Ramiz Qənbərova məktub – Kərim Kərimli

Əziz qardaşım, sənin ağır yaralandığın qanlı və dəhşətli 92-ci ilin 29 aprelindən və gözlərini əbədi yumduğun 30 aprelindən ötən düz 29 il ərzində ilk dəfədir ki, sənə ağlamayaraq, göz yaşı axıtmayaraq, bütün varlığı darmadağın olurmuş kimi zülüm çəkməyərək, böyük ruh yüksəkliyi, sevinc və fərəh içində müraciət edir, xəcalət hissi olmadan yazıram. Ötən bu 29 il ərzində mən sənə və sənin haqqında çox yazmışam. Özün bilirsən ki, adının əbədiləşdirilməsi istiqamətində görülən işlər, xatirənin yad edilməsi üçün keçirilən tədbirlər, haqqında yazılan yazılar, çap edilən xüsusi buraxılışlar, hazırlanan verilişlər, edilən çıxışlar, həyata keçirilən müxtəlif mərasimlər və başqa bukimi işlər barəsində istədiyin qədər danışa, sənə məlumat verə bilərəm. Əvvəllər də vermişəm…

Ancaq gördüyümüz o işlərin hamısını, həmçinin Şəhidlər Xiyabanındakı rəmzi məzarını tyez-tez ziyarət etməyi bir qardaşlıq, yoldaşlıq, dostluq, vicdan borcu kimi həyata keçirtsək də, könlümüz açılmır, üzümüz gülmürdü. İndi isə, tamamilə əksinə: səninlə söhbət edərkən, sənə yazarkən qəlbimi saran yeganə nisgil sənin cismani yoxluğundur. Sənin bu günümüzü fiziki olaraq görməməyindir. Bundan başqa nə qəm ola bilər ki? Uğrunda canından keçdiyin müqəddəs şəhər azaddır. Şuşa yenidən gözəlləşmək üçün yarışa başlayıb.

Əlbəttə, bütün bunları sən bilirsən, hamımızdan da tez bilmisən, birinci sən xəbər tutmusan, bu, aydındır. Daim Şuşanın göylərində yaşayan narahat ruhun hamıdan qabaq hər şeyi görüb. Hamıdan yaxşı görüb və hamıdan da yaxşı bilir ki, ölməz və məğlubedilməz Azərbaycan əsgəri çılpaq qayalara necə dırmaşıb – yalın əllə!!! Hamıdan qəşəng sən bilirsən ki, Əsgər Əsgər oğlu Əsgərli əlbəyaxa döyüşdə düşmənin anasını necə ağladıb, murdar işğalçı zümrəni necə süpürüb Şuşa zirvəsindən aşağıya tllayıb.

Oralardan – dərə-təpələrdən də sivirib zibilliklərə necə atıb. Sən bütün bunları özün şəxsən bilirsən, əziz dost. Ancaq buna baxmayaraq Ali Baş Komandan canlı yayımda “Əziz Şuşa, sən Azadsan!” deyən kimi mən də hönkürtü içində məhz “Əziz Ramiz, artıq Şuşa Azaddır!” dedim.

Birinci səni muştuluqladım…

Sən bunu da, təbii ki, bilirsən.

Bu gün də yenidən sənə müraciət edirəm. Bu gün sənin əbədiyyətə qovuşduğun, dünən yaralandığın və sabah da Şuşada böyük bir təntənə ilə Cıdır düzünün yanındakı Şəhidlər xiyabanında əbədiyyət mənzilinə yola salındığın gündür.

Bu bizim Şuşada sonuncu təntənəmiz oldu, Ramiz. Sonralar mən böyük bir yazı da yazmışdım: “Sonuncu təntənə”.

Amma biz o təntənənin sonuncu olmağına razı ola bilməzdik. Sonuncu hüzn olmağını istəyirdik və istəyərdik, ancaq, ümumiyyətlə, Şuşamızda sonuncu təntənəmiz olması ilə heç cür razılaşa bilməzdik. Heç kim razı ola bilməzdi. Heç kim də razı olmadı. Nə Ali Baş Komandan razı oldu, nə Azərbaycan ordusu, nə xalqımız…

Kim olardı ki?

Növbəti təntənəmiz sonuncu təntənədən düz 28 il 6 ay sonra baş tutdu, Ramiz, ötən il noyabrın 8-də.

Bir KOMANDA sənin kimi cəsur Azərbaycan əsgəri gözəl Şuşamızı, sənin də xatırladığın kimi, üç tərəfdən əhatə edən sıldırım qayalıqlardan aşdı və uğrunda sənin də canından keçdiyin şəhərimizi TƏNTƏNƏLİ ŞƏKİLDƏ AZAD ETDİ!!!

Bu, bizim 28 il 6 aydan sonra ilk təntənəmiz oldu, Ramiz!

İLK TƏNTƏNƏMİZ!

Bu gün isə səni həm sevinc, həm də kədərlə xatırlayırıq.

İkisinin də səbəbi məlumdur, əlbəttə. Bircə onu əlavə edim ki, hər iki halda qəlbimiz fəxarət və səadətlə doludur!

Sonda onu da mütləq qeyd edim ki, Şuşamız yenidən qurulur. Çox ciddi və sürətli tikinti, quraşdırma, təmir, təmizlik və abadlıq işləri görülür. Tezliklə Şuşa dünyada misilsiz və əvəzsiz şəhər olduğunu bir daha təsdiq edəcək.

Bütün bunları da sən, əlbəttə, bizdən yaxşı bilirsən.

Tezliklə ziyarətinə də gələcəyik!

Onu bil ki, artıq sən də ən böyük arzuna çatmısan.

Bu arzunun adı Azad Şuşadır.

Çin olduğuna görə isə belə səslənir: Şuşa Azaddır!

Daha ƏBƏDİYYƏTİNDƏ arxayın yaşa!!!

Qardaşın Kərim.

Mənbə azadshusha.com

Xudaferin.eu

23:44