Qurban bazarı alıcı gözləyir: “Alan yoxdur, hamı gözləyir ki, kimsə qurban kəsəndə onlara da pay verəcək”

 

Qurban Bayramı ərəfəsində hər kəsin diqqəti mal bazarına yönəlib. Hərə öz büdcəsinə uyğun qurbanlıq almağa çalışır. Bayramla əlaqədar qurbanlıq heyvanların satış yarmarkaları hələ fəaliyyətə başlamasa da, paytaxtın bəzi rayonlarında fərdi ət-kəsim məntəqələrində qurbanlıq qoyun satışı var. Bəziləri qurban kəsib qohumlara, qonşulara, ehtiyaclı insanlara paylayacaqlar.

 

Cebhe.info əməkdaşı bayramdan bir gün əvvəl qurbanlıq heyvanların qiyməti və bazarın ümumi vəziyyətini öyrənmək üçün Bakının Nərimanov rayonunda yerləşən Keşlə bazarında ət-kəsim məntəqəsinə baş çəkib. Qəssablarla söhbət zamanı məlum oldu ki, qoyunların qiymətində artım yoxdur. 3 ay əvvəl necə idisə, bu gün də o qiymətə satırlar. Satışa çıxarılan qoyunların hər biri Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən müayinə edilib: “Onu deyim ki, fərdi satış zəifdir. Hətta 1-2 gündür kilo ilə ət alan da yoxdur. Hamı bayramı gözləyir ki, kimsə qurban kəsəndə onlara da pay verəcək. Əsasən xeyriyyə cəmiyyətləri alır” - deyə qəssab əlavə edir: “Ötən il qoyun alanların sayı daha çox idi. Hətta, diri qoyun alardılar. Amma indi 1-2 kiloqram ət almaqla kifayətlənirlər”.
Başqa bir qəssaba yaxınlaşırıq. O, bizə deyir ki, quzu ətinin kilosunu 12, dana ətini isə 11 manatdan satırlar. Əlavə edir ki, qoyun diri alınacaqsa, belə olan halda ətin kiloqramı daha ucuz hesablanır: “Özünüz də görürsünüz ki, alıcı demək olar yoxdur. Ümid edirik ki, bayram günləri nəsə bir canlanma oldu. Amma indi alver yoxdur. Bu da ölkədəki vəziyyətlə əlaqədardır. Altıncı-bazar günləri əvvəllər bazarda mal-qara əlindən tərpənmək olmurdu. Son aylar isə qıtlıqdır. Bazarda qoyun-quzu yoxdur. Düşünürəm ki, Qurban bayramı ərəfəsində qiymətlərdə artım olmayacaq. Çünki hər il bayram ərəfəsində bazara xeyli sayda mal gətirilir. Ona görə də qıtlıq olmur. Kənddə tanışlarım var ki, onlar il uzunu qoyun saxlayırlar ki, yedirirlər ki, Qurban bayramında bazara çıxaracaqlar. Ona görə də qıtlıq olmayacaq. Amma əsas alıcı problemidir”.

Başqa bir qəssab isə oxucularımıza qurbanlıq qoyun seçərkən faydalı olacaq məlumat verir. Deyir, alıcılar qurbanlıq qoyun alarkən gözəlliyə üstünlük verirlər. Tükləri ağ olan qoyunlar seçməyə çalışırlar. Lakin tükləri qara olan qoyunların əti daha dadlı olur. Çünki tünd rəngli qoyunlar daha çox günəş şüası alır. Bu da onun ətinin dadlı edir. Qeyd edək ki, bu səhər saat 09:00-dan etibarən Qurban bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin İqtisadiyyat Nazirliyi ilə birlikdə Bakı şəhərində təşkil etdiyi qurbanlıq heyvanların satış yarmarkaları fəaliyyətə başlayacaq. Yarmarkalarda ilk dəfə olaraq Nazirliyin tabeliyində olan Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisələri MMC-lərdə yetişdirilən xırda buynuzlu erkək heyvanlar satışa çıxarılacaq. Xatırladaq ki, ötən ilin Qurban bayramı ərəfəsində qoyun ətinin kiloqramı 10 manata idi.

Aytən

Cebhe.info

 

10:27