Qərar dəyişdi: “Turan”ın 7 illik fəaliyyəti araşdırılacaq

 

Vergilər Nazirliyi Azərbaycanda yeganə müstəqil informasiya məkanı olan “Turan İnformasiya Agentli”yinin fəaliyyətinin daha geniş dövrünü araşdırmaq qərarına gəlib

Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti Turan İnformasiya Agentliyinin 2014-cü ildən 2016-cı ilə qədər olan fəaliyyətinin yoxlanılması haqqında 7 avqust tarixli qərarını ləğv edib.
 

İndi departament 1 oktyabr 2010-cu ildən 1 avqust 2017-ci ilə qədərki dövr üzrə cinayət təhqiqatı aparılması haqqında qərar qəbul edib. Bu barədə qərar bu gün Agentliyin direktoru Mehman Əliyevə təqdim edilib. Bu zaman araşdırma dövrünün genişləndirilməsi barədə heç bir izahat verilməyib. Yalnız qeyd edilib ki, bu qərar "Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin 16 avqust 2017-ci il tarixli xidməti məruzəsi əsasında" qəbul edilib.

Vergi əməkdaşları agentlikdən sentyabrın 5-nə qədər 1 oktyabr 2010-cu ildən 1 avqust 2017-ci ilə qədər olan dövr üçün agentliyin maliyyə-təsərrüfat fəaliyyəti haqqında sənədlərin təqdim edilməsini tələb ediblər.

Xatırladaq ki, avqustun 16-da sözügedən departamentin nümayəndələri Turan-ın ofisində axtarış aparıblar, 2014-2016-cı illərə aid maliyyə sənədlərini, bir sıra digər sənədləri və mühasibin kompüterini götürüblər. Agentliyin iqtisadi xəbərlər şöbəsinin müdiri Hafiz Babalı sözügedən departamentdə şahid qismində dindirilib.

Turan Agentliyinin vəkili Fuad Ağayev Vergi Cinayətləri Departamentinin yeni qərarının da əvvəlki qərar kimi əsassız olduğunu qeyd edib. Bu qərarlar bir-birinə ziddir və hər ikisində vergi təqibi əsaslandırılmır. Bundan başqa, qanunvericiliyin tələblərinə əsasən, yalnız son üç ilə aid vergilər hesablana, maliyyə cəzaları tətbiq edilə bilər. Ağayev deyib ki, ya Turan-ın vergi departamentinə qarşı məhkəməyə təqdim etdiyi iddia ərizəsinə dəyişiklik ediləcək, ya da daha bir iddia ərizəsi veriləcək.

Muxalifet.az

20:56