"Qızlara təcavüz etmiş, yaşlıların, yeniyetmələrin burun və qulaqlarını kəsib öldürmüşdülər..."

O, 25 aprel 1969-cu ildə Bakı şəhərində anadan olub. Suraxanı rayonu 154 saylı orta məktəbdə səkkizinci sinfi bitirdikdən sonra təhsilini texniki-peşə məktəbində davam etdirərək sürücü-mexanik vəzifəsinə yiyələndikdən sonra  Gürcüstan Respublikasının Axalkalaki rayonunda yerləşən Sovet ordu hissələrindən birində  starşina rütbəsində tank komandiri kimi  xidmət  edib. Ordudan tərxis olunan Suraxanı Maşınqayırma zavodunda işə düzəlib. Qarabağ müharibəsinin başladığı ilk vaxtlarda - 1991-ci ildə milli ordu sıralarına yazılan ilk könüllülərdən biri kimi tank komandiri təyin edilib. Şuşa, Xankəndi, Daşaltı, Cəmilli istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edib. 1992-ci il mayın 8-də Şuşa-Laçın yolunda gedən döyüşlər zamanı doğulub böyüdüyü və sevdiyi doğma Vətəni Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olub. Azərbaycanın Milli Qəhrəmanı  adına layiq görülüb. Bakı şəhərində Şəhidlər xiyabanında  dəfn edilib. Vaxtilə təhsil aldığı Bakının Suraxanı rayonundakı 154 saylı orta  məktəb  onun adını daşıyır. Bakıda büstü qoyulub. 

Albert...Əmircanlı yəhudi balası. Bakı neftçisinin 10 uşağının sonuncusu... Şuşanı ölmədən tərk etməyən Milli Qəhrəman... Onu mən Ramiz Qəmbərovdan heç ayırmadım. Ramiz şuşalılar üçün nə qədər əzizdirzə, Albert də o dərəcədə qiymətlidir. 

Bu gün- aprelin 25-i Albertin doğum günüdür, 5 gün sonra- aprelin 30-u Ramizin şəhid olduğu gündür. Albertin məzarı Şəhidlər Xiyabanındadır, Ramizin məzarı Şuşada... Amma onları heç ayırmıram, Ramizi yaxşı tanısam da, Alberti heç görmədim. Amma nə sirdirdisə, mənə Ramiz və digər şəhid qardaşlarımız qədər əzizdir, sanki bir yerdə Bazarbaşında çox söhbət etmişik, olan-keçənlərdən danışmışıq, Süleymanın çayçısında kəkotulu çay içmişik... Bu qədər doğma... Bunun sirrini yalnız onun Azərbaycana və Şuşaya bağlılığı ola bilməz, nəsə fərqli bir sirr var... Bəlkə Ramizin qardaşıdır o?

Əmircana illər öncə bir hüzrə getmişdim, ilk dəfə idi bu kənddə olurdum. Azərbaycana Səttar Bəhlulzadə, Ramiz Rövşən (və daha kimlər) kimi şöhrətli sənət adamları verən kənddə yanımda oturan yerli camaatdan birinə “Albertin kəndi” deyəndə heç duruxmadı. Hətta kədər qarışıq qürurla “hə...” dedi...

Amma məncə, Albert nə yəhudilərə, nə əmircanlılara şuşalılar qədər doğma ola bilməz. Albert Aqarunov onun yalnız rəsmi ad və soyadıdır. Albert şuşalıdır, 8 mayda həlak olması o pasportu ona verdi. 

Qeyd edək ki, 3 il əvvəl  Azərbaycanın müdafiə naziri  İsrail dövlətinə rəsmi səfəri çərçivəsində bu ölkədə yaşayan Milli Qəhrəman Albert Aqarunovun qardaşı Rantik Aqarunovla görüşmüşdü. R.Aqarunov qardaşının xatirəsinə göstərilən yüksək diqqət və qayğıya görə ailəsi adından Azərbaycan dövlətinə minnətdarlığını ifadə edib.

Albert Şuşalı, 50-ci ad günün mübarək! Yaşasaydı, 50 yaşı olacaqdı, deməyə dilim gəlmədi... 5 gün sonra Ramizin əbədiyyətə qovuşduğu gün olacaq. Mən Ramiz haqda uzun illərdir yaza bilmirəm, ona nəsə deməyə üzüm yoxdur... Elə Albertə də.../ Musavat. com/

Nazim Sabiroğlu
 

12:08