Rafiq Əliyev, Ramiz Rövşən və "işıq ordusu" Lütfi Zadənin məzarını ziyarət etdi- REPORTAJ-FOTOLAR

Dünyanın nəhəng alimlərindən biri, bəşər tarixində elmə yanaşmanı dəyişən, elmi nəzəriyyələri ilə inqilab yaradan Lütfi Zadə dünyasını dəyişsə də, onun irsi həm davamçıları, həm də soydaşları tərəfindən davam etdirilməlidir. 
 
Sentyabrın sonlarında Vətən torpağında dəfn olunan Zadə bununla da Azərbaycana xüsusi nüfuz qazandırmış oldu. Ola bilsin, biz bu üstünlüyü hazırda bir o qədər də hiss etmirik, lakin yaxın gələcəkdə, dünyanın bir çox ölkələrindən yüzlərlə, minlərlə alim Zadənin məzarını ziyarət etmək üçün Bakıya gələcəklər. Çünki onlar bu məzara həm də elmi ziyarətgah  kimi yanaşacaqlar.
 
Moderator.az xəbər verir ki, bu gün Lütfi Zadənin elmdə ən yaxın silahdaşı olan, 40 ildən çox zaman müddətində onunla birgə çalışan, həmyerlimiz, dünyada tanınan alim, professor Rafiq Əliyev başda olmaqla bir qrup ziyalı Zadənin Fəxri Xiyabandakı məzarını ziyarət edib.
Zadə işığını salamlayanlar arasında şair Ramiz Rövşən,  rejissor Ramiz Həsənoğlu, akademiklər Pərviz Məmmədov, Hətəm Quliyev , Qorxmaz İmanov, professor Qulu Məhərrəmli, yazıçı Yaşar Əliyev – bir sözlə, hamının düşüncə və ziyalı etalonu saydığı şəxslər olub. 
Azərbaycan elminə, ziyalı cəmiyyətinə yaxşı tanış olan insanlar sanki Rafiq Əliyev vasitəsilə bir müddətlik Zadə işığına köçdülər. Zadənin məzarı başında hər birinin simasından məhz bu “köç”ün məmnunluğunu oxumaq olardı. 
 
 
Ramiz Həsənoğlunun nəzarəti altında hazırlanacaq video görüntü üçün çəkiliş aparılanda da insanlar burada olduqlarını unutmuşdular. Amma hamısı harada dayandıqlarını, hansı prosesin tərkib hissəsi olduqlarını anlayırdılar. Çünki onları Zadə işığına məhz Rafiq Əliyev birləşdirmişdi. Bu dünyada Zadəni ən yaxşı tanıyan və ona ən yaxın olan insanlardan biri.... Odur ki, Rafiq Əliyevin yanında duran insanlar da böyük həmyerlimizə güvənərək, ANın məsuliyyətindən çəkinmirdilər...
Daha sonra isə başqa bir böyük şəxsiyyət - Üzeyir bəyin məzarı ziyarət olundu. Ramiz Rövşən və Rafiq Əliyevin Üzeyir bəyin abidəsi önündə duruşu çox möhtəşəm idi. Bu duruşda “Üzeyirbəyçilik” yolunun əmin əllərdə olduğunu oxumaq olardı.
 
Rafiq müəllim qarşısında olduğu ziyalı ordusunu sanki Üzeyir bəyin ruhunun qarşısına bir hesabat olaraq gətirmişdi... 
 
Axı onlar az öncə, Zadə işığından çıxıb gəlmişdilər...
Daha sonra isə növbəti məzar ziyarət edildi; Xırdalan məzarlığında qışda açan yasəmən çiçəyinin qoruduğu bir məzar...
 
 
Rafiq müəllimin ömür-gün yoldaşı, ona hər zaman arxa-dayaq olan mərhum Aidə xanımın məzarı... 
 
Rafiq müəllimin yaxın dostu, Moderator.az saytının rəhbəri  Zülfüqar Hüseynzadə məzarın yaxınlığındakı yasəmən kolunun ilk dəfə olaraq qışda çiçək açdığını gördüyünü deyəndə, Rafiq müəllimin cavabı maraqlı oldu. Dedi, ötən illərdə də qış aylarında yasəmən çiçəkləmişdi. Həyat- sakral işarələr sistemindən başqa bir şey deyil ki... Məncə, yasəmənin çiçəkləmə səbəbini Rafiq müəllim hər kəsdən daha yaxşı bilir... Və elə şeylər var ki, onu yalnız Rafiq müəllim kimi böyük insanların bilməsi vacibdir!
 
 
Son ziyarət məkanı isə Rafiq müəllimin yaxın dostu və qohumu mərhum professor, şair Famil Mehdi oldu... Üç məkanın ülviliyinə baş vuran ziyalı ordusu sonda Famil müəllimin büstü, məzarı önünə daha məğrur, daha işıqlı sima ilə gəldilər. Famil müəllimin büstündəki üz cizgilərinə gözümüz sataşanda, bu ziyalı ordusuna, Ramiz Rövşənə, Rafiq Əliyevə necə məğrur  baxdığını görməmək mümkün deyildi...
 
Famil Mehdi ancaq işıq ordusunun əsgərlərini bu cür salamlaya bilərdi!!!
 
Elmin Nuri
 
 
 
 
 
 
 
Moderator.az
 
 

17:56