yaşamaması üçün lazımi tədbirləri birlikdə görəcəyik: “Bizim də bu sahədə, inşallah, Mənzil İnşaat İdarəmizlə birlikdə burada bütün bölgədə planlaşdırdığımız addımlar var. Mənzil İnşaat İdarəmizlə buradakı aidiyyəti qurumla birlikdə çalışaraq bu addımları atacağıq”.

Xudaferin.eu

10:26