Qubad İbadoğlu: “Beynəlxalq Bankda böyük maxinasiyalar olub”

Qubad İbadoğlu: Beynəlxalq Bankda böyük maxinasiyalar olub və bunu “əsrin korrupsiyası” adlandıranlar yanılmırlar

Beynəlxalq Bankın ilin I yarısına aid audit hesabatında bildirilir ki, 2016-cı ildə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin toksik aktivlərinin “Aqrarkredit” QSC-yə ötürülməsinin birinci mərhələsi uğurla başa çatıb. Audit “Deloitte” şirkəti tərəfindən aparılıb. Məlumatda bildirilir ki, birinci mərhələ çərçivəsində bankın balansından çıxarılan problemli aktivlərin həcmi 9 milyard 930 milyon manat həcmindədir. Məlumata görə, I mərhələdə bankın balansından çıxarılan problemli aktivlərinin əksəriyyəti xarici valyutada olub. Hazırda ikinci mərhələnin aparılması müzakirə olunur. İkinci mərhələnin 2017-ci ilin I yarısında tamamlanması planlaşdırılır. Ekspertlər Beynəlxalq Bankın 10 milyard manata yaxın "Aqrarkredit"ə transfer olunan problemli kreditlərin “silindiyini” iddia edirlər. Məlumata görə, 13 iri müştəriyə 4,6 milyard manat kredit verilib. 13 iri müştəriyə bu qədər vəsaitin verilməsi çox təəccüblüdür. Beynəlxalq Bank həmin müştərilərin o məbləği qaytara bilməsi üçün araşdırma aparıbdırmı? Ümumiyyətlə, 13 müştəriyə bu qədər vəsaitin verilməsi bir çox suallar doğurur.
Məsələyə münasibətini öyrənmək üçün müraciət etdiyimiz tanınmış iiqtisadçı alim Qubad İbadoğlu bildirdi ki, Beynəlxalq Bankın ən yaxşı çıxış yolu bankın özəlləşdirilməsi idi: “Təbii ki,bu problemli kreditlərin həcminə görə, bankı özəllədirmək o qədər asan deyil. Amma dövlət bu yükü üzərinə götürməklə, bir növ ciddi şəkildə maliyyə sərf etmək məcburiyyətində qaldı. Mən hesab edirəm ki, Beynəlxalq Bankın indiki seçilmiş yolu dügün yol deyil. Əgər Beynəlxalq Bankın problemli kreditlərinin ümimi kredit portfelində payı 15-20, ən çoxu 30 faiz olsaydı, yenə buna getməyə dəyərdi. Amma bu qədər böyük problemli kredit portfelinə malik olan bir bankda dövlətin sağlamlaşdırma üçün vəsait sərf etməsini düzgün qəbul etmirəm. Təbii ki, Beynəlxalq Bankı müflis etmək olmazdı. Çünki bankın kifayət qədər öhdəlikləri var. O cümlədən, vətəndaşlarımız, əmanətçilər qarşısında öhdəliyi var. Düşünürəm ki, Beynəlxalq Bankın sağlamlaşdırılmasna gedilməli idi. Amma indiki halda metodu düzgün qiymətləndirmirəm. Artıq Beynəlxalq Bankda böyük maxinasiyalar olub. Beynalxalq Bankdakı maxinasiyaları “əsrin korrupsiyası” adlandıranlar yanılmırlar. Həqiqətən orada geniş imkanlar olub ki, o vəsait talan, israf olunsun. Ona da nail olubdular”.
Q.İbadoğlu vurğuladı ki, heç bir qanunla, heç bir idarəedicilik üsulu ilə 13 adama 4,6 milyard manat kredit verilməsini izah etmək mümkün deyil: “İri kreditlər Mərkəzi Bankın, Maliyyə Nazirliyinin nəzarətində olmalıydı. Çünki iri kreditlərin riskləri də böyükdür. Belə çıxır, Beynəlxalq Bank Maliyyə Nazirliyi və Mərkəzi Bankdan qərarlara daha təsirli olub”.

Şamo Emin
(Hurriyyet.org)

12:09