Qubad İbadoğlu: Azərbaycanla tərəfdaş ölkələrin statistikası düz gəlmir

 

İqtisad elmləri doktoru Qubad İbadoğlu "Facebook" səhifəsində Azərbaycanla 10 tərəfdaş ölkənin idxal əməliyyatlarına dair məlumatlar əsasında güzgü statistikası metodologiyası ilə eyni göstəricilər arasındakı fərqləri təqdim edib. Onun araşdırmasına əsasən, 2015-ci ildə dövlət büdcəsi gömrük ödənişlərindən ən azı 1,3 milyard manat vəsait itirib.

Ekspert sübut kimi Azərbaycanın əsas ticari tərəfdaşlarının məlumatlarının cədvəlini təqdim edib Dövlətstatkom hələlik İbadoğlunun araşdırmasını şərh etməyib. "Əvvəlki hesablamarla müqayisə əsasında qeyd edim ki, bu dəfə fərq ötən illərlə müqayisədə azalsa da (hesab edirəm ki, bu da obyektiv səbəbdən baş verir, çünki ümumilikdə idxal da aşağı düşüb) yenə də əhəmiyyətlidir. Bəzi ölkələr (İsrail, Gürcüstan, Macarıstan, Britaniya və Türkiyə) üzrə fərq isə keçən illərlə müqayisədə, əksinə daha da böyüyüb.

Yekun hesablamalar göstərir ki, 10 ticarət tərəfdaşı ilə idxal əmliyyatlarında qeydiyyata düşməyən ticarət dövriyyəsi 2 milyard 30 milyon dollardan çoxdur ki, bu da həmin ölkələr üzrə idxal əməliyyatlarının orta hesabla hər 3 dollarından 1 dollarının qeydiyyata salınmaması və ya gömrük dəyərinin ən azı 30 faiz azaldılması nəticəsində mümkündür", deyə o yazıb.

 Məsələn, Q.İbadoğlu bildirir ki, Gömrük Komitəsinin məlumatına görə, 2015-ci ildə Azərbaycanın Belarusla əmtəə dövriyyəsi 83 mln. 630 min dollar olub. Amma Belarusun məlumatına görə, bu göstərici 137 mln 846 min dollardır. Başqa sözlə, rəqəmlərdə fərq 54 mln 216 min dollardır. Almaniya ilə rəqəmlərdə fərq 80 mln 283 min dollar (Azərbaycan 690 mln 082 min dollar, Almaniya 770 mln 365 min dollar), Rusiya ilə 238 mln 263 min dollardır (Azərbaycan 1 mlrd 437 mln 901 min dollar, Rusiya 1 mlrd 676 mln 164 min dollar).

TURAN İA

12:01