Rais Rəsulzadənin fərdi sərgisi açılıb

 

“Yeni Gallery” Bakı İncəsənət Mərkəzində Azərbaycan dövlətçiliyinin banisi, böyük öndər Məmmədəmin Rəsulzadənin nəvəsi, əməkdar rəssam, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) təsviri sənət kafedrasının dosenti Rais Rəsulzadənin 70 illik yubileyi münasibətilə “Gələcəyə öz keçmişinin çiynində gedən rəssam” adlı fərdi yaradıcılıq sərgisi açılıb. Tədbiri giriş sözü ilə mərkəzin direktoru Rəfael Gülməmmədov açaraq yubilyarın həyat və yaradıcılığından danışıb. Bildirilib ki, Məhəmməd Əmin Rəsulzadənin nəvəsi olan R.Rəsulzadə bir çox dəyərli rəsm əsərlərinin müəllifidir. O, 500-dən çox gözəl sənət əsəri yaradıb, rəssamlıq sənətində böyük uğurlara imza atıb. Tədbirdə sənətşünas Ziyadxan Əliyev, professor Kubra Əliyeva, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov və Xalq Rəssamı Ağaəli İbrahimov çıxış edərək R.Rəsulzadənin təsviri sənətin inkişafına verdiyi dəyərli töhfələrdən söhbət açıblar.
Rais Rəsulzadənin keçdiyi həyat yolundan danışan çıxışçılar bildiriblər ki, o, son dərəcə çətin, əzab-əziyyətli, eyni zamanda, şərəfli və ləyaqətli bir ömür yolu keçib. 1946-cı il noyabrın 1-də sürgündə, Qazaxıstanda anadan olan R.Rəsulzadə orada böyüyüb, orta məktəbi bitirib. Amma Vətən sevgisi onu doğma Azərbaycana çəkib gətirib. Onun bütün həyat və fəaliyyəti xalqına və Vətəninə xidmətdə keçib. Rais Rəsulzadə Azərbaycanın ən şanlı soyadlarından birini daşıyır.
Qeyd edilib ki, Rais Rəsulzadə görkəmli rəssam olmaqla yanaşı, həm də pedaqoqdur. O, əvvəlcə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, sonra isə ADPU-da təhsil alıb və bütün həyatını pedaqoji universitetə bağlayıb. Rais Rəsulzadə dünyanın müxtəlif şəhərlərində keçirilən sərgilərdə nümayiş olunan əsərləri ilə Azərbaycanı, xalqımızın zəngin mədəni irsini tərənnüm və təbliğ edib. Bildirilib ki, Rais Rəsulzadə tələbələrin sevimli müəllimi kimi uzun illərdir zəngin pedaqoji təcrübəsini yorulmadan gənclərlə bölüşür.
Sonra iştirakçılar sərgi ilə tanış olublar. Noyabrın 14-dək davam edəcək sərgidə rəssamın “Ana”, “Rəssam. Tənhalıq”, “Qız qalası”, “İçərişəhər”, “Dəniz gün batanda” və başqa əsərləri maraqla qarşılanıb.

Xudaferin.eu

14:13