Qlobal fəlakət yaxınlaşır: İçməli su qıtlığı

Avstraliyanın Yeni-Cənubi Uels Universitetinin alimləri qlobal istiləşmənin uzunmüddətli quraqlığa və içməli su qıtlığına yol açacağını bəyan ediblər.

Xudaferin.eu xəbər verir ki, elmi araşdırmanın nəticələri haqqında press-reliz “Phys.org” saytında dərc olunub.

Tədqiqatçılar 43 min meteoroloji stansiya və 160 ölkədə çay axının monitorinqini aparan 5300 məntəqənin topladığı məlumatları təfsilatlı şəkildə təhlil edib. İqlim dəyişikliyinin müntəzəm ekstremal yağıntılara təsir göstərməsinə baxmayaraq, iri çaylarda su səviyyəsinin aşağı düşməsi bir çox bölgələrdə quraqlığa yol aça bilər.  

Mütəxəssislər bu paradoksu torpağın quruması ilə əlaqələndirir. Torpaq təbəqəsinin yağıntı suları ilə təmasından sonra artıq rütubətin çaylara axması (ümumi yağıntı miqdarının 36 faizə yaxını) müşahidə olunurdusa, quru torpaq özünə daha çox su çəkir və nəticədə, çaylara normadan az qrunt suları daxil olur.

Nəticədə, torpaqlar hava temperaturunun artımı ilə rütubətini itirir. Bu, dünyanın müxtəlif bölgələrində ferma və şəhərlərin su təchizatına ciddi təhdid yaradır.

Digər yandan, normadan artıq yağıntı, yaşayış məntəqələrində faciəvi daşqınlara yol açır və içməli su hövzələrini effektiv şəkildə doldurmaq mümkün olmur.

Xudaferin.eu

17:03