Qırğızıstanda dövlət çevrilişi cəhdi: prezident Rusiyaya səfərini ləğv etdi

 

Qırğızıstan prezidenti Almazbek Atambayev MDB dövlət başçılarının Soçidə keçiriləcək görüşünə səfərini ləğv edib. Buna səbəb isə respublikada qarşıdan gələn prezident seçkiləri vaxtı bəzi siyasətçilərin qarışıqlıq yaratmaq və dövlət çevrilişinə cəhd etmək planlarının üzə çıxması olub. Prezidenti mətbuat xidmətinin məlumatında deyilir ki, çevriliş cəhdini törətmək niyyətində olan siyasətçilərin xaricdən maliyyə dəstəyi alması da müəyyən olunub. Prezident vəziyyətə şəxsən nəzarət etmək üçün səfəri ləğv etmək qərarına gəlib.

Almazbek Atambayev Soçidə MDB ölkələrinin başçılarının iclasında iştirak etməyəcək.

Bu haqda prezidentin mətbuat xidmətindən bildirilib. Qeyd edilir ki, səfərin ləğv edilməsi bəzi siyasətçilərin prezident seçkiləri günündə kütləvi qarışıqlara hazırlığa cəlb olunması faktı ilə bağlıdır.

“Prezident bəzi siyasətçilərin prezident seçkiləri günündə kütləvi qarışıqlara hazırlığa cəlb olunmasını, həmçinin onların xaricdən aldığı maliyyə dəstəyini nəzərə alaraq, ölkədə təhlükəsizliyə şəxsən nəzarət etmək üçün öz işgüzar səfərini ləğv etməyə qərar verdi”, - açıqlamada deyilir.

Atambayevin Soçi səfəri 10-11 oktyabr tarixlərinə planlaşdırılmışdı. Səfər çərçivəsində prezidentin rusiyalı həmkarı Vladimir Putinlə görüşü nəzərdə tutulmuşdu. Soçidə Qırğızıstan nümayəndə heyətinə baş nazir Sapar İsakov başçılıq edəcək. Qeyd edək ki, Qırğızıstanda növbəti prezident seçkiləri 2017-ci il noyabrın 19-da keçiriləcək.

Xudaferin.eu
Qırğızstan, “Bişkek Bürosu”

09:36