Qəzalar törədən məmur övladları: onlar kimlərdir?

 

Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin iki nəfərin ölümü və iki nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinə görə 4 aylıq həbs edilməsi indiyədək məmur övladlarının adlarının hallandığı ilk hadisə deyil. Bəzən məmur övladlarının bahalı avtomobillərlə törətdikləri hadisələr hətta onların atalarının işdən azad edilməsinə də aparıb. Prezident İlham Əliyev məmurların uşaqlarının özbaşınalığına son qoyulması barədə xəbərdarlıqlar etsə də, çox vaxt yüksək rütbəli məmurun oğlu və ya nəvəsi həbs edilmir.

İsmayıllı hadisəsi

İsmayıllı sakinləri 2013-cü il, yanvarın 23-də İsmayıllıda icra başçısı Nizami Ələkbərovun oğlu Elxan Ələkbərov və qardaşı, keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərovun Hummer“ markalı maşını ilə "Çıraq” otelindən çıxarkən taksi sürücüsünün maşınını vurması və sürücülər arasındakı mübahisə zamanı həmin şəxsin söyüş işlətməsi səbəbilə insanların narazılığına səbəb olduğunu deyiblər.

Narazılıq növbəti günlərdə “icra başçısının istefası” tələbi ilə etiraz aksiyalarına çevrilib.

Rəsmi məlumatda isə, hadisələrin otelin inzibatçısı Emil Şəmdinov və onun tanışı Elməddin Məmmədovun sərxoş vəziyyətdə xuliqanlıq etməsi səbəbilə törədildiyini bildirilsə də, fevralın 14-də Prezident İlham Əliyev Nizami Ələkbərovu vəzifəsindən azad edib.

Eyni ilin oktyabr ayında prezident həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovu da vəzifəsindən azad edib. Hadisədən bir neçə gün sonra çıxış edən prezident İlham Əliyev bunu deyib: "Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər. İnsanları təhqir edirlər. Özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq". İsmayıllı hadisələrilə bağlı Ələkbərov oğullarına qarşı heç bir ititham irəli sürülməyib.

Xalq artistinin itkisi

2014-cü ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətov xalq artisti Ağasəlim Abdullayevin həyat yoldaşının və nəvəsinin ölümü ilə nəticələnmiş qəza törədib.

Bu səbəbdən o, 5 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 12 il müddətinə azadlıqdan məhrum edilib. O hadisə zamanı sərxoş olub. Hadisədən iki gün sonra isə Mübariz Mədətov tutduğu vəzifədən azad edilib. Xalid Mədətov bu ilin martında əfv edilib.

Xarici İşlər Nazirliyinin Turizm şöbəsinin rəisi Nurpaşa Abdullayevin oğlu, Azərbaycan Dillər Universitetinin tələbəsi olmuş Nicat Abdullayev 2014-cü ilin oktyabr ayında avtoxuliqanlığa görə saxlanılması ilə gündəmə gəlmişdi. O zaman, Xəzər rayon məhkəməsi onu 20 gün inzibati həbslə cəzalandırıb. 2016-cı ilin aprel və may aylarında isə mətbuatda onun Nəsimi rayonu, İzzət Həmidov küçəsindəki 3 saylı binanın sakinlərinin şikayətləri barədə məlumat dərc edilib. Nicat Abdullayevin eyvandan həyətə şüşə butulkalar, qablar atdığı iddia edilib.

Eyni ilin may ayında, yol polisinin təqibindən sonra süni tixac yaratdığı və avtoxuliqanlığa görə ona 20 gün müddətinə inzibati həbs cəzası verilməsi barədə xəbərlər yayılıb.

Lakin mətbuatda yayılan xəbərlər və ailəsinin Facebookda paylaşdığı statuslardan, Nicat Abdullayevin bu il, iyulun 23-də vəfat etdiyi aydın olub.

Bbc.com

09:59