Qəzənfər Əhmədov: Münaqişə zonası 500 milyon kvadrat metrdən çox çirklənmiş ərazini əhatə edir

 

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov “Amerikanın Səsi” radiosuna müsahibəsində ölkə ərazisində partlamamış mina və döyüş sursatlarının zərərsizləşdirilməsi problemlərindən danışıb.

- Azərbaycan ərazilərində indiyədək nə qədər təmizlənmə işləri aparılıb? Mina və partlamamış sursat təhlükəsi hazırda ölkənin hansı ərazilərini əhatə edir?

- Bu günə kimi Azərbaycan Respublikasında 45 min hektardan artıq ərazi təmizlənib, 770 minə yaxın partlamamış hərbi sursat və minalar aşkar edilərək zərərsizləşdirilib. Biz Füzulidə, Ağdamda, Ağcabədidə, Tərtərdə, Goranboyda, Qazaxda, Akstafada, eləcə də Bakı şəhərində və hazırda Xızı rayonunun Giləzi qəsəbəsində əməliyyatlar aparırıq.

- Dağlıq Qarabağ münaqişəsi nəticəsində çirklənmiş ərazilərlə bağlı nə deyə bilərsiniz? Münaqişə başa çatdıqdan sonra bu ərazilərdə təmizləmə işləri üçün ANAMA-nın hazırki potensialı bəs edə bilərmi?

- Hal-hazırda agentlikdə 632 nəfər əməliyyat və inzibati işçilər çalışır. 6 ədəd xüsusi təyinatlı zirehli maşınımız, 54 ədəd mina təmizləyən itlərimiz var. Bunlar bizim potensialımızdır. Ən müasir texnikamız, ən müasir avadanlıqlarımız, ən müasir nəqliyyat vasitələrimiz var. Agentlik Azərbaycan ərazilərinin təmizlənməsi, Dağlıq Qarabağ və ətraf ərazilər qaytarıdldıqdan sonra həmin əraziləri tam olaraq təmizləmək, yerli əhalinin təhlükəsizliyi üçün şərait yaratmaq üşün yaradılıb. Ərazilər təmizlənəcək və təhlükəsizlik şəraiti yaradılacaq ki, qaçqınlar və məcburi köçkünlər öz doğma yurdlarına qayıtsınlar. Amma, həmin ərazilər çox böyükdür, 500 milyon kvadrat metrdən çox ərazini əhatə edir. Çoxlu sayda partlamamış hərbi sursatlar, minalar mövcuddur. Əlbəttə 632 nəfərlə bu işi görmək çətin olacaq. Amma, doğma torpaqlarımız qaytarıldıqdan sonra zəruri olan tədbirləri görəcəyik. Bu işlərdə Azərbaycan hökuməti bizə dəstək verir. Yeni işçilər cəlb edilərək. Xüsusi təlimlər keçdikdən sonra onlar həmin əraziləri, - imkan daxilində tez bir zamanda, - Azərbaycanın milli standartına və beynəlxalq standartlara uyğun olaraq təmizləyəcək, aşkar olunan minalar zərərsizləşdiriləcək.

 

- Münaqişə gedən ərazilərlə bağlı hesablamalar aparılıbmı? Bu ərazilərdə təxminən nə qədər parlamamış mina, hərbi sursat mövcuddur?

- O rəqəmlər günbəgün dəyişir. Dəqiq demək ki, orada 100 min və ya 500 min, 1 milyon partlamamış sursat var, onu demək mümkün deyil. Sadəcə bir misal çəkmək istəyirəm ki, 2016-cı ildə 2-4 aprel hadisələrindən sonra agentlik çox sayda mobil çevik əməliyyat qrupları yaradıb. 102 Zəng Mərkəzindən (Daxili İşlər Nazirliyinin Zəng Mərkəzi nəzərdə tutulur-red), Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərini İdaretmə Mərkəzindəın daxil olan məlumatlar əsasında təxirəsalınmaz tədbirlər görülüb. 577 təcili təxirəsalınmaz siqnal gəlib. Dərhal, agentlik tərəfindən həmin ərazilərə əməkdaşlarımız göndərilib və zəruri olan tədbirlər görülüb. Aşkar olunmuş sursatlar, minalar zərərsizləşdirilib. Biz əlbəttə, günbəgün tədbirlər görürük ki, bunu aradan qaldıraq. Amma, dəqiq rəqəmi demək ki, orada nə qədər mina və sursat var, bu mümkün deyil. Bu ərazilər bizim nəzarətimizdə deyil. Ərazilər bizim nəzaərtə keçəndən sonra təxmini proqnioz deyə bilərik k, orada nə qədər ərazidir, nə qədər çirklənmiş sahə var, nə qədər partlamamış hərbi sursat, nə qədər mina var.

- Azərbaycanda ərazilərin mina və hərbi sursatlardan təmizlənməsi işlərində ANAMA-ya əsasən hansı ölkələr və beynəlxalq təşkilatlar yardım edir?

- ANAMA yaradılan gündən BMT əsas kömək göstərib. Avropa Komissiyası kömək edib. ABŞ həm maliyyə vəsaiti, həm xüsusi təlimlərlə, həm avadanlıqla, maşınlarla, nəqliyyat vasitələri ilə kömək edib. Bu günə kimi ABŞ, BMT, NATO-nun Etimad Fondu, İngiltərə hökuməti yardımlarını davam etdirir. Sadəcə məlumat verim ki, aprel hadisələrindən sonra İngiltərə hökuməti dərhal təcili təxirəsalınmaz əməliyyatlar üçün BMT vasitəsi ilə agentliyə 105 min funt-sterlinq maliyyə yardımı etdi. Həmin proses bu ilin martınadək davam edirdi. Sonra ikinci mərhələ, yenə İngiltərə hökuməti tərəfindən iyul ayının 1-dən başlayaraq 2018-ci il martın sonunadək davam edəcək.Yenə 105 min funt-sterlinq ayırıb. ABŞ, Türkiyə, İsveçrə və çoxsaylı digər ölkələr var ki, həmin donor ölkələrə, təşkilatlara çox böyük təşəkkürümüzü bildiririk. Hər bir mina, hər bir partlamamış hərbi sursat azı bir adamın həyatıdır. Bu il Ceyrançöl layihəsinin üçüncü fazası başlayıb. Rəhbər ölkə Türkiyə olmaqla ABŞ avadanlq verir, xüsusi təlimlər keçirəcək. Donor ölkələri Almaniya, Macarıstandır. Gözlənilir ki, başqa ölkələr də cəlb olunacaq. Biz daha bir neçə layihə hazırlamışıq. Ceyrançöl layihəısi başa çatdıqdaan sonra yeni layihələr həyata keçiriləcək. Bizdə, Lənkəranda Sovet dövründən qalan mina və hərbi sursatlar problemi var. Hansı ki, o vaxtlar dənizə atılıb. Dənizdə pis hava şəraiti olanda, güclü külək olanda sahilə minalar çıxır. Biz onları götürürük, poliqonlarda zərərsizləşdiririk. Belə poliqondan biri də hava poliqonudur. Hansı ki, Ceyrançölün təxminən 20 kilometrliyində olan Sovet dövründən qalan hərbi hava poliqonudur. Sovet dövründən qalan və 2017-ci ildə Xizi rayonunun Giləzi qəsəbəsində hərbi hissədə partlayış nəticəsində ətrafa səpələnmiş hərbi sursatların təmizlənməsi işlərini də davam etdiririk.

Amerikaninsesi.org

 

10:05