QMİ Həcc qiymətini “dəvə belinə” qaldırdı

Şeyxin monopoliyasından müdhiş faktlar

Şeyxin monopoliyasından müdhiş faktlarQafqaz Müsəlmanları İdarəsi (QMİ) builki Həcc ziyarətinin qiymətini açıqlayıb. Belə ki, hacı olmaq istəyənlər üçün bir nəfərlik ziyarət paketinin qiyməti 3850 ABŞ dolları civarındadır. Bu da təxminən 7600 manat edir. Eyni zamanda, builki Həcc mövsümündə azərbaycanlı zəvvarlar üçün 600 nəfərlik kvota nəzərdə tutulur. QMİ Həcc ziyarətinin gerçəkləşməsi ilə bağlı qiymətləri insanların iqtisadi durumuna görə müəyyənləşdirməyib. Dini Qurumlar üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev da modern.az-a açıqlamasında səslənən suallara cavab verib.
“Həcc ziyarətinin qiymətlərinin yüksək olmasını Qafqaz Müsəlmanları İdarəsi müəyyən edir. 7-8 il bundan qabaq “Dini Etiqad Azadlığı haqqında” qanuna bu məsələ əlavə olundu və Həcc ziyarəti, onun qiyməti yalnız QMİ-nin səlahiyyətinə aid edildi. Ona görə də digər şirkətlərin Həcc ziyarətinə insan aparması qanunla qadağandır. Hər hansısa şirkətlərin olması qanunaziddir. Həcc ziyarətini yalnız QMİ yolu ilə həyata keçirmək olar”.
Rafiq Əliyev, QMİ ilə digər şirkətlər arasında yarana biləcək rəqabət məsələsinə də toxunub: “Əslində, qiymətlərin yüksək olması ilə bağlı hər hansı təklifin edilməsi yalnız rəqabətlə müəyyənləşir. Rəqabətin olmaması səbəbindən qiymətləri yalnız bir adam təşkil edir. İkinci təklifdən söhbət belə, gedə bilməz. Rəqabət olmayan bir şəraitdə bazarda qiyməti əgər monopolist müəyyən edirsə, onun da dediyi olur. Bu da o anlama gəlir ki, maddi durumuna görə Həcc ziyarətini ya gerçəkləşdirə, ya da təxirə sala bilərsən. Yəni pulun varsa gedəcəksən, yoxdursa getməyəcəksən. Eyni zamanda, rəqabət olarsa, seçim etmək imkanı da olar. Qanun o rəqabəti aradan götürür. Ona görə də qiymətlərin aşağı endirilməsi istiqamətində hər hansı təklif verməyin əhəmiyyəti yoxdur”.
QQMİ sədri Allahşükür Paşazadə bu sahə üzrə rəsmən inhisarçı və monopolistdir. Şeyxin digər şirkətlərə şans verməməsi və rəqabət mühitinin olmaması bazarda bahalaşmaya səbəb olur. Şeyxin, məlum olduğu kimi, əsas gəlir mənbələrindən biri Həcc ziyarətinin, digəri dini turizmin təşkilidir. Hər il orta hesabla 3-3,5 min azərbaycanlı Həcc ziyarətinə gedir və Azərbaycandakı Həcc qiymətləri ilə bu, heç də kiçik olmayan rəqəmlər edir. Şeyx bu biznesə şərik qoşmamağa çalışsa da, istənilən halda yeni qanun onu növbəti dəfə DQİDK-dan asılı vəziyyətə salır. Əlbəttə, istisna deyil ki, Şeyxülislam bu qanunu dəyişdirə və ya Həcc lisenziyasını yalnız öz əlində saxlaya bilər. Ancaq bunun üçün ciddi çaba göstərməli olacaq. Dolayısı ilə qarşıdakı dövrdə Həcc ziyarətinin təşkili işinə bağlı yerli turizm şirkətləri yenidən bazara daxil ola və QMİ-nin bu sahədəki monopoliyası aradan qalxa bilər. Səudiyyə Ərəbistanının Bakıdakı səfirliyindən Həcc ziyarətinin təşkilinə digər yerli firmaların da cəlb olunmasında maraqlı olduqlarını bildirmişdilər. Bununla da əslində Həcc monopoliyasının ər-Riyadla bağlantısının olmadığını, bu işdə Azərbaycan tərəfinin maraqlı olduğunu qeyd etmişdilər.

Politika.Az

12:10